• cümə axşamı, 28 mart, 20:53
  • Baku Bakı 13°C

Altı il

13.07.20 19:42 1700
Altı il
Ukrayna bu müddət ərzində Avropaya yaxınlaşa bildimi?
Düz altı il bundan əvvəl, 2014-cü ilin iyunun sonunda yeni seçilən prezident Petro Poroşenko Ukrayna ilə Avropa İttifaqı arasında Assosiativ üzvlük barədə "tarixi” elan edilən bir razılaşmaya imza atdı. O zaman bu hadisənin siyasi əhəmiyyətini qiymətləndirməmək çox çətin idi: məhz əvvəlki prezident Viktor Yanukoviçin həmin sənədi imzalamaması kütləvi etiraz aksiyalarına, ardınca Avromeydan adlanan hərəkatın yaranmasına gətirib çıxardı. Digər tərəfdən imzalanan sənədin məqsədi Moskvadan tamamilə uzaqlaşmaq və Ukrayna iqtisadiyyatının Qərbə, xüsusən də Avropaya istiqamətlənməsi idi.
"Kommersant” yazır ki, o zaman prezident Petro Poroşenko imzalanan sənədi Ukrayna müstəqillik əldə etdikdən sonra ikinci ən mühüm sənəd adlandırmışdı və bu gün də keçmiş prezidentin mövqeyi dəyişməyib. "Avropa İttifaqı ilə Assosiativ razılaşmaya imza atmaqla Ukrayna Avropa dövləti kimi demokratiyanın və qanunun aliliyi ilə bağlı ümumi dəyərləri bölüşür. Özünün Aİ-yə gələcək üzvlüyü ilə bağlı suveren seçimini müəyyən edib”, - deyə o bildirib. Avropa ilə Assosiativ üzvlüyün tərəfdarları vaxtilə daim qeyd edirdilər ki, bu sənəd imzalanandan sonra Ukrayna iqtisadiyyatında pozitiv dəyişikliklərin şahidi olacağıq. Ölkəyə milyardlarla investisiyalar, Ukrayna mallarının varlı Avropa bazarlarına daxil olmasını vəd edirdilər. Bundan sonra da gurultulu iqtisadi çiçəklənmə olacaqdı. "Avropa İttifaqı ilə bu cür razılaşma sizin hər biriniz üçün nə deməkdir? Bu, əmək haqlarının beş dəfə yuxarı olması deməkdir. Bu, müasir tibb deməkdir və hər kəsin cibinə uyğun olacaq. Bu, yüksək texnologiya deməkdir, güclü investisiya, böyük bazar, ucuz kreditlər, yeni iş yerləri deməkdir. Bu hər bir ukraynalının Avropaya vizasız gediş-gəlişi deməkdir”, - deyə gələcək baş nazir Arseni Yasenyuk bildirmişdi. Rifah halının tezliklə baş verəcəyi gözlənilirdi. O vaxtdan altı il keçib. Bu gün artıq Ukraynanın avrointeqrasiyasının nəticələrini analiz etmək olar.

Xarici ticarət

İlk baxışda belə təəssürat yaranır ki, "avromaydançıların” ümidləri heç olmasa xarici ticarət planında özünü doğruldub. Həqiqətən də 2013-cü ildə Avropaya Ukraynadan (Krım və nəzarət altında olmayan Donbas nəzərə alınmamaqla) 16,8 mlrd. dollarlıq mal ixrac olunub. Aİ-dən Ukraynaya ixrac elə həmin il 28,3 mlrd. dollar təşkil edib. 2019-cu ildə Ukraynadan Aİ-yə artıq 20,8 mlrd. dollarlıq mal ixrac olunub. Belə baxanda, faktlar göz önündədir. Lakin nüanslar var. Birincisi, Ukraynanın bütün ölkələrə ixracı 2013-cü ildən 2019-cu ilə kimi 62 mlrd. dollardan 50 mlrd. dollara düşüb. Enmə ilk növbədə MDB ölkələrinə, xüsusən də Rusiyaya görə baş verib. Əgər 2013-cü ildə Rusiya 15 mlrd. dollarlıq mal alırdısa, 2019-cu ildə bu rəqəm 3,2 mlrd. təşkil edib. İtki təqribən 11 mlrd. dollar təşkil edib. Gəlinən qənaət budur ki, Ukraynanın Qərb bazarlarında möhkəmlənməsi itkilərin qarşısını ala bilməyib. Maraqlıdır ki, heç də hamı bunu problem saymır. Məsələn, Poroşenko Rusiyaya ixracın azalmasını böyük nailiyyət adlandırır. Əlavə edib ki, Rusiyanın ixrac payı 33 faizdən indi 7,7 faizə düşüb və artıq Ukraynaya təzyiq etmək rıçaqları yoxdur.

Bu müddət ərzində Ukraynanın dövlət borcu necə dəyişib?

Bununla yanaşı, qeyd edilir ki, Aİ-yə ixracın həcminin artması heç də Assosiativ üzvlüklə bağlı deyil. Məsələn, 2007-ci ildən 2013-cü ilə kimi 14,7 mlrd. dollardan 17-yə yüksəlib. Ukraynalı deputat Viktor Bondar hələ keçən il bildirirdi ki, "Avropa iqtisadi razılaşmalar məsələsində başımızın altına yastıq qoydu. Onlar bizə məhsullarımızın daşınması ilə bağlı kvota təqdim edirlər. Ukrayna hər ilin ilk ayları ərzində bunları seçir. Vəd olunan və uzun müddətdir ki, gözlənilən xarici investorların da gəlişi baş tutmadı”. Məsələn, 2013-cü ildə Ukrayna iqtisadiyyatına investisiya yatırımı 5,46 mld. dollar idi, 2019-cu ildə bu göstərici 2,53 mlrd.-a düşüb. Yəni iki dəfə az. Bu müddət ərzində Rusiya investorlarının ölkə ərazisindən uzaqlaşması baş verdi. Həqiqətən də Ukrayna iqtisadiyyatına Rusiya investisiyalarının həcmi altı il ərzində 3,5 mlrd. dollardan 600 mln. dollara düşüb. Avropa investorları da Ukraynadan mümkün qədər məsafə saxlamağa çalışırlar. 2014-2016-cı illərdə Avropa investisiyalarının Ukrayna iqtisadiyyatında həcmi 41 mlrd. dolardan 26 mlrd-a düşüb. Paradoksal haldır, lakin Avropa investorları üçün Ukrayna Assosiativ üzvlük haqında sazişi imzalayana qədər maraqlı idi. Məsələn, Finlandiyanın əksər müəssisələrinin bu ölkə ərazisindəki obyektləri bağlanıb. Ukraynadakı "törəmə” müəssisələrini bir sıra Avropa bankları da bağlayıb. Xüsusən də, Ukrayna regionlarına investisiyaların həcmində azalma var. Məsələn, 2013-cü ildə Xarkova 2,2 mlrd. dollar investisiya yatırılıb. 2019-cu ildə isə bu rəqəm 652 mln. dollar təşkil edib.

Turizm və miqrasiya

Assosiativ üzvlük barədə sazişin əsas nəticələrindən biri Ukrayna ilə vizasız gediş-gəliş barədə idi. Əvvəlcə söhbət yalnız qısamüddətli səfərlərdən gedirdisə, sonradan bəlli oldu ki, bir çox Avropa ölkələri Ukraynadan ucuz işçi qüvvəsinin öz bazarlarına daxil olmasına müsbət yanaşır. Polşa, Çexiya və bir sıra ölkələr ukraynalıların əmək qabiliyyətini leqallaşdıran xüsusi proqramlar işə saldılar. O zamankı prezident Poroşenko bildirirdi ki, bundan sonra istənilən ukraynalı azad şəkildə, məsələn, Vyanaya gedə bilər. Əcnəbi turizm ukraynalılar arasında populyarlaşmağa başladı. Əmək miqrasiyası sahəsində isə problemlər yaşandı. Ukraynada fəaliyyət göstərən Alman Məsləhət Şurasının məlumatına görə, 2012-ci ildə Aİ ölkələrində 800 min ukraynalı çalışırdısa, bu rəqəm 2017-ci ildə 1,18 mln-a yüksəldi. Ötən ilin ilk doqquz ayı ərzində isə bu rəqəm 4 mln. təşkil edir. Maraqlıdır ki, əvvəl miqrasiya əsas kənd yerlərində idisə, indi artıq inkişaf edən Qərb regionları üçün də xarakterikdir.
Beləliklə, mövcud vəziyyətə sadə ukraynalının nöqteyi-nəzərincə qiymət versək, onda avrointeqrasiya başlanandan bəri həyat tərzi yaxşılaşmayıb. Rəsmi məlumata görə, 2013-cü ildə ukraynalı bir aya orta hesabla 559 (4470 qrivna) dollar qazanırdı. 2018-ci ildə bu rəqəm 366 dollara düşüb. Ukraynalılar kütləvi şəkildə az yeməyə başlayıblar. Kriminogen vəziyyət də yaxşılığa doğru dəyişməyib. Ağır cinayətlərin sayı 2013-cü ildə 13776 olmuşdusa, 2019-cu ildə bu rəqəm 16 minə çatıb. Elə Aİ-nin özü də altı ilə yekun vurarkən bəyan etmişdi ki, əsas nailiyyət vizasız gediş-gəlişlə bağlı olub.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər