• çərşənbə axşamı, 19 mart, 14:58
  • Baku Bakı 8°C

Ali Baş Komandan şəhid ailəsinin ən böyük hamisidir

31.01.19 20:06 1350
Ali Baş Komandan şəhid ailəsinin ən böyük hamisidir
Azərbaycanın iqtisadi qüdrətinin artması həm ölkənin müdafiə potensialının gücləndirilməsi, həm də hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsi üçin şərait yaradıb. Müxtəlif vaxtlarda hərbçilərin xidmət, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi və digər istiqamətlər üzrə məqsədyönlü tədbirlər həyata keçirilib. Bu çərçivədə şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də mühüm işlər görülüb. Ölkəmizdə şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar nəticəsində indiyə qədər bu kateqoriyalardan olan vətəndaşlara 6654 mənzil təqdim edilib, o cümlədən, 2018-ci ildə şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil verilib. 2019-cu ildə isə həmin vətəndaşlara ən azı 800 mənzilin təqdim olunması nəzərdə tutulur. Eləcə də bu vaxta qədər müharibə əlillərinə 6144 avtomobil verilib.

Bununla yanaşı, şəhid ailələrinə və müharibə əlillərinə, Milli Qəhrəmanlara Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün məbləği ötən dövrdə mütəmadi olaraq artırılmaqla Milli Qəhrəmanlar üçün 1500 manata, şəhid ailələri üçün 242 manata, müharibə əlilləri: I qrup əlillər üçün 182 manata, II qrup əlillər üçün 158 manata, III qrup əlillər üçün 121 manata çatdırılıb. Prezident təqaüdü ilə yanaşı, müharibə əlillərindən böyük əksəriyyəti əlilliyə görə əmək pensiyası, pensiya hüququ olmayan az bir qismi isə əlilliyə görə müavinət alırlar. Əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə və müharibə əlillərinin uşaqlarına aylıq sosial müavinət verilir. Şəhid ailəsi və Milli Qəhrəman ailəsi üzvlərinə əmək pensiyası təyin olunarkən əlavə də hesablanır, həmçinin şəhid ailələrinin və müharibə əlillərinin uşaqları dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli təhsil aldıqda təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir.

Qeyd olunanlara onu da əlavə edək ki, 2018-ci ildə keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra Prezident İlham Əliyevin imzaladığı ilk fərman şəhid ailələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi ilə bağlı olub. Bu da həmin ailələrin sosial müdafiəsinin yaxşılaşdırılmasının dövlət başçısının uğurlu siyasətinin başlıca məqsədlərindən biri olduğunu bir daha təsdiq edib, ictimaiyyət tərəfindən böyük rəğbət və məmnunluqla qarşılanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində indiyədək artıq 3758 şəhidin 5144 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub və onlardan 3100 şəhid üzrə 4200 vərəsəyə ödəniş edilib.
Dövlət başçısının 28 yanvar 2019-cu il tarixli fərmanı ilə birdəfəlik ödəmə verilən şəhid vərəsələrinin əhatə dairəsinə 1997-ci ilin avqust ayının 2-dək şəhid olmuş əlavə 2725 nəfərin, o cümlədən vərəsələri 11 000 manatdan az sığorta ödənişi almış 2264 şəhid hərbi qulluqçunun və 461 şəhid polisin vərəsələri də daxil edilib. Beləliklə, vərəsələrinə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhidlərin sayı 12 268-ə çatıb. Bunun üçün ümumilikdə 135 milyon manat vəsait nəzərdə tutulub.

Ən nəhayət, şəhid ailəsinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə Prezident İlham Əliyev 30 yanvar tarixində "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında” daha bir fərman imzalayıb. Həmin fərmanla 2019-cu il fevralın 1-dən şəhid ailələrinə verilən prezident təqaüdünün məbləği 58 manat artırılaraq 300 manata çatdırılıb. Beləliklə də respublika üzrə 12 mindən çox şəhid ailəsinin təqaüdləri artırılıb. Onu da qeyd edək ki, 2007-ci ildən etibarən şəhid ailələrinə verilən təqaüdlərin məbləği ümumilikdə 3 dəfə artırılıb. Bütün bunlara əlavə olaraq, dövlət başçısı İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın yanvarın 28-də Prezident Administrasiyasında şəhid ailələri ilə görüşməsi də mühüm əhəmiyyət kəsb edən hadisədir. Bu, şəhid ailələrinə böyük diqqət və qayğının növbəti təcəssümüdür. Prezident İlham Əliyev öz davranışı, fikirləri, səmimiyyəti ilə şəhid adına, şəhid ailəsinə böyük hörmət və ehtiram göstərdiyini növbəti dəfə nümayiş etdirib. Xalqa xidmət etməyi özü üçün şərəf bilən ölkə başçısı davranışı ilə bütün cəmiyyətə, o cümlədən məmurlara əsl nümunə olub. Eyni zamanda onun bu davranışı əlində silah Azərbaycanın keşiyində dayanan mərd oğul-qızlarımızda mənəvi-psixoloji ruhu daha da artırıb, gənclərimizə Vətənə məhəbbət hissi aşılayıb.

Millət vəkili, tarixçi-alim Fəzail İbrahimli "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, Prezident İlham Əliyev hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşıb. Onun sözlərinə görə, dövlət başçısının şəhid ailələri ilə son görüşü, imzaladığı fərmanlar bu reallığı növbəti dəfə ortaya qoyur. Millət vəkili deyib ki, qeyd edilən görüş və orada yaşananlar diqqət və qayğı ilə bərabər, böyük mənəvi-tərbiyəvi əhəmiyyətə, sözlə ifadə edilə bilməyəcək dəyərə layiqdir: "Prezident fərmanlar imzalayıb, icrası təmin edilir. Amma buna qədər atılan addımlar var. Həmin addımlar insani, humanist, böyüklük addımlarıdır. İnsanları duymaq, yaşadıqlarına hörmətlə yanaşmaq, şəhid adına dəyər vermək, onu uca tutmaq məramı var bu addımlarda. Bu addımlardan irəli gələrək imzalanan sənədlər eyni zamanda vətəndaş mövqeyinin, insan ürəyinin böyüklüyünün ifadəsidir. Gəlin görək, kimlərə qarşıdır belə özəl münasibət? Oğlu şəhid olmuş anaya, ataya, həyat yoldaşını itirmiş Azərbaycan qadınına, valideynini itirmiş şəhid oğluna və qızına qoyulan hörmətdir bu. Şəhidlərin ailə üzvləri öz əzizlərinin Vətən yolunda qurban getdiyini anlayır, onlarla qürur duyurlar. Bu qürurlu insanlarımıza dövlət başçısı tərəfindən böyük diqqət və qayğı, mənəvi dəstək göstərilir. Dövlət rəhbəri ayağa durmağa çətinlik çəkən şəhid anasına şəxsən yaxınlaşır, onun qarşısında əyilərək birdəfəlik yardım kartını verir. Yaxud, tribunada çıxış edən şəhid atasının danışığındakı fasilədən onun qəhərləndiyini hiss edən dövlət başçısı ağsaqqal ataya yaxınlaşır, ona səmimi münasibət göstərir. Şəhid atası doğma övladı kimi onun boynunu qucaqlayır. Bütün bunlar şəhid valideyninə ölkənin ali rəhbəri səviyyəsində qoyulan hörmətdir. Eyni zamanda bu, müharibə şəraitində yaşayan, torpaqlarını müharibə yolu ilə işğaldan azad etməyə hər an hazır olan Azərbaycan Ordusu, hərbçilərimiz üçün böyük ruh yüksəkliyidir. Hərbçilərimiz baxıb görürlər ki, Ali Baş Komandan, dövlət başçısı şəhid ailəsinin ən böyük hamisidir”.

Ehtiyatda olan polkovnik İbrahim Rüstəmli də hesab edir ki, Azərbaycanda şəhid ailələrinə daim diqqət və qayğı göstərilib. Onun fikrincə, ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrini dünyanın 50 ən güclü orduları sırasına ucaldıb. İ.Rüstəmli bildirib ki, ordu quruculuğu ilə paralel olaraq, şəxsi heyətin sosial problemlərinin həllinə də hər zaman həssas yanaşılıb: "Silahlı Qüvvələrimiz bu gün ən müasir silah-sursatla təmin edilib. Lakin unutmaq olmaz ki, orduda insan amili silah amilindən az rol oynamır. Yəni, şəxsi heyətin mənəvi-psixoloji ruhunun yüksək olması vacib məsələdir. Hərbçilərin sosial problemlərinin həlli, xüsusən də şəhid ailələrinə ölkə başçısı səviyyəsində göstərilən diqqət və qayğı, bu kateqoriyadan olan insanlara cəmiyyət tərəfindən hörmətlə, ehtiramla yanaşılması hərbçilərimizin Vətənə, xalqa, dövlətə məhəbbətini daha da artırır. Onların gözləri arxada qalmır, Vətənin keşiyində daha ayıq-sayıq dayanır, düşmənə qarşı mübarizədə daha qətiyyətli olurlar. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin şəhid ailələri ilə görüşdə səsləndirdiyi fikirlər, onun davranışları hər bir hərbçi tərəfindən rəğbətlə qarşılanır. Hər bir əsgər prezidentlə görüşən şəhid anasını, şəhid atasını öz valideyni hesab edirdi. Bu kimi hadisələr ordumuzun şəxsi heyətinin əzmkarlığını artırır. Biz bu kimi halların dəfələrlə şahidi olmuşuq”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər