• cümə axşamı, 25 aprel, 03:23
  • Baku Bakı 19°C

Al Bano Azərbaycandan üzrxahlıq edib

07.11.13 16:03 1444
Al Bano Azərbaycandan üzrxahlıq edib
Azərbaycan Xarici İşlər Nazirliyinin “arzuolunmaz şəxslər” siyahısında adı olan dünya şöhrətli müğənni Al Bano Azərbaycanın İtaliyadakı səfirliyinə məktubla müraciət edib. Bu barədə APA-ya Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib.
E. Abdullayev bildirib ki, sənətçi müraciətində adının “qara siyahı”da olmasından təəssüfünü ifadə edib: “Al Banonun adı Azərbaycan Xarici İşlər Nazirliyinin “arzuolunmaz şəxslər” siyahısındadır. İtaliyalı müğənni müraciətində ümumiyyətlə, regionda mövcud olan problemdən, Ermənistan-Azərbaycan münaqişəsindən xəbərsiz olduğunu vurğulayıb, Azərbaycan Respublikasına böyük hörmət və rəğbət bəslədiyini bildirib. O, siyasi məqsəd güdmədiyini, bir musiqiçi olduğunu qeyd edib. Azərbaycana yenidən səfər etməyin onun üçün keçmişdəki kimi böyük şərəf olduğunu, gözəl Azərbaycan xalqına öz musiqisini və dərin ehtiramını təqdim etdiyini, Azərbaycan tərəfinin onun bu şərəfə yenidən nail olmasına imkan verəcəyinə ümid bəslədiyini söyləyib”.
E. Abdullayev rəsmi Bakının Al Banonun müraciətinə baxacağını deyib: “Bilirsiniz ki, Azərbaycan bu məsələyə çox ciddi və həssaslıqla yanaşır. Biz “arzuolunmaz şəxslər”in siyahısını dərc edəndə də bəyan etmişdik ki, orda adı olan şəxslər işğal olunmuş ərazilərə səfərlərindən peşmançılıq keçirdiklərini və ölkəmizə hörmət və rəğbətlərini ifadə etdikləri təqdirdə, rəsmi Bakı həmin şəxslərin siyahıdan çıxarılması məsələsinə baxacaq. Bu siyahı əbədi deyil”.
Al Banonun adının siyahıdan çıxarılması qərarına gəldikdə, E. Abdullayev XİN-in internet saytındakı siyahını izləməyi məsləhət görüb.
Qeyd edək ki, San-Remo Festivalının iştirakçıları və qalibləri olmuş Al Bano və digər məşhur sənətçilər dekabrın 18-də Bakıda ilk dəfə çıxış edəcəklər.
banner

Oxşar Xəbərlər