• çərşənbə axşamı, 19 mart, 14:13
  • Baku Bakı 8°C

Ailənin müqəddəs təsviri

23.09.19 13:00 1290
Ailənin müqəddəs təsviri
"Anna Karenina” romanında "ailə düşüncəsi” insan münasibətlərində saysız tipləri vurğulamağa müvəffəq olan müəllif üçün əsas məsələ olmuşdur. Hadisələr Oblonskilərin evində başlayır. Sonrakı səhnələrdə təsvir edilən ərinin həssaslığı Annanın həyatını məhv edir. Əsərdəki digər qadın obrazları Betsi Tverskaya, Liza Merkalova, Safo Ştolts azad yaşayır, məşuqlarının sayı-hesabı yoxdur. Təkcə Levinin gənc ailəsində hələ ki, hər şey qaydasındadır, müntəzəmdir. Burada həmçinin utandığından arvadı ilə yaxınlıq etməyən, amma yavaş-yavaş sabit şəkildə yaşamağa məcbur qalan kəndlinin ailə həyatının təsvirindən də zövq almaq mümkündür.
Tolstoyun fikrincə, qadın zəif qüvvə hesab edilsə də onun ailənin həyatındakı rolu son dərəcə əhəmiyyətlidir. Ailə prinsipləri və dəyərləri hətta ali cəmiyyətdə də yoxa çıxmırdı, sadəcə islahatlar gedirdi. Əksər hallarda ər ailə başçısı, arvadı onun köməkçisi idi, övladlar valideynlərə pərəstiş edirdi. Arvad heç olmasa cəmiyyət arasında ərinə ehtiram nümayiş etdirməli idi.
Paytaxtdan uzaqlıq ənənənin təsirinin güclü olması deməkdi. XVIII əsrin Ev qurucusu adlandırılan V.N.Tatişşev (Vasili Nikitiç Tatişşev – tarixçi, coğrafiyaçı, dövlət xadimi – 1686-1750 – X.N.) öz məşhur vəsiyyətində həyat yoldaşı (arvad) seçmək haqqında yazırdı: "həyat yoldaşı seçərkən əcdadlarından məsləhət istəmək lazımdır”. Qadına münasibətdə isə mülayimlik və mərhəmət göstərmək gərəkdir, amma onun hökmünə tabe olmaz olmaz. Həyat yoldaşları bir-birinə hörmət bəsləməli, nəzakətli olub, xoş söz söyləməli, diqqət göstərməlidir. Ədəb qaydalarına riayət etmək vacib idi. Adətən ailənin başçısı ər hesab edilirdi, lakin bəzi hallarda idarəçilik rolu qadına məxsus olurdu.
XIX əsrdə nikahlar həm sevgi, həm də maddiyyat üzərində qurulurdu. Müvafiq olaraq ailələrdəki ünsiyyət üslubları və bir-birinə müraciət formaları müxtəlif olurdu: "sən” və ya (əgər cütlük bir-birindən ruhən çox uzaqdırsa) "siz”lə...
Gəlin, romanda cütlüklərin qarşılıqlı münasibətini nəzərdən keçirək. Anna artıq səkkiz ildir ki, həyat yoldaşı və anadır, kübar cəmiyyət və insanlar arasında yüksək ağlı ilə seçilir, onda qəddarlıq, insan münasibətlərində sui-istifadə halları, ailə, ictimai şərtlər və vəzifələrin, o cümlədən, onların pozulmasının araşdırılması düşüncəsinə rast gəlinmir. Bu qadının və ananın əlbəttə ki, yaxın insanlarla möhkəm bağları, həyatda bəlli məqsədləri var. Əri bunları ona xatırlatsa, barələrində bəhs etsə belə, faydasızdır.
Vronski ilə görüş zamanı qadında heç bir tərəddüd və şübhə görünmür. Qədəm basdığı cığırın onu hara aparacağı haqqında özünə sual vermir. Bu qadın və anada təkcə Vronski ilə yaxınlıq zamanı ona hakim kəsilən yüngül utancaqlıq hissini nəzərə almasaq – özü ilə daxili mübarizənin heç bir əlaməti görünmür. Qardaşı Oblonskini xatırlatdığı bu xüsusiyyəti ilə həmin hərəkəti xarakterdəki "yüngüllük” adlandırmaq olar.
Karenin – müəllifin onu təsvir etdiyi kimi bir çox üstün keyfiyyətlərə malik insan olmasına baxmayaraq, Annanın əri ilə birgə həyatının səkkiz ili onlar arasında möhkəm, mənəvi bağlılıq yaratmadı. Ərinə münasibətdə Anna özü də hiss etmədən qeyri-səmimi duyğular bəsləyirdi – müəllif söyləyir. Anna daxil olduğu cəmiyyətin qadınları arasında seçilir, ağlı, düzlüyü, vicdanı, yalana nifrəti, mənəvi və fiziki gözəlliyi, zəngin daxili aləmi sayəsində onlardan üstün pillədə dayanırdı. Ancaq Vronski ilə görüşdən sonra Peterburqa qayıtdıqda o, bu hissi aydın şəkildə, əzabla qavradı. Anna sevmədiyi, ondan iyirmi yaş böyük şəxsə ərə getmişdi. Vronskinin maraqları və həyatda məqsədi də Anna üçün aydın deyildi, lakin hərb, atlar, yoldaşlıq ərinin inzibati, siyasi və elmi işlərlə məşğul olmasından daha rahat qavranılırdı.
Cəmiyyət Annanın Vronskini aşkarcasına sevməsinə və onun "ədalətli” adlandırılmasına etinasız yanaşa bilməzdi. Bir çoxları Annaya qarşı nifrətlərini püskürmək üçün məqam gözləyirdilər. Vronskinin anası ilk başda Karenina ilə oğlunun sevgisinə etiraz etməsə də, sonra baş verənlərə qarşı münasibətini dəyişir. Bu, çətin, cazibəli, kübarlıqdan uzaq, amma qeyri-adi, ehtiraslı, mürəkkəb münasibətdir.
Anna xoşbəxt ailə həyatı arzusundadır, amma başa düşür ki, arzusunun həyata keçməsi üçün onun imkanları həddən artıq azdır.
Həmin dövrdə cütlüklər heç də həmişə bir-birinə etibar etmirdilər. Bu, onların toya qədər bir-birini nə qədər tanımaqlarından, ümumi maraqlarının olmasından asılı idi. Əlbəttə ki, bir yandan hər iki tərəf digər yarının cəmiyyətin heyranlığına səbəb olmasını istəsə də, qısqanclıq duyğusu da yaşayırdılar.
Kareninlər ailəsində "uşaq” mövzusunun təsnifatına gəldikdə onların tərbiyəsində valideynlərdən birinin daha diqqətli olduğunu qeyd etməliyik. Annanın ailədən uzaqlaşmasına qədər atanın oğlunun tərbiyəsinə xüsusi marağını görmürük. Məhz anası Seryojanın dərsləri ilə maraqlanır və uşağı tərbiyə edərkən onu sevgi ilə əhatə edir. Tolstoy romanda Annanın Seryoja ilə səhnələrinə daha çox önəm verir. Bu səhnələrdə o qədər səmimilik və incəlik var, ananın hissləri o qədər dərin və dürüstdür ki, obrazlar qarşımızda canlı təki dayanır.
Oğlu ilə ayrılan Annanın çıxılmaz vəziyyəti, əzabları, anası ilə görüşən Seryojanın sevinci – bütün bunlar bədii cəhətdən möhtəşəm təsvir edilib.
Yalnız sevgi ilə dolu, analıq vəzifəsini dərindən anlayan qadın oğlu ilə görüşü bu qədər həyəcanla gözləyə bilərdi: görüşdən aldığı fərəh və sevinc, ayrılığın əzabı nəhayətsizdir. Bədii ədəbiyyatda analıq hisslərinin, uşaq həyəcanlarının bu qədər dərindən təsvirinə dair nümunə yoxdur. Tolstoy üçün ana Anna obrazı olduqca qiymətli idi və onun yaranmasına bütün istedadını sərf etmişdi.
Seryojanın anası ilə görüşdən bir il sonrakı hərəkətləri də heyrət doğurur. Biz artıq onu gimnaziya şagirdi olaraq qarşılayırıq, o, xeyli dost qazanıb və müəllimlərin fikrincə elmləri daha yaxşı mənimsəyir. Lakin, müəllif həm də qeyd edir ki, Seryoja anasına qarşı hisslərini özündən və ətrafından gizlətməyi öyrənmişdi, hərəkətlərində dürüstlük azdır.
Övladlar valideynlərə nəvaziş və hörmətlə müraciət edirdilər: anacan, anam mənim, əzizim, onlara adətən "siz” bəzən də "sən” deyə müraciət edirlər. Valideynlər də öz sevgilərini övladlara müraciət etdikdə bəlli edirdilər: "əziz və sevimli balalarım, "ruhum mənim”, "mənim mələyim”.
Uşaqların da öz məşğuliyyəti vardı. Valideynlər övladlarına özlərinə xas düşüncə və hisslər aşılayırdılar. Əgər uşaq ailədə istilik və sevgi atmosferində yaşayırsa, uşağın maraqları valideynlərin maraqlarına çevrilirsə, əgər valideynlər müdafiəçiyə, dosta və məsləhətçiyə çevrilirsə, uşaq da böyüdükdən sonra təşəbbüs, aktivlik, müstəqillik və insanlara etibar nümayiş etdirir .
Oğlanlarla qızları müxtəlif tərzdə tərbiyə verirdilər. Qızlara fiziki cəza verilmirdi, amma hər ikisi ciddi nəzarət altında idi. Uşaq valideynləri ilə səyahət edərək bir çox şeylərdən xəbərdar olur, tez-tez yer-məkan dəyişmə və uzun yollar daha artıq məlumatın toplanmasına səbəb olurdu. Evə uzaq qohumların tərbiyə məqsədi ilə çağırılması adəti də diqqətəlayiq idi.
Valideynin uşağa münasibəti uşağın yaşından və cinsindən asılı idi. Ata-analar oğul və qızları, yeni doğulan və yeniyetmələri eyni qaydada qəbul edib münasibət bəsləmirlər. Bundan başqa, onların qarşılıqlı münasibəti konkret sosial şərtlərdən asılıdır. Beləliklə, evli cütlüklərin qarşılıqlı münasibəti onların xarakterindən, tərbiyəsindən və ən əsası sevgidən, dostluqdan, bir-birinə etibar etməsindən asılı idi. Xarici mədəniyyəti uşağın ailədə valideynləri və tərbiyəçilərindən aldığı daxili ədəb-ərkan təyin edirdi. XIX əsr uşaqlıq mədəniyyəti ünsiyyət mədəniyyətini analiz etmək nöqteyi-nəzərindən növbəti əlamətlərlə xarakterizə olunur: övladların valideynlərə hörmət və ehtiram bəsləməsi, onların pravoslav, patriot ruhunda tərbiyə alması. Onlar təbii ki, mülkədar mədəniyyətinin təmsilçiləri olmalı idilər.
XIX əsrin ikinci yarısında uşaqları ərköyün etmirdilər, amma böyüklər onlara etinasız da yanaşmırdılar, digər mədəniyyətlərin təmsilçilərini, digər dünyagörüşünə malik insanları – əcnəbi tərbiyəçiləri dəvət edirdilər, öz varislərini Vətənə layiqli vətəndaş kimi yetişdirməyə, ən əsası isə cəmiyyətdə davranışın norma və standartlarını bilən, ierarxiya pilləsində özünə layiqli yer tutmasına, imkan olduqda isə daha da yüksəklərə qalxmasına çalışırdılar. Burada biz yenidən daxili və xarici mədəniyyətlərin qarşılaması ilə üz-üzə gəlirik, uşaq davranış qaydalarını, valideynlərlə ünsiyyəti qəbul edir, bununla da valideynlərin nəciblik, alicənablıq kimi keyfiyyətləri nə qədər yaxşı inkişaf etmişsə, uşağın daxili dünyası o qədər inkişaf edər və təbii ki, onun hərəkətləri də qanunauyğun olaraq daha müsbət olar.
Kareninlər ailəsi etibarsız təməl üzərində bərqərar olduğu üçün dağılmağa məhkum oldu. Anna və Karenin maddi vəziyyət, yaş baxımından fərqlidirlər, cütlük arasında həqiqi sevgi, münasibətlərində səmimi hisslər, ümumi maraqlar yoxdur. Öz bürokratik sferasına alışmış Karenin Annanın nə hiss etdiyinin fərqinə varmır, o isə öz növbəsində ərinin maraqlarını anlamırdı və həqiqi ailə həyatının sevinclərindən məhrum idi. Kareninin yalanlarına, qeyri-səmimiliyinə, laqeydliyinə nifrət edir. Nəticədə isə ailə dağılır.
Anna kimi Karenin də xalqdan uzaqlaşan kübar cəmiyyətə məxsusdu, cəmiyyətin bu kəsiminə isə ailə münasibətlərinin iflası daha xarakterik idi.
Ada Yuryevna Çeklenkova
Mənbə: cyberleninka.ru

Rus dilindən tərcümə edən: Xatirə Nurgül


banner

Oxşar Xəbərlər