• cümə, 29 Mart, 03:20
  • Baku Bakı 7°C

Çağdaş ədəbiyyatımızda millilik

11.11.19 13:00 1293
Çağdaş ədəbiyyatımızda millilik
Azərbaycan ədəbiyyatı tarixi ölkəmiz müstəqillik qazandıqdan sonra öz çiçəklənmə dövrünü yaşadı. Düzdü, çağdaş dövr ədəbiyyatı yaranmazdan əvvəl ümumilikdə müstəqillik qazanılana qədər baş vermiş bir sıra qanlı faciələr olsa da, elə bunlar özü də zamanla ədəbiyyat tarixinə çevrildi.
Pafosdan uzaq, Azərbaycan tarixi də, ədəbiyyatının tarixi də geniş və zəngindir. Elə təkcə ədəbi müstəvidə baxmaq kifayət edir ki, bunların şahidi olaq.
Tarixi geriyə alıb bir çox dövrlərə, eləcə də xanlıqlar dövrünə nəzər salıb şanlı tariximizi görə bilərik. Və əsrlər, illər sonra yaranan bir sıra ədəbi nümunələr hər şeyi aydan arı, sudan duru ortaya qoyur.
Məhz elə bu əsərlərdə insanlarda milli əhval ruhiyyənin qaldırılmasına xidmət edirdi. Yəni bir növ ideoloji məsələlərdir həm də.
Tehran Əlişanoğlu bu barədə yazırdı ki, "İdeologiya vacibdir. O cümlədən ədəbiyyatın, sənətin, artmasındaideoloji diskursun iştirakı şəksizdir. Bunu bizə 1990-cı illərin ideoloji atmosferinin mürəkkəbliyi bir daha andırdı. Özlüyündə azad olmuş, buxovlardan qurtulmuş ədəbiyyat, sənət meydan situasiyasının təklif etdiyi qəfil, ideya bolluğundan sanki pat durumuna düşmüşdü. Ona görə yox ki, situasiya ədəbiyyat və sənət üçün maraqlı deyildi, məhz ona görə ki, Azərbaycan yazıçısı, sənətçisi, Azərbaycan insanı üçün situasiya qəfil, maraq kontekstləri isə çox idi".
Çağdaş dövr yazıçılarından olan Sabir Rüstəmxanlının da bəzi əsərlərində tarixi nəsr nümunələrini görə bilərik. Tarixi-mifoloji üslubda qələmə aldığı "Göy tanrı" əsərində oğuzların yaşam tərzini, mənəviyyatını, əxlaq aspektlərini göstərmişdir. Amma burada Oğuzların daha qədim dövrlərindən– İslami qəbul etməmişdən əvvəlki dövrlərdən söz açılır.
Sabir Rüstəmxanlının başqa bir romanı "Ölüm zirvəsi" romanı da 1804-cü ildə Gəncənin çar Rusiyası tərəfindən işğal olunmasına həsr olunmuşdur.
"Difai fədailəri” əsəri isə Difai hərəkatına həsr olunub və müsəlman-erməni qarşıdurması haqqındadır. Bu qarşıdurma bu gün də davam edir. Bu cür əsərlər təkcə keçmişlə bağlı deyil, həmçinin bu günə işıq salan əsərlərdir.
Azərbaycan ədəbiyyatında tarixi əsərlərin müəllifi kimi tanınanlardan biri də Mustafa Çəmənlidir. O, "Xallı gürzə", "Ruhların üsyanı", "Ölüm mələyi" kimi tarixi nəsr əsərlərinin müəllifidir.Məsələn, "Ölüm mələyi" tarixi romanında Səfəvilər dövlətinin şahlarından olmuş, Şah İsmayıl Xətainin oğlu I Şah Təhmasibin ömrünün son illəri və onun on doqquz il altı ay dustaq həyatı yaşayandan sonra taxta oturmuş oğlu II Şah İsmayıldan bəhs edir. Romanda həmin dövrün xarakterik obrazları göstərilmişdir. Müəllifin digər bir əsəri, "Ruhların üsyanı" povestində isə Azərbaycan tarixinin müxtəlif dövrləri qələmə alınmışdır. Qarabağ xanı İbrahimxəlil xandan və o cümlədən Molla Pənah Vaqifdən söz açan yazıçı həm də Eldəgizlər dövlətinin özündən, başçısı Atabəy Şəmsəddin Eldəgizin, bu günümüzün Şəmsəddinin, Mətləbinin canlı obrazını yaratmışdır. Əsərdə bir yer var. Hətta orada Qarabağ problemindən də söz açılıb. Həmin hissə belədir: "Əzizim İbrahimxəlil xan, elə özün də sağ ol ki, dar gündə camaatını başsız qoyub heç hara qaçmamısan. Düzdü, yadıcaların hamısı əlinə qələm alıb ən yeni tarix kitablarında yazıblar ki, Qacar ikinci dəfə Şuşaya hücum çəkəndə, guya sən əhli-əyalını başına yığıb qaçmısan. Amma hamı bilməsə də, mən bilirəm ki, bu, ağ yalandır.
Hərçənd bizim dünyagörmüş bığıburma babalarımız "igidlik ondu, doqquzu qaçmaq” deyib, amma çiynimdə oturub hər şeyi bitdə-bitdə yazan mələklər var, sənin qaçmağın barədə söylənənlər cəfəngiyatdır, vəssalam. Özü də o vaxt mənim ulu babam da sənin yanında olub, o da danışırmış, sonra sağ olsunlar, fransız yazıçıları, tarixçiləri də sənin Şuşa qalasından qaçmadığını yazırlar. İşə bax da, özgələr, lap elə bu arvadbaz firənglər səni qəhrəman zənn eləyiblər, amma biz səni qorxaq sanmışıq".
Müasir yazarlarımızdan sayılan yazıçı Elçinin də bu müstəvidə əsərləri vardır.
Onun İlyas Əfəndiyevin "Hökmdar və qızı” faciəsinin motivləri əsasında yazılmış, "Hökmdarın taleyi" kino-povesti çoxumuza məlumdur və bunun əsasında film də çəkilmişdir. Əsərdə xanlıqlar dövrünə müraciət olunur bu povestdə Qarabağ xanlığının tarixi mövzu obyekti kimi götürülmüşdür. Bu əsərdə İbrahimxəlil xan, onun siyasəti, xarici dövlətlərlə münasibəti Azərbaycanda həmişə gözü olan işğalçıların parçalamaq siyasəti göstərilib.
Eyni zamanda ermənilərin məkiri, insanlığa sığmayan hərəkətləri müəllif tərəfindən təsvir olunub.
Müstəqillik illərində bir çox tarixi əsərlər yaradan yazıçılarımızdan biri də Yunus Oğuzdur. "Nadir şah" romanda daha çox konkret faktlar yer alıb. Nadir şah heç nədən qorxmaz, cəngavər, türk dövlətlərini birləşdirməyə can atan bir tarixi şəxsiyyət kimi təsvir olunur. O,Hindistan torpaqlarını fəth edir, ləl-cəvahir, qızıllarla zəngin, Moğolların üç yüz qırxsəkkiz il topladıqları xəzinəni ələ keçirir. Bu Nadir şaha daha da güclü ordu yaratma, dünya ilə savaşmaq üçün lazım idi: "Nadir xan savadsız olmasına baxmayaraq, hərbüçün doğulmuşdu və hərb işinin dahisi idi. Müasir tarixçilər arasında onu bəzən böyükİsgəndərə, bəzən Napoleona, bəzən də Əmir Teymura bənzədənlər heç də yanılmırlar.
O, bir neçə il ərzində işğal edilmiş əraziləri azad etdi, dövlətin ərazisinə yeni torpaqlar qatdı. Bu, onun böyük hərbi strateji cəhətdən nə qədər güclü olmasına dəlalət edirdi. Onun bacarığı fitrətən idi.
Yunus Oğuzun qeyd etdiyi və tarixdən də bizə məlum olan erməni məkrliyinə burada da yer verilmişdir.
Nadir Şahın hüzuruna gələn erməni katoliki Abram şahdan bütün alban kilsələrinin Üçməzdinə tabe olmasını istəyir və bu kilsələrə xidmət etmək üçün Azərbaycana, daha dəqiq Qarabağa bir neçə erməni ailəsini köçürməyini ondan xahiş edir. Katalikos guya həmin ailələrin kilsəyə xidmət etmək məqsədilə köçürülməsini arzulayır. Nadir şah bu hiylənin əsl mahiyyətini bilməsə də, katoliki razılşamır.
Yunus Oğuzun digər bir əsəri olan "Təhmasib şah" romanı Səfəvilər dövlətinin hökmdarlarından olan Təhmasib şaha ithaf olunmuşdur.
Azərbaycan ədəbiyyatında yüzlərlə belə tarixi əsərləri misal olaraq göstərə bilərik ki, onların hər biri ayrı ayrılıqda tariximizin qədimliyini, aliliyini tərənnüm edir. Məsələn, qısaca misal olaraq qeyd olunanlardan əlavə Əzizə Cəfərzadənin "Zərrintac-Tahirə", "Aləmdə səsim var mənim", "Yad et məni" və s. Fərman Kərimzadənin "Xudafərin körpüsü", "Çaldıran döyüşü", Əlisa Nicatın "Qızılbaşlar”, Elçinin "Mahmud və Məryəm" nümunə gətirə bilərik.
Ümumiyyətlə, bütün bunların fonunda isə millilikdən, tarixdən danışaq onu deyə bilərik ki, ümumi olaraq millilik olduqca geniş bir anlayışdır və bədii ədəbiyyatda da tez-tez təsadüf olunur.
Millilik, tarixi unutmamaq bir yazıçının öz millətinə, onun keçmişinə, gələcəyinə münasibətini göstərir.
Mənə elə gəlir ki, hər bir xalq öz milli kimliyini, mənafeyini qorumalıdır.Sonda isə Mustafa Kamal Atatürkün bu sözlərini xatırlamaq istədim. "Bir yurdun ən dəyərli varlığı, yurddaşlar arasında milli birlik, yaxşı yaşamaq, çalışqanlıq duyğu və qabiliyyətlərinin olğunluğudur. Millətin varlığını və dövlətin müstəqilliyini qorumaq üçün bütün vətəndaşların canını və hər şeyini dərhal ortaya qoymağa qərar vermiş olması, bir millətin ən yenilməz silahı və qorunma vasitəsidir. Bu səbəblə türk dövlətinin idarəsində və qorunmasında milli birlik, milli duyğu və milli mədəniyyətin rolu böyükdür".
Orxan Saffari
banner

Oxşar Xəbərlər