AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

ABŞ-ın Mərkəzi Asiyaya marağı azalıb

ABŞ-ın Mərkəzi Asiyaya marağı azalıb

Siyasət
02 İyul 2020, 17:03 409
Dövlət Departamenti Özbəkistanın Aİİ ilə əməkdaşlığına qarşı çıxmır, amma...

"Birləşmiş Ştatlar Moskva ilə Mərkəzi Asiya respublikaları uğrunda rəqabət aparmaq niyyətində deyil”. Bu fikirlər ABŞ dövlət katibi Mayk Pompeonun beş Mərkəzi Asiya dövləti XİN rəhbərləri ilə (S5+1) keçirilən onlayn görüşünün yekununa həsr rolunan brifinqdə səslənib. Onlayn konfransla bağlı Dövlət Departamentində brifinq keçirilib. "Kommersant” yazır ki, onlayn-konfransın əsas mövzusu Əfqanıstandan ABŞ qoşunlarının çıxarılması, regionda iqtisadi tərəfdaşlıq məsələləri və koronavirus pandemiyasına qarşı mübarizə olub. S5+1 adlanan bu format hələ Barak Obamanın prezidentliyi dövründən mövcud idi. Donald Trampın prezidentliyi dövründə də ondan imtina edilmədi və bu formatda sonuncu görüş keçən il baş tutub. O zaman dövlət katibi Pompeo Daşkənddə beş dövlətin XİN rəhbərləri ilə görüş keçirmişdi. Bu dəfə də format əvvəlki kimi idi, lakin görüşü, Mərkəzi Asiyanı bürüyən koronavirus səbəbindən onlayn rejimə keçirməli olublar. Tədbirin yekunu ilə bağlı rəsmi bəyanatlar, sadəcə, informativ xarakter daşıyıb. Məsələn, Özbəkistan XİN-in məlumatında bildirilir ki, tərəflər regional əməkdaşlığın möhkəmləndirilməsi üzrə aktual məsələləri, müasir çağırış və hədələrə qarşı birgə mübarizə, o cümlədən koronavirusun yayılmasının qarşısının alınması məsələlərini müzakirə ediblər. Görüş barədə daha ətraflı məlumatı isə jurnalistlərə ABŞ Dövlət katibinin Mərkəzi Asiya məsələləri üzrə köməkçisi Conatan Henik verib. Onun sözlərinə görə, ABŞ üçün Mərkəzi Asiyanın müdafiə olunmuş vəziyyətdə olması, daha rifahlı region olması əlverişlidir. Eləcə də, bu ölkələrin müxtəlif variantları seçməkdə azad olmaları zəruridir. Əlavə edib ki, koronavirus böhranı şəraitində ABŞ regiona 25 milyon dollar yardım ayırıb. Diplomat qeyd edib ki, ABŞ Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə regiona əlavə vəsaitlərin ayrılması üzərində iş aparır. Brifinq zamanı Özbəkistanın Avrasiya İqtisadi İttifaqında müşahidəçi qismində iştirakına ABŞ-ın münasibətinin necə olacağı barədə suala diplomatın cavabı maraqlı olub. O bildirib ki, ABŞ Mərkəzi Asiya respublikaları uğrunda Moskva ilə rəqabət aparmaq niyyətində deyil. "Mən bu danışıqları şərh etmək istəmirəm. Çünki Birləşmiş Ştatlar Aİİ-nin üzvü dyil. Özbəkistanın iştirakı ilə diskussiyalar davam edir. Mən bir şeyi bilirəm ki, bu məsələ Özbəkistan sakinlərini narahat edir. Biz Özbəkistan vətəndaşlarının dünya bazarlarına və investisiyalarına can atmaq istəklərini dəstəkləyirik. Ümid edirik ki, insanlar da yerli blokların imkan və ticarət əlaqələrini və Ümumdünya Ticarət Təşkilatına üzvlük imkanlarını diqqətlə nəzərdən keçirəcək, daha mənfəətli yolu seçəcəklər”.
Brifinq zamanı Əfqanıstan və oradakı "Taliban”ın gələcək fəaliyyəti, onun Mərkəzi Asiya üçün təsirinin necə olacağı ilə bağlı da sual səslənib. Jurnalistlər postsovet respublikalarının ABŞ hərbi texnikasını ala bilmək imkanları ilə də maraqlanıblar. Çünki bu texnikanı okeanın o tayına daşıyıb aparmaq çox baha başa gəlir. İndiyə qədər bu texnikanın Özbəkistana verilməsi halları olub. Lakin Conatan Henik bu barədə danışmağın hələ tez olduğunu söyləyib. Əlavə edib ki, bəli, texnikanın əvvəllər Mərkəzi Asiya respublikalarına verilməsi halları olub. Lakin bu məsələlər ayrıca olaraq gələcəkdə müzakirə olunacaq. Diplomat öz tərəfdaşlarına, əfqan nizamlanmasındakı yardımlarına görə təşəkkür edib, bildirib ki, Əfqanıstanda iqtisadi əməkdaşlıq uğura gedən yolda açar rolunu oynayacaq. Brifinq zamanı Qırğızıstan vətəndaşları ilə də bağlı sual səslənib. Bu ilin fevral ayından bu ölkənin vətəndaşlarına miqrasiya vizalarının verilməsi dayandırılıb. Səbəb kimi də, burada təhlükəsizliklə bağlı problemlərin olduğu göstərilib. Söhbət çoxsaylı saxta pasportların düzəldilməsindən gedir. Amerikalı diplomat bu suala konkret bir cavab verməyib.
Yeri gəlmişkən, onlayn konfransdan bir gün əvvəl ABŞ prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzadın Özbəkistana səfəri baş tutub. Onun Özbəkistan xarici işlər naziri Abdulaziz Kamilovla görüşündən sonra bəlli olub ki, ABŞ Əfqanıstanı Mərkəzi Asiya respublikaları ilə bağlayacaq bir sıra nəqliyyat-kommunikasiya layihələrini maliyyələşdirməyə hazırdır. Danışıqlarda ABŞ beynəlxalq inkişaf maliyyə Korporasiyasının (DFC) baş icraçı direktoru Adam Boler də iştirak edib. ABŞ-ın Mərkəzi Asiya və Qafqaz İnstitutunun direktoru Frederik Starr "Vestnik Kafkaza”ya bildirib ki, Mərkəzi Asiya ölkələri Əfqanıstanı, problemli qonşu kimi deyil, həm də regionun ayrılmaz bir hissəsi kimi nəzərdən keçirir. Energetika, humanitar və nəqliyyat sahəsində bir sıra investisiya layihələri həyata keçirilir. Portalın "Mərkəzi Asiya Amerika siyasətində hansı yeri tutur” sualına Starr qısa və çoxmənalı əhəmiyyət kəsb edən "xüsusi” cavabını verib.  Ekspertlərin qənaətincə, Vaşinqtonun hədəfi "Böyük Mərkəzi Asiya” layihəsini reallaşdırmaqdan ibarətdir. Bu layihəyə region dövlətləri ilə yanaşı, Əfqanıstan da daxildir.
Onu da qeyd edək ki, danışıqlar zamanı Özbəkistan XİN rəhbəri bir sıra istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsini irəli sürüb – rəqəmsal iqtisadiyyatın inkişafı, milli nəqliyyat strategiyalarının konsolidasiyası, kənd təsərrüfatı sahəsində investisiyaların stimullaşdırılması, Mərkəzi Asiya ölkələrinin enerji potensialının genişləndirilməsi, ekoloji cəhətdən əlverişli olmayan regionlarda sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması, o cümlədən Aralboyu regiona innovasiya və texnologiyaların cəlb edilməsi. Layihələrin bir hissəsini DFC öz üzərinə götürməyə hazırdır. Lakin Mərkəzi Asiya və Orta Şərq üzrə ekspert Aleksandr Knyazyev hesab edir ki, ABŞ tərəfindən böyük vəsait sərfi baş verməyəcək. Böyük ehtimalla, bunu Hindistan edəcək. Artıq bu ölkə Əfqanıstanda fəallaşmağa başlayıb. Rəsmi Dehli Əfqanıstanın inkişafı üçün 3 milyard  dollar təqdim edib. Belə bir fikir də var ki, yaxın vaxtlarda dördtərəfli ABŞ-Əfqanıstan-Özbəkistan-Hindistan formatında aktivləşmə baş versin. Artıq start götürən "Mərkəzi Asiya-Hindistan” isə buna əlavə ola bilər. "Belə bir ehtimal da var ki, Vaşinqtonun regionda aktivləşən siyasəti fonunda idarə olunacaq Daşkənd-Dehli siyasi oxunun yaradılmasına cəhd oluna bilər”, - deyə ekspert Aleksandr Knyazyev bildirib. Ekspert hesab edir ki, Hindistan və Özbəkistanı ABŞ-ın Mərkəzi Asiyada moderatoru kimi təqdim etmək olar və Vaşinqton da gələcəkdə hər vəchlə onlarla real iş həyata keçirməyə çalışacaq.
 
Azər NURİYEV