AZE | RUS | ENG |

Abituriyentlərin aqrar ixtisaslara artan marağı

Abituriyentlərin aqrar ixtisaslara artan marağı
Ekspertin fikrincə, bu sahənin inkişafı milli kadrların hazırlanmasından çox asılıdır

Azərbaycan Dövlət Aqrar Universitetinin qəbul planının ilk mərhələdə 92,12% dolması təkcə bu sahənin prioritet istiqamətə çevrilməsindən deyil, həmçinin gənclərin sahəyə marağının artmasından xəbər verir. Kənd Təsərrüfatı Nazirliyinin 2019/2020 tədris ilində ADAU üçün ayrılmış 1485 yerdən 1368 yerə tələbə qəbul olunması ilə bağlı məlumatı da faktı təsdiqləyir. Belə ki, bu, ADAU tarixində ən yüksək qəbul göstəricisidir: "ADAU-da tələbə qəbulu üzrə son ən yüksək göstərici 2018/2019-cu tədris ilində qeydə alınmış, ötən il bu ali təhsil müəssisəsinə 1292 tələbə qəbul olmuşdu. Yeni tədris ilində əyani və qiyabi şöbələr üzrə 54 ixtisas üzrə qəbul aparılıb. Qəbul imtahanlarının ilk mərhələsində 40 ixtisas üzrə qəbul planı tam dolub. Qəbul imtahanlarının ilk mərhələsində ADAU-nun kənd təsərrüfatı ixtisasları üçün nəzərdə tutulmuş yerlərin mütləq əksəriyyəti dolub ki, bu da abituriyentlər arasında aqrar ixtisaslara marağın artmasının göstəricisi sayıla bilər”.
 
 

Məlumatda Azərbaycan Dövlət Aqrar Universitetində təhsilin stimullaşdırılması üçün ötən ildən başlayaraq bir sıra tədbirlərin görüldüyü qeyd edilir. Aqrar sahəyə aid ixtisasları seçən tələbələrə əlavə təqaüdlərin şamil edilməsi də bu sıradandır. "Bu ali məktəblərə qəbul imtahanlarında 400 baldan yuxarı toplamış və Azərbaycan Dövlət Aqrar Universitetini seçmiş tələbələrə 100 manat, 500 baldan yuxarı toplamış tələbələrə isə 200 manat əlavə təqaüd verilir. Eyni zamanda, ADAU-da ingilis dilində təhsil alan tələbələrə əlavə olaraq hər ay 70 manat, imtahan sessiyaları zamanı 6 fəndən maksimum nəticə göstərmiş tələbələrə isə 100 manat əlavə təqaüd verilməsi nəzərdə tutulur”.
 


Qeyri-neft sektoru kimi, aqrar sahənin inkişafı ölkədə prioritet vəzifə olduğu bir vaxtda bu sahənin mütəxəssislərinin yetişməsi də təbii ki, vacib məsələlərdəndir. Ancaq bu gün aqrar sahədə mütəxəssis qıtlığının, uzun illər kənd təsərrüfatı sahəsinin diqqətdən kənarda saxlanması ilə bağlı olduğunu heç kim inkar etmir. Nəticədə kənd təsərrüfatının müxtəlif sahələrini inkişaf etdirmək üçün xarici ölkələrdən mütəxəssislər dəvət olunur. Milli kadrların yetişməsi üçünsə müəyyən qədər vaxta ehtiyac yaranıb. Nəzərə alsaq ki, kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi çərçivəsində aqrar sahədə ali təhsilin inkişafı, o cümlədən məzunların işlə təminatına müvafiq köməkliyin göstərilməsi, «ikili diplom» proqramlarının tətbiqi və s. nəzərdə tutulub, onda məsələnin dövlət üçün nə qədər əhəmiyyətli olduğunu görmək olar. Aqrar sahədə kadr çatışmazlığı ilə bağlı problem isə kifayət qədər ciddidir.
 
 

Azərbaycan Milli Elmlər Akademiyasının Lənkəran Regional Elmi Mərkə­zinin direk­toru, Əməkdar aqronom, professor Fərman Quliyev kənd təsərrüfatı sahəsində kadr çatışmazlığı ilə bağlı narahatlığını uzun illərdir dilə gətirdiyini deyir: "Bu sahəni inkişaf etdirmək üçün mütəxəssislər olmalıdır. Azərbaycan aqrar ölkəsidir. Ancaq kənd təsərrüfatı sahələri üzrə ali məktəbləri, fakültələri son illərdə açıblar. Abituriyentlər daha çox hüquq, gömrük, iqtisadiyyat və s. sahələrə üz tuturlar. Dövlət aqrar sahəni inkişaf etdirmək üçün hər cür şərait yaradır. Ancaq bu sahə ilə məşğul olan mütəxəssis tapılmır”. Professor hesab edir ki, aqrar sahə ilə məşğul olmaq üçün müəyyən güzəştlər olmalı, təbliğat işləri aparılmalıdır ki, gənclər bu sahəyə üz tutsunlar: " Xüsusən, Kənd Təsərrüfatı və İqtisadiyyat Nazirlikləri də gənclərin bu sahəyə yönəlmələri üçün diqqət göstərməlidirlər”.
 
 
 
F.Quluyev təəssüflə qeyd edir ki, hazırda ölkədə çayçılığın və subtropik sahənin inkişafı ilə bağlı Dövlət Proqramı olsa da, bu sahələr üzrə mütəxəssis hazırlanmır: "Vaxtilə Lənkəranda çayçılıq və sitrus sahələrinin inkişafı üzrə mütəxəssislər, həmçinin onları hazırlayan texnikum fəaliyyət göstərib. Lənkəranda Subtropik Bitkilər Texnikumu bu sahələr üzrə layiqli kadrlar yetişdirirdi. Bölgədə sitrus növləri, çayçılıq və kənd təsərrüfatının digər sahələrinin inkişafı üçün şərait olsa da, kadr çatışmır. Düzdür, hazırda Gəncədə Aqrar Akademiya var. Lənkəran Universitetində aqrar fakültə fəaliyyət göstərir. Bu sahədə oxumaq istəyən gənclər üçün də müəyyən təqaüdlər nəzərdə tutulur. Ancaq bütün bunlar indi baş verir. Həmçinin tələbələrin məşğulluğu üçün də gərək laboratoriyalar, təcrübə sahələri və s. olsun. Dövlət kənd təsərrüfatının inkişafı üçün pul ayırır, kreditlər verir, sahibkarlığa dəstək göstərir, aqrolizinqlər, aqroservislər var, amma mütəxəssis yoxdur”. Professor bildirir ki, kadrın yetişməsi üçün müəyyən vaxt lazımdır: "Bu addımların nəticəsi özünü beş ildən sonra göstərəcək. Vaxtilə ulu öndər Heydər Əliyev subtropik sahənin, çayçılığın inkişaf etdirilməsi üçün mütəxəssisləri Gürcüstana, Rusiyaya təhsil almağa göndərirdi. Demək olar ki, hər il 10-15 nəfər bu sahələr üzrə xaricdə təhsil alırdı. Bu gün də kadr hazırlanmasına ciddi diqqət yetirilməlidir. Çünki bu sahənin inkişafı üçün yaxşı mütəxəssislərə ciddi ehtiyac var”. 
 
 

Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli hesab edir ki, problemin kökü əvvəlki illərlə bağlıdır. Belə ki, biz bu sahədə mütəxəssis yetişdirməmişik: "Kənd təsərrüfatı torpaqla, bağçılıqla bağlı olduğu üçün bu sahədə oxuyanlar da sonradan işləmək üçün bu sferanı seçmirlər. Uzun illər hesab edilirdi ki, kənd təsərrüfatı gəlirlik baxımından perspektivsiz sahədir. Peşə baxımından da kənd təsərrüfatı sahələrinə azgəlirli sahə kimi yanaşılıb. Ancaq unuduruq ki, qidanın strateji əhəmiyyəti bütün dünyada artır. İnsan qidasız yaşaya bilməz. Bu qidanı istehsal edən peşələrin də get-gedə əhəmiyyəti artır. Dünyada trendlər belədir ki, ən nüfuzlu ixtisaslar, karyeralar məhz qida strategiyası üzərində qurulur. Amma bizdə tam əksinədir”. Ekspert hesab edir ki, aqrar sahəyə münasibətdə get-gedə tendensiya dəyişməkdədir. Yəni ictimai rəydə, yanaşmalarda köklü dəyişikliklər hiss olunur: "Əgər bir neçə il əvvəl kənd təsərrüfatı ölkədə hörmətdən düşmüş bir sahə hesab olunurdusa, bu gün tədricən məsələnin aktuallığı artır».
 
 
 
Ekspertin fikrincə, aqrar sahə üzrə təhsil alan tələbələrin xarici təcrübəni öyrənməsi isə mütləqdir: "Müasir texnologiyalarla bağlı bilikləri, elmi yeniliklərin hamısını universitet tələbəyə verə bilmir. Ona görə, tələbə mütləq təcrübə mübadiləsi keçməlidir ki, ölkənin əmək bazarında rəqabətə davam gətirə bilsin. Digər tərəfdən, bizim milli sahibkarlıq sistemi kadr seçimində birmənalı olaraq yerli kadrlara üstünlük verməlidir. Xüsusən sənayeləşmiş istiqamətdə yerli kadrlara inamsızlığı və onların əməyinə lazımlı qiymətin verilmədiyini görürük. Bu da məsələyə çox ciddi təsir göstərir. Dünyada yeni trend daşıyan aqrar ixtisaslar, biotexnologiyaların, innovasiyaların tətbiqi, seleksiya elmi ilə bağlı olanlar həm aqrar, həm də tədris universitetlərinin təhsil proqramına salınmalıdır. Çünki bunlar gələcəyə ünvanlanan peşələr sayılır. Amma bizim ixtisaslar qrupunda azlıq təşkil edir. Bu da gələcəkdə bizim kadrların əmək bazarında rəqabətə davam gətirə bilməməyini göstərir. Ümumilikdə bu, qlobal mənada bizim cəmiyyətin problemidir”. Ekspert bildirir ki, aqrar bazada kadr potensialımızın zəif olması faktdır. Belə ki, Strateji Yol Xəritəsində də kənd təsərrüfatı sahəsinin inkişafı hədəf olaraq qoyulub: "Eyni zamanda da, dövlət proqramlarında bu məsələ yer alıb. Xüsusən aqrar sahə regionlarda işləyən milli kadrların hesabına zənginləşdirilsin. Aqrar sahənin inkişafı isə yaxşı milli kadrların hazırlanmasından çox asılıdır”.

Təranə Məhərrəmova 
 
 


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8811
GEL 1 1 Gürcüstan larisi 0.5753
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1227
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7109
KWD 1 1 Küveyt dinarı 5.595
TRY 1 1 Türkiyə lirəsi 0.2982