AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

3 yaşlı artkaspi.az-ın “mətbəxi”

3 yaşlı artkaspi.az-ın “mətbəxi”

17 Fevral 2020, 13:15 2795
Təxminən bir il əvvəl iş axtaranda tapacağım işə ancaq maddi ehtiyaclarımın ödənməsinə kömək olacaq vasitə kimi baxırdım. Ədəbiyyatçılar arasında məşhur olan yarı zarafat, yarı həqiqət bir fikir var: publisistika bizi "məhv edir”. Orxan Həsəni məni artkaspi.az saytına işlməyə dəvət edəndə buna görə bir az tərəddüd edirdim. Həm tənbəlliyimə görə, həm də hər gün mədəniyyət tədbirlərdən xəbər yazmaq mənim işim deyil deyə, düşünürdüm. Amma bütün gözləntilərimin əksinə oldu. Bunu bütün səmimiyyətimlə yazıram. artkaspi.az saytı ikinci ailəm kimidir. Şablon səslənsə də belədir.
 
Bəzən ailəmə, sevgilimə, dostlarıma deyə bilmədiyim şeyləri iş yoldaşlarımla bölüşürəm. İşimin mahiyyətini bir az sonra yazacağam, indi istəyirəm bir az bizim artkaspi-nin ailəsindən danışım. Divarlarından ədəbiyyat qoxan bir ofisimiz var. Azərbaycan və dünya ədəbiyyatından ağlınıza ilk kimin adı gəlirsə, onların şəkillərini səliqə ilə, xronoloji ardıcıllıqla düzmüşük. Türkiyənin məşhur ədəbiyyat dərgilərinin səhifələrindən kəsilib yapışdırılan şəkillər insana başqa bir motivasiya verir. Qapını ilk mən açıram. Kofe süzüb noutbuku yandırıram. Manşetlərə baxıram, bir-iki xəbər yerləşdirib şənbə günü üçün yazıya başlayıram. Yeri gəlib deyəcəyəm, yazdıqlarıma heç vaxt müdaxilə etmirlər. "Kaspi”nin "Ədəbiyyat” əlavəsində hər şənbə dərc olunan yazılar bu balaca, isti otaqdan çıxır.
 
Ofisə ikinci girən Xanım Aydın olur. Xanım Aydını da burda tanıdım. Tərcümə işlərinə bizdə o baxır. Sonra Elşad Rəhimov gəlir. Ofisin ən modern işçisi yəqin ki, odu. Montaj-kollaj işləri onluqdu. Son vaxtlar hər yarım saatdan bir çıxıb siqaret çəkməyi də təzə vərdiş etmişik. Burada işləyəndən o da ədəbiyyata qurşanıb, gül kimi uşaq idi, indi hərdən şeir yazır. Baş redaktorumuz şair Fərid Hüseyndir. Fəridi məşhur İran olaylarından sonra tanımışam. Amma yaradıcılığı ilə tanış olmaq artkaspi.az-lı günlərə qismət imiş. Həm də redaktorla dil tapmaq üçün nə yazdığını bilmək lazımdır, hə? Fərid Hüseynin şeirlərini artkaspidə kəşf etmişəm. Ofisdə iki şair kimi söhbət edirik. İnanın, kamera qoyub bizim söhbətləri çəksələr, əla material olar. Bir gün edəcəm onu da. Yaradıcılığımda tamamilə azadam. İstədiyim mövzuları artkaspi.az-ın konseptində yaza bilirəm. Hərdən ciddi, hərdən kütləyə hesablanmış mətnlərlə eyni sanbalı qoruya bilirik. Bizim cəmiyyətdə əksəriyyət üçün ədəbiyyat onuncu, iyirminci, bəlkə, daha arxalarda bir sıradadır. Bu coğrafiyada nə qədər maarifçilik ənənələri olsa da, nə qədər işıqlı adamlar olsa da, toplumla kitabın arasında bütün dövrlərdə nəsə bir baryer var. Onu aşmaq üçün mütləq zövq formalaşdırmaq lazımdır.
 
Azərbaycanda bir əlin barmaq sayını keçməyəcək qədər ciddi, oxunan ədəbiyyat saytı var. Hər biri fərqli mənzərədən ədəbiyyatı adamların həyatına daşıyır. Həm də ona görə sevinirəm ki, artkaspi.az bu saytlardan biridir. Və bu dəqiqliyi, bu prinsipi həmişə qorumağa çalışacaq. Bu ofisdə ədəbiyyat stajı, yaş önəmli olmur. Hər kəs bir-birinin mətninə göz gəzdirir, redaktə edir. Təzə yazdığımız şeirləri, esseləri ucadan oxuyuruq. Kiminsə kefi olmayanda digərləri əhval-ruhiyyəni kompensasiya edə bilir. Məşhur zarafatlarımız şeirləri parodiya etməklə yaranıb. "İroniya işi”nə mən baxıram. Son vaxtlar heç nə bəyənməməyimin köklü səbəbi budur yəqin. Nahar fasiləsi vaxtı Fəridlə olan dialoqumuz absurd üstü bir məqamdır. Deyirəm:
– Mən nahara çıxıram...
– Çıx...
– Beş dəqiqəyə çıxacam...
– Çıxarsan...
– "Abed” eliyim?
– Hə, get...
– Nahara getdim...
– Get də Rəvan, sən Allah, get ta...
 
İş söhbətləri zamanı bircə zarafatyana "qadağa” var – sovet kinolarından ucuz sitat gətirmək olmaz. Kimsə çaşıb qanunu pozanda hamının soyuq baxışları üstündə olur.
Artkaspi.az-ın üç yaşı tamam olur. Üç çevrəni qapayan rəqəmdir. Hər şeyi bütövləşdirir. "Kaspi” qəzetinin "Ədəbiyyat” əlavəsi kimi yaranan bu saytın üç illik arxivində əsl ədəbiyyat adına çox işlər görüldü. Şeirlər, esselər, hekayələr, müsahibələr, tərcümələr. Görülən işin bəhrəsini də gördük. Fəridin öz övladı kimi, bizim ailə kimi sevdiyimiz artkaspi.az-da hələ bu cür layihələr çox olacaq. Buna tam məsuliyyətimlə inanıram. İş insanın komfortu olmadıqca orda sıxılır. Artkaspi.az bir yaradıcı adam üçün bütün komfortu təmin edə bilir. Fevralın soyuq havalarını isti bir şeirə, isti bir mətnə sığınan adamlar üçün bu ən gözəl huzurdur. Ədəbi saytın başlıca vəzifəsi ədəbi mühiti izləmək, münasibət bildirməkdisə, bunu artkaspi.az həmişə ən yüksək səviyyədə yerinə yetirməyə çalışır. Reportajlar bunun dəlilidir. Həm də danmaq olmaz ki, içində ədəbiyyat olan adamın kaprizləri, eqosu da bitib-tükənmir. Saytda işləyən dörd nəfər bunu başa düşür, bir-birimizi anlamaqda çətinlik çəkmirik. Bəzən olub ki, işə tələsmişəm. Həyatın maddi ehtiyaclarından, problem caynaqlarından qurtulub özümü o otağa atmaq istəmişəm. Ədəbiyyat, sənət söhbətləri üçün darıxmışam.
 
Mənim masam Nazımın, Yusuf Atılqanın, Van Qoqun, Cem Karacanın, Ahmet Arifin şəkilləri asılmış divarın önündədir. Başımı çevirib onlara baxanda edəcəyim işlərin zamanla öz qiymətini alacağına bir az da inanıram. Qarşımda isə klassiklərimizin şəkli asılmış divar, önündə də artkaspi.az yazılmış baner. Qonaqlar onun qarşısında oturub saatlarla müsahibə verirlər. Yazdıqlarımı o plakatın qarşısında oturub oxuyuram. Fonda artkaspi.az yazılan ən kiçik lövhə belə, həmişə məndə inam hissi oyadır. Ümid edirəm ki, bu inam heç vaxt itməyəcək.
 
Yarandığı gündən burada ədəbiyyat üçün çalışan adamlar işləyib, saytın fəaliyyətinə özlərindən nəsə qatıblar. Bəzən kreativ layihələrlə gündəmə gəlmişik. Ötən həftə "Sevdiyim əsər” layihəsi kitab kimi təqdim olundu. Bu və digər "Kaspi” yayımlarında işıq üzü görən, artkaspi.az-ın layihələri, tərcümələri oxucular üçün həm yeni müəlliflərin tanıdılmasında, həm də yeni ədəbi nümunələrlə tanışlığında son illər mühüm rol oynayır. Son bir ildə çəkilən video-müzakirələr, video-söhbətlər saytın bütün sosial platformalarda iştirakını reallaşdırır. Bundan sonrakı layihələr də bu cür çağdaş tempdə davam edəcək. Dünya ədəbiyyatının ən son nümunələrini zaman ötmədən tərcümə etmək, saytda yayımlamaq ən öncül şərtlərimizdən biridir.
 
Belə... artkaspi.az üç yaşını qeyd edir. Bundan sonra da ədəbiyyatın xidmətində layiqincə duracağına bütün sayt kollektivi adından söz verə bilərəm. Daha gözəl şeirlər, daha həssas mövzular, sanballı mətnlər, tərcümələr yenə oxucularımızı gözləyəcək. Ədəbi ənənəni və yeniliyi yenə bir müstəviyə qoya biləcək, Şərqli, Qərbli, dünyanın hər yerindən, ədəbiyyatın hər səmtindən səs-soraq gətirəcəyik. Sayt bütün ədəbi hadisələrə obyektiv, eyni zamanda oxucu mövqeyindən münasibət bildirəcək. Bu sadaladıqlarım yada salmadır. Bu şeylər "saytın qanuni məcəlləsi” kimi ağlımızdadır. Sənət, ədəbiyyat dünyanı xilas etmək üçündür, Xeyrin tərəfində durmaq, onu qorumaq və nəsillərə ötürmək vəzifəsindədir. artkaspi.az bu missiyanın ən öndə gedən əsgərlərindəndir və bu yolda addımlamağa davam edəcək. Əziz oxucu, öncə səni, özümüzü və ədəbiyyatımızı təbrik edirəm!
 
Rəvan Cavid