• çərşənbə axşamı, 19 mart, 08:57
  • Baku Bakı 8°C

Siyasətin miqrant alverçiləri

14.11.19 18:22 1827
Siyasətin miqrant alverçiləri
Ekspertlərin fikrincə, Almaniya polisinin erməni mafiyasının üzvlərini ifşa etməsinin ardınca, müsavatçıların cinayətini üzə çıxarması, təhqiramiz faktdır

Bir müddət əvvəl radikal müxalifət düşərgəsinin "siyasi mühacir” biznesi ilə məşğul olması barədə mediada məlumatlar yer aldı. Hətta mühacirətdə yaşayan bəzi azərbaycanlılar sosial şəbəkələrdə belə bir çirkin oyunun getdiyini təsdiqlədilər. Lakin durumdan çıxış yolu kimi radikal müxalifət düşərgəsi "oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı” prinsipinə əl atdılar. Və nəticədə faktları ictimailəşdirənlər – haqlı olanlar susmağa məcbur edildilər. Amma Almaniyada baş verən həbslər məsələni yenidən gündəmə gətirmiş oldu. Alman polisinin keçirdiyi əməliyyat zamanı "Müsavat” partiyasının 7 fəalı saxlanılıb. Onların Almaniya ərazisində miqrant alveri məqsədi ilə mütəşəkkil cinayətkar qrup yaratdıqları məlum olub. Almaniyanın məhkəmə orqanlarının qərarı ilə "Müsavat”ın Avropa Koordinasiya Mərkəzinin sədri İlkin Həsən, bu şuranın sədr müavini Mehdi Xəlilbəyli, Müsavat fəalı Abdin Cavadov, "siyasi mühacir” Rəşad Məmmədov, Elşən Abdullayev, Azərbaycanın Penitensiar Xidmətinin cəzaçəkmə müəssisəsinin keçmiş rəisi Elçin Əkbərov da saxlanılanlar arasındadır. Saxlanılanların barəsində 6 aylıq həbs qətimkan tədbiri seçilib.
Bu faktlar onu göstərir ki, əslində "Müsavat” partiyası rəhbərliyi uzun illərdir yaxasını kənara çəksə də, üzvlərinin Avropada hansı işlərlə məşğul olduğundan xəbərsiz olmayıb. Müsavat başqanı Arif Hacılının, Avropaya səfəri zamanı bəh-bəhlə təqdim etdiyi Avropa Koordinasiya Mərkəzinə rəhbərlik edənlərin qanunsuz əməllərindən xəbəri yox idi? Bəs bundan sonra Azərbaycanın imicinə zərbə vuran "Müsavat” rəhbərliyi hansı addımı atacaq, istefa verəcəkmi?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirdi ki, Napoleon Bonapartın səsləndirdiyi fikirlərin bugünkü müxalifətin davranışları ilə üst-üstə düşməsini böyük təəssüf hissi ilə qeyd etmək istəyir: "Napoleon "kimin nədən problemi varsa, ondan danışır” fikrini bildirmişdi. Bu mənada hazırda özünü müxalifət kimi təqdim edən siyasi qruplaşmalar tənqid, təhqir etdikləri işlərlə məşğuldurlar. Hətta "Müsavat” partiyası bu məsələlərlə bağlı bir çox hallarda təhqiramiz fikirlər səsləndirirdi. Demokratiyadan, azadlıqdan dəm vururlar, özlərini azadlıq aşiqi kimi təqdim edirlər, amma bütün addımları və davranışları məhz qanunun əleyhinə yönəlib. Elə bu günlərdə Almaniyada bir qrup azərbaycanlı mühacir saxlanıb. Məlum olub ki, onların fəaliyyəti miqrantları daşımaq, onlara siyasi sığınacağın təmin edilməsindən ibarətdir. Həmin o azərbaycanlıların içərisində "Müsavat” partiyasının üzvləri də var. Həmin partiyanın bu günlərdə qanunsuz piket keçirməyə cəhd etməsi, artıq cəmiyyətimizə bəllidir”.
E.Nəsirov qeyd etdi ki, onların əsas şüarları məhz demokratiya, insan haqları, qanunun aliliyi ilə bağlıdır: "Sual çıxır ki, bunlar niyə öz üzvlərinə münasibətdə dediklərini tətbiq etmirlər? "Müsavat” partiyasının üzvləri nəinki Azərbaycanda, hətta Avropada da qanunun aliliyinin əksinə, demokratiyanın ziddinə olan fəaliyyətlərlə məşğuldurlar. Budurmu onların demokratiya ilə bağlı düşüncələri? Bütün bu faktları xalqımız görür. Onların yürütdükləri siyasət dediklərinin tam əksinədir. Hesab edirəm ki, "Müsavat” partiyasının rəhbərliyi Azərbaycanın adına ləkə gətirəcək addımlarla bağlı öz mövqeyini bildirməlidir, Azərbaycan ictimaiyyətinə açıqlama verməlidir”.
Siyasi şərhçi Aydın Quliyev bildirdi ki, "siyasi mühacir” adı altında Almaniyaya sığınmış bir qrup müsavatçı azərbaycanlının aşkar kriminal əməllərə görə bu ölkənin polisi tərəfindən həbs edilməsi, ilk növbədə dövlətimizin və xalqımızın dünyadakı müsbət imicinə ləkə salan rüsvayçılıq kimi dəyərləndirilməlidir: "İndiyədək adları Azərbaycan dövlətçiliyinə qarşı qərəzli qarayaxmalarda hallanan bu şəxslərin ifşa olunmuş əməlləri sübut edir ki, onların bu günədək insan hüquqları və demokratiya barədə gurultulu bəyanatları boğazdan yuxarı hay-küy olmaqla bərabər, həm də bir sıra cinayət əməllərini ört-basdır etmək üsulundan başqa bir şey deyilmiş. Vaxtilə Azərbaycanda "Müsavat” partiyasının fəal üzvləri olmuş və sonradan uydurma siyasi motivlər düzüb-qoşaraq ölkədən mühacirət etmiş bu şəxslər Almaniyada da saxta və qurama işlərdən geri çəkilməmiş, öz "qabiliyyətlərini" hətta saxta miqrant ticarəti şəbəkəsinin yaradılmasına qədər davam etdiriblər. Bir müddət əvvəl Almaniya polisinin bu ölkədə cinayətkar erməni mafiyasının üzvlərini ifşa etməsinin ardınca müsavatçıların qanunsuz miqrant ticarəti ilə məşğul olmalarının üzə çıxması çox ağrılı və millətimiz üçün təhqiramiz faktdır. İnsan haqlarının müdafiəsi kimi hay-küyçülüyün altında cinayət əməlləri ilə məşğul olan müsavatçılar, dünya erməni lobbisi və diasporu ilə çox uğurlu mübarizə apardığımız dövrdə dövlətimizin imic və mənafelərinə arxadan zərbə vurdular. Bu cinayətkar qrupa hər zaman siyasi və mənəvi himayə göstərərək, onları həm də indiki Azərbaycan reallıqları əleyhinə mübarizəyə yönəldən "Müsavat” partiyası və onun rəhbərliyi də konkret məsuliyyət daşıyr”.
A.Quliyev vurğuladı ki, Azərbaycanda insan haqları adı altında sabitliyi pozmağa davamlı cəhdlər göstərən "Müsavat” partiyası öz üzvlərinin xaricdə yaratdığı miqrant alveri şəbəkəsinin cinayət əməllərinə görə məsuliyyətini dərk etməli və Azərbaycan xalqından üzr istəməlidir: "Hətta saxta viza kağızları çap edən maşınların quraşdırılması, saysız pasportların toplanması bu cinayətkar şəbəkənin uzaqgedən fəaliyyət planlarına malik olduqlarından xəbər verir. Mühacir müsavatçıların cinayətkar dəstə üzvləri Azərbaycanla Almaniyanın inkişaf edən əməkdaşlıq əlaqələrini də bir sıra suallar qarşısında qoydu. İstisna deyil ki, Almaniyada qurulmuş bu qanunsuz miqrant ticarəti biznesinin təşkilat və maliyyə uzantıları Azərbaycanın içinə, ilk növbədə "Müsavat” partiyasına qədər uzanır. Müsavatçılar öz qanunsuz əməlləri ilə həm də əbədi və əzəli düşmənlərimiz olan erməni-daşnak mafiyasının əlinə kəskin bir silah verdilər. Cinayətkarların harada və hansı millətdən, partiyadan olmasından asılı olmayaraq, öz cəzalarına çatacaqları şəksizdir. Ancaq indi Azərbaycan xalqı üçün ən maraqlı məqam odur ki, "Müsavat” rəhbərliyi öz üzvlərinin qanunsuz əməllərinə görə xalqımız qarşısında ağır məsuliyyət daşıdığını necə göstərəcək və nümayiş etdirəcək?! Çünki faktlar sübut etdi ki, "Müsavat” partiyası, ümumiyyətlə, radikal müxalifət Avropaya tək uydurma siyasi mühacirlər yox, həm də cinayət şəbəkəsi ixrac edirmiş”.
BƏXTİYAR
banner

Oxşar Xəbərlər