• cümə axşamı, 18 aprel, 20:17
  • Baku Bakı 21°C

Öz gözündə tiri görməyənlər

22.10.19 18:45 2531
Öz gözündə tiri görməyənlər
Oktyabrın 19-da Bakının mərkəzində Milli Şura adlı qurum razılaşdırılmamış aksiyaya cəhd göstərdi. Əvvəlcədən xəbərdarlıq edilməsinə baxmayaraq, aksiya keçirməyə cəhd edənlər polisin qanuni çağırışlarına məhəl qoymadılar. Bu səbəbdən də hüquq-mühafizə orqanları əməkdaşları qanunvericiliyin tələbləri çərçivəsində təhlükəsizliyi təmin etmək məqsədilə icazəsiz aksiyaya cəhd edənləri ərazidən uzaqlaşdırdı. Maraqlıdır ki, aksiya bitər-bitməz ABŞ və Avropa təsisatları polisin qanunauyğun hərəkətlərini "zorakılıq aktı” kimi qələmə veriblər. Halbuki yaxın tarixdə Fransada, İspaniyada, Böyük Britaniyada, Almaniyada və hətta ABŞ-da polisin vətəndaşlara qarşı törətdiyi zorakılıqlar daha qabarıq və amansız idi. Məgər Avropa ölkələrində olduğu kimi Azərbaycanda aksiya iştirakçılarına qarşı dəyənəklərdən, rezin güllərdən, su şırnaqlarından istifadə edildimi? Bəs niyə görə Qərb öz gözlərində tiri görməyib, özgədə tük axtarır?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Elşən Musayev bildirdi ki, radikal müxalifətin son aksiyası, daha dəqiqi bu aksiyaya cəhd açıq təxribatdır və hansısa mətbəxlərdə hazırlanmış "menyu”dur: "Plan da bu idi ki, həmin qanunsuz, razılaşdırılmamış aksiya vasitəsilə ölkədə sabitlik pozulsun, "qarşıdurma, xaos menyusu” sosial şəbəkələr vasitəsilə xalqa yedirdilsin. Amma alınmadı! Növbəti dəfə alınmadı. Biabır və rüsvay oldular. Eynən gözlənildiyi, proqnoz edildiyi kimi. Bilirsinizmi niyə? Çünki xalq, millət ayıqdır, siyasi cəhətdən tam maariflənibdir. Xalqın yetkin, formalaşmış fikrini hansısa 3-4 dələduzun, siyasi qolçomağın feysbuk statusu ilə dəyişmək olmaz. Mümkün deyil! Çünki xalqla Prezident arasında möhkəm bağ, birlik, etimad var. Azərbaycan xalqı, vətəndaşı kimin kim olduğunu gözəl bilir və yaxşını pisdən ayırd eləməyi bacarır”.
E.Musayev vurğuladı ki, bir neçə gündür ağlaşma qurublar ki, imkan verilmədi, polis müdaxilə etdi: "Axı polis nə etməli idi? Xaos təşviqedicilərinə gül-çiçək paylamalı idi? Yoxsa onları bəh-bəhlə, ürəklə, şövqlə yuxarı başa keçirməliydi? Axı öncədən elan olunmuşdu ki, dövlət, dövlətçilik, ictimai qayda, ictimai əxlaq əleyhinə olan bütün addımların qarşısı birmənalı şəkildə alınacaq. Müxalifət bütün bunları bilə-bilə şüurlu formada niyə gedirdi cinayətə? Niyə "Lökbatan təminatı” varkən, "28 May qarşıdurması” - variantı seçildi? Bəlkə radikallara verilən göstəriş, təlimat, trayektoriya belə olub? Bu sual ciddi düşünmək üçün əsas deyilmi?
Hələ bizi qınayan bəzi beynəlxalq təşkilatlar, təsisatlar, diplomatik korpus nümayəndələri var. Onlar Avropadakı təlatümlərdən, polis-vətəndaş qarşıdurmalarından xəbərdardırlarmı? Görmürlərmi ki, həmin dövlətlərin hüquq-mühafizə orqanları, asayişə cavabdeh qurumları qanunsuz aksiyalarda, razılaşdırılmamış mitinqlərdə insanlara qarşı necə davranırlar? Yoxsa gözləri ancaq bizi görür? Həm də ədalətsizcə və özlərinə sərf edən şəkildə görür? Azərbaycan polisi dünyanın ən sivil, ən loyal, ən ədalətli polislərindəndir. Vəzifələri də asayişi qorumaqdır və üzərilərinə düşəni edirlər.
26 ildir eyni qaragüruh fəaliyyət, 26 ildir eyni şablonlar, eyni fəndlər... Usanmadılarmı bunlar? Yorulmadımı bunlar? Budurmu müxalifətçilik? Budurmu millətçilik? Budurmu dövlətçilik?
Onsuz da bitmişdilər, tarixin arxivinə çoxdan gömülmüşdülər. Son aksiya isə yerlərini bir az da dərin elədi, həmin gömüldükləri yerdə bu dəfə tam yerin dibinə batdılar”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli bildirdi ki, bəzi beynəlxalq təşkilatların aksiyadan sonra pozitiv göstəriciləri nəzərə almadan münasibət bildirməsi sübuta yetirdi ki, bəyanatların çoxu öncədən hazırlanıb: "Bu bəyanatları bəlkə də əvvəlcədən imzalayıblar və aksiyadan dərhal sonra yayıblar. Bakının mərkəzində keçirilən icazəsiz aksiya ilə bağlı bir neçə məqamı nəzərə almaq lazımdır. Birincisi, Azərbaycanda sərbəst toplaşmaq hüququ qorunur və bu məqsədlə müraciət edən şəxslərin müraciətinə uyğun olaraq dövlət tərəfindən onlara yer ayrılmışdı. Digər tərəfdən, öncədən dəfələrlə xəbərdarlıq edilmişdi ki, Azərbaycan dövləti vətəndaşların təhlükəsizliyini təmin etmək üçün konkret olaraq icazəsiz aksiyanın keçirildiyi ərazidə hər hansı bir kütləvi iğtişaşın baş verməsinə imkan verməyəcək və qarşısını alacaq. Dövlətin alternativ yer təklif etməsinə və sərbəst toplaşmaq hüququnu həyata keçirmək üçün bütün imkanların yaradılmasına baxmayaraq, yenə də qanunsuz aksiyaya, qarşıdurmaya cəhd olundu. Təbii ki, müvafiq qaydada Azərbaycan polisi də qanunvericiliyin tələblərinə uyğun olaraq hərəkət etdi və qanundan kənar hər hansı bir davranış ortada yoxdur. Bu gün radikal düşərgənin təmsilçilərinin ayrı-ayrı sosial şəbəkələrdə Brüsseldə, İspaniyada və Avropa ölkələrində olan görüntüləri yayaraq bunun Azərbaycanda baş verdiyini deməsi də ona əsas verir ki, bu təxribat öncədən hazırlanmış bir prosesdir”.
E.Mirzəbəyli qeyd etdi ki, Fransada polisin tək aksiya iştirakçıları deyil, kənardan izləyən vətəndaşlara qarşı edilən zorakılığı ilə bağlı beynəlxalq təşkilatların bir bəyanatını görə bilmədik: "Bu aksiyalar zamanı jurnalistlərin həbs edilməsinə, onlara qarşı təzyiqlərin göstərilməsinə beynəlxalq təşkilatların münasibətini görmədik. Eyni ilə Böyük Britaniyada, Almaniyada, Belçikada keçirilən aksiyalarda da bu vəziyyət təkrarlandı. Hətta Almaniyada prosesdən öncə ayrı-ayrı kütləvi informasiya vasitələrinin ofislərinə gedərək onlara xəbərdarlıq da etmişdilər. Bütün bunlar göstərir ki, bu, sadəcə, Azərbaycana qarşı öncədən planlaşdırılmış bir kampaniyadır. Həmin o radikal, dağıdıcı müxalifətin nümayəndələri də bu kampaniyanın tərkib hissəsi kimi sifariş yerinə yetiriblər”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər