İdxal məhdudlaşdırılsa, barmağımız bal tutacaq?
"Azərbaycana
bal idxalının qarşısını almaq niyyətindəyik”. Bunu Azərbaycan Arıçılar
Assosiasiyasının sədri Bədrəddin Həsrətov bildirib. Onun sözlərinə görə,
bununla bağlı artıq ölkə rəhbərliyinə də məktub ünvanlanıb: "Dünya təcrübəsində
belə bir tendensiya var. Daxili istehsal bazarını qorumaq üçün idxala məhdudiyyət
qoyulur. Türkiyə və İsrail kimi ölkələr belə bir addım atdıqdan sonra onlarda
yerli istehsalda geniş inkişaf müşahidə olundu. Hətta qardaş ölkədə o qədər
inkişaf qeydə alındı ki, onlar artıq dünya ikincisidirlər. Əgər biz də bunu edə
bilsək, Azərbaycanda arıçılıq sürətlə inkişaf edəcək”.
Sədr qeyd
edib ki, bu təklif assosiasiya tərəfindən irəli sürülüb.Bəs
görəsən, Azərbaycanda illik bal istehsalı nə qədərdir? İstehsal tələbi
ödəyirmi? Balın idxalına qadağa tətbiq olunarsa, daxili bazarda qiymət artımı
olacaqmı?
İqtisadçı ekspert Rəşad Həsənov deyir
ki, bazarda rəqabət mühiti
formalaşdırılmalıdır: "Yerli istehsalın müdafiə olunması baxımından, bir sıra
hallarda dövlətlər idxal olunan
məhsulların müəyyən formada məhdudlaşdırılması istiqamətində addımlar atır.
Həmçinin, bəzi hallarda qiymət rəqabətliliyini artırmaq məqsədilə məhsulların
rüsumlarının artırılması kimi alətlərdən də
istifadə edilir. Ona görə də, bu, başa düşüləndir. Amma hər hansı bir
məhsul növü üzrə idxalın tamamilə dayandırılması və yaxud qadağan edilməsi
bazar şərtləri daxilində yolverilməzdir. Çünki əks halda, daxili bazarda
qiymətlər kəskin artacaq. Bu isə dolayı yolla istehlakın və alıcılıq
qabiliyyətinin aşağı düşməsinə gətirib çıxara bilər. Azalan istehlak fonunda
istehsal da geriləməyə başlayır. Bütün bunlar dövrü proseslərdir. Ona görə də,
belə halların qarşısını almaq məqsədilə bazarda rəqabət mühitinin
formalaşdırılması vacib şərtlərdəndir. Əsas məsələ yerli istehsalçıların
bazarda rəqabət apara bilməyidir. Eyni zamanda, hökumət istehsalın qiymət
rəqabətini təmin etmək məqsədilə rüsum siyasətini yenidən gözdən keçirə bilər.
Balın idxalı zamanı tətbiq edilən rüsum 15 faiz dərəcəsindədir. Bu da maksimum
rüsum səviyyəsidir. Ona görə də, hər
hansı rüsum alətindən istifadə imkanımız məhduddur. Belə olan təqdirdə, nəzarət
mexanizmləri gücləndirilməlidir. Aşağı keyfiyyətli bal məhsullarının idxalının
qarşısı alına bilər. Bu üsul yerli istehsal üçün daha əlverişli şərait yaradıla
bilər”.
Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirlibildirdi ki, rəsmi rəqəmlərə görə, son illər ərzində ölkədə bal istehsalı 5000
tona yaxınlaşıb: "Ümumdünya göstəricilərinə görə, hər bir istehlakçı il ərzində
1 kq-dan artıq bal yeməlidir. Əgər xaricdən ölkəyə balın gətirilməsi
məhdudlaşdırılarsa, bu, yerli istehsalı
stimullaşdıra bilər. Arıçılarla söhbət edəndə görürük ki, bəziləri hətta iki ildir
öz məhsulunu sata bilmir. Hətta elə olur ki, onların məhsulu illərlə satılmır.
Ölkədə istehsal olunan bal, daxili bazarı təmin edə bilər. Amma onun satış
kanallarını təşkil etmək lazımdır. Düşünürəm ki, bu istiqamətdə marketinq işi
gücləndirilməlidir. Bu gün hamı təmiz bal almaq istəyir. Amma təmiz balın
standartlarını çox az adam bilir. Arıçılıqla məşğul olan regionlar
ixtisaslaşdırılmalıdır”.
Ekspert
bildirdi ki, arıçılıq subsidiyalaşma proqramına cəlb olunub və arıçılar artıq
təşkilatlanma prosesini başa çatdırıblar: "Bu məqsədlə Arıçılar Assosiasiyası
və hər bir rayon üzrə arıçılar birliyi yaradılıb. Bu təşkilatlanma ilk növbədə
arıçılığın strateji hədəflərini müəyyən edir. Arıçılar artıq özlərini sərbəst
olaraq inkişaf etdirə bilirlər. Əlavə olaraq dövlət dəstəyi bu prosesi
stimullaşdırır. Hər bir arı ailəsinə 10 manat subsidiya verilir. Əsas
problemlərdən biri odur ki, bal istehsalında xammal baha başa gəlir. Bu da
arıçılıqda istifadə olunan avadanlıq, dərmanların, damazlıq arının qiymətinin baha olması ilə bağlıdır. Bütün
bunlar kənardan gətirildiyinə görə, balın maya dəyərinə təsir edir. Hal hazırda,
Azərbaycanda ən ucuz balın qiyməti 20-30 manat arasında dəyişir və bu qiymət
istehlakçılar üçün əlçatan deyil. Ona görə də, düşünürəm ki, maya dəyərinin
ucuzlaşdırılması ilə bağlı tədbirlər həyata keçirilməlidir. Məsələn,
Azərbaycanda yerli xammal yaradıla bilər. Türkiyədən gətirilən avadanlıq və
dərmanlar, eyni zamanda damazlıq arıları Azərbaycanda formalaşdırmaq lazımdır.
Digər tərəfdən, assosiasiya sədrinin fikri ilə mən də razıyam. Ölkəmizə külli
miqdarda bal idxalı var. Buna görə də, daxili bazarda yerli bal idxal
məhsullarına uduzur. Ölkəmizə bal, əsasən İrandan gətirilir. Bildiyiniz kimi,
İranda böyük həcmdə bal istehsalı var və maya dəyəri bizdən ucuz başa gəlir.
İkinci ən çox bal idxal olunan ölkə Gürcüstandır. Digər problem isə bazarlarda
saxta balın satışı ilə bağlıdır. İnsanlar məlumatsız olduğundan, şirədən
hazırlanan saxta bal alır. Belə saxta bal böyük satış şəbəkələrində və digər
mağazalarda satılmaqdadır. Düşünürəm ki, bal idxalının məhdudlaşdırılması
həyata keçirilə bilər. Amma yerli bal balın qiymətləri insanlar üçün əlçatan
olmalıdır. Hər il kənd təsərrüfatı nazirliyinin dəstəyi ilə bir ay davam edən
bal yarmarkası təşkil olunur. Bu, arıçılığın imicinin yüksəldilməsinə və
insanların bala əlçatanlığını yaxşılaşdırılmasına hesablanan bir addımdır. Bu
cür satış şəbəkələrinin formalaşdırılması vacib məsələdir".
Ekspertin sözlərinə göə, bal elə məhsuldur
ki, dağlarda, meşədə, insanların yaşamadığı yerdə istehsal olunur və hər bir
arıçının bazara bal gətirmək imkanı olmur: "Bu mənada belə satış kanallarının
yaradılması vacibdir. Ciddi problemlərdən biri də markalanma və standartların müəyyən
olunması ilə bağlıdır. Arıçılarımız bu məsələdə xeyli geridədir. Azərbaycanda
qablaşdırılmış yerli bal məhsulu demək olar ki, çox azdır. Amma Gürcüstan,
İran, Rusiya ciddi rəqibdir. Bu ölkələrdə arıçılıq məhsullarının böyük bir
hissəsi qablaşdırılıb markalanaraq satılır. Düşünürəm ki, Arıçılıq
Assosiasiyası bu istiqamətdə işlər görməlidir. Bal məhsulunun standartları
müəyyən edilməlidir və markalanma işi həyata keçirilməlidir. Çünki bazarda
satılan balın harada istehsal olunduğuna dair heç bir məlumat yoxdur”.
Şəbnəm Mehdizadə