AZE | RUS | ENG |

2017-ci il iqtisadi uğurlarla yadda qalacaq - Fotolar

2017-ci il iqtisadi uğurlarla yadda qalacaq - Fotolar
İlin ən önəmli hadisələri “Yeni Əsrin Müqaviləsi”nin imzalanması və Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsidir

Əsasən neft-qaz ölkəsi kimi tanınan Azərbaycanda 2003-cü ildən etibarən uğurla həyata keçirilən regionların sosial-iqtisadi inkişafı dövlət proqramları ölkəmizin simasını tanınmaz dərəcədə dəyişib, qeyri-neft sektorunun ilbəil tərəqqisinə səbəb olub. Konkret rəqəmlərlə fikrimizi ifadə etsək, 2004-cü ildən başlayaraq Azərbaycanın iqtisadiyyatı 3 dəfədən çox artıb, ölkəmizdə 1 milyon 600 mindən artıq iş yeri açılıb. Nəticədə, Azərbaycandakı işsizlik səviyyəsi dünyada ən aşağı səviyyəyə - cəmi 5 faizə enib. Halbuki, 2003-cü ildə bu göstərici 49 faizə bərabər olub. Əgər 2004-cü ildə yoxsulluğun səviyyəsi 40 faizdən artıq idisə, hazırda bu, cəmi 5-6 faizdir. Nağd valyuta ehtiyatlarımız ölkənin Ümumi Daxili Məhsuluna (ÜDM) bərabərdir. Xarici dövlət borcu ÜDM-in 20 faizindən azdır. Təbii ki, bütün bu uğurlar Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərin, irəli sürülən təşəbbüslərin nəticəsidir. 
 
 

Xatırladaq ki, 2007-ci ilin ortalarında özünü hiss etdirən və 2008-2009-cu illərdə şiddətlənən iqtisadi böhran ABŞ-dan başlayaraq dalğalar halında bir çox ölkələrə yayıldı. Tədricən bütün dünyanı ağuşuna alan bu iqtisadi bəla regionumuzdan da yan keçmədi. 2012-2013-cü illərdə iqtisadi böhranın ikinci dalğasının təsiri ölkələrin iqtisadi vəziyyətinə təsirsiz ötüşmədi və bu proses 2015-ci ilin sonlarına doğru davam etdi. Belə bir zamanda neftin qiymətinin dünya bazarında 3-4 dəfə ucuzlaşması iqtisadiyyatı neftdən asılı olan ölkələrə əlavə problemlər yaşatdı. Lakin Azərbaycan iqtisadi böhranın həm birinci, həm də ikinci mərhələsindən minimum itkilərlə çıxmağı bacardı. Bunun da yeganə səbəbi, bir qədər əvvəl qeyd etdiyimiz kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasət idi.
 
 

Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev də bu məqama toxunaraq qeyd edib ki, sırf siyasi amillərin təsiri ilə neftin dünya bazarında qiyməti dəfələrlə ucuzlaşıb, ölkəmizin yerləşdiyi regionda iqtisadi çətinliklərlə yanaşı, hərbi böhran da yaşanıb. Belə bir fonda Azərbaycan iqtisadiyyatı inkişaf edib. Prezident qeyd edib ki, 2015-ci ildə ümumi daxili məhsul 1 faizdən çox, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi 8,4 faiz artıb, ölkə iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulub. Bu, son illər ərzində qeyri-neft sektorunun inkişafı, aparılan islahatların müsbət nəticəsi deməkdir. Dövlət başçısının sözlərinə görə, 2015-ci ildə bütün geosiyasi və iqtisadi amillər nəzərə alınarsa, Azərbaycanda iqtisadi inkişafa nail olmaq özlüyündə böyük uğurdur.

Eyni uğurlar 2016-cı ilin yekunlarında da müşahidə olunub. Cari il yanvarın 10-da Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirilən rəqəmlərə görə, yola salınan ildə ölkəmizdə qeyri-neft sənaye istehsalı 5 faiz, kənd təsərrüfatı 2,6 faiz artıb. Azərbaycanda yaradılmış gözəl sərmayə iqlimi hesabına ölkəmizə 8 milyard dollar xarici, 3,7 milyard dollar daxili investisiya cəlb olunub. Ümumilikdə həmin il ölkə iqtisadiyyatına 11 milyard 700 milyon dollar sərmayə qoyulub. Bununla yanaşı, 2016-cı ildə Azərbaycan Dövlət Neft Fondundakı 33 milyard dollar vəsait qorunub saxlanılıb. Əlbəttə ki, bu, uzun illər ərzində aparılan düzgün siyasət nəticəsində mümkün olub. Məhz bu siyasət 2017-ci ildə də Azərbaycanda bütün sahələrin inkişafına, xüsusən də iqtisadi tərəqqiyə səbəb olub.
 
Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin səsləndirdiyi rəqəmlərə görə, doqquz ayda iqtisadi göstəricilərimiz çox müsbət sayıla bilər. Belə ki, həmin müddətdə qeyri-neft iqtisadiyyatımız 2,5 faiz, qeyri-neft sənayesi 3,1 faiz artıb. Dövlət üçün prioritet sayılan kənd təsərrüfatında 2,8 faiz artım qeydə alınıb. Xarici ticarət dövriyyəmiz isə 7 faiz artıb. Burada ixrac idxalı böyük fərqlə üstələyib. İlin 9 ayında xarici ticarətin müsbət saldosu 4,4 milyard dollara bərabər olub. Bununla yanaşı, ilin 9 ayında Azərbaycanın valyuta ehtiyatları 4,5 milyard dollar artıb və hazırda bu rəqəm 42 milyard dollar səviyyəsindədir.
 
 

Əlbəttə ki, cari ildə əldə edilən iqtisadi uğurlarda Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Saatlıda pambıqçılığın, Qaxda barama, tütün və fındıq istehsalının, Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair keçirilən müşavirələrin, həmçinin Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsinin xüsusi payı var. Bu müşavirələrdə qeyri-neft sektorunun real vəziyyəti qiymətləndirilib, bu sektorun daha da inkişaf etdirilməsi üçün qarşıya mühüm vəzifələr qoyulub. 2017-ci ilin iqtisadi uğurlarından danışarkən iki hadisəni xüsusilə qeyd etmək lazımdır.
 
 
 
Bunlardan birincisi "Azəri”, "Çıraq” və "Günəşli” yataqları üzrə yeni sazişin – "Yeni Əsrin Müqaviləsi”nin imzalanmasıdır. Bu kontrakt sayəsində "Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılıb. Kontrakt imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödənilib. Üstəlik, sazişə əsasən SOCAR-ın "AzAÇG” şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək, SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılacaq və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək. Azərbaycanın gələcək inkişafı, maliyyə imkanlarının genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var.
 
 

İlin digər mühüm yaddaqalan hadisəsi Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasiminin keçirilməsidir. Avrasiya məkanı üçün yeni yüksəliş layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti qədim İpək Yolunun polad magistrallar üzərində bərpasıdır. Proqnozlara görə, Bakı-Tbilisi-Qars dəmir yolu ilə üçüncü istismar ilində 3-5 milyon ton, beşinci istismar ilində 6-8 milyon ton yük, bundan sonra isə ildə 3 milyon sərnişin və 17 milyon ton yük daşınacaq. Avropa ilə Asiyanı birləşdirən və dünyanın 100 böyük layihəsi siyahısına daxil olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası xüsusi strateji əhəmiyyət daşıyır. Çünki bu xəttin işə düşməsi Azərbaycanın dövlət müstəqilliyinin gücləndirilməsində, iqtisadi qüdrətinin artırılmasında mühüm strateji amildir. Hazırda isə "Şimal-Cənub” nəqliyyat dəhlizi üzərində də iş gedir. Bu istiqamətdə də çox önəmli nəticələr var. Azərbaycan qısa müddətdə bu yolu da qonşu ölkələrlə birlikdə istifadəyə verəcək. Beləliklə, bundan sonra həm Şərqdən Qərbə və əks istiqamətə, həm də Şimaldan Cənuba və əks istiqamətə dəmir yolları Azərbaycan ərazisindən keçəcək. Bu, Azərbaycana əlavə iqtisadi mənfəət və əlbəttə ki, siyasi dividentlər gətirəcək. 
 
 

Əldə edilən bu nailiyyətlər beynəlxalq təşkilatlar tərəfindən də etiraf olunub, müsbət qiymətləndirilib. Buna nümunə kimi, 2009-cu ildə Dünya Bankının "Doing Business” hesabatında Azərbaycanın "Dünyanın aparıcı islahatçı ölkəsi” kimi qiymətləndirilməsini göstərmək olar. 2015-ci ildə Azərbaycan Minilliyin İnkişaf Məqsədlərinin icrasında əldə etdiyi böyük nailiyyətinə görə həmin ilin "Cənub-Cənub” mükafatını alıb və 2010-cu ildən etibarən yüksək insan inkişafı kateqoriyalı ölkələr sırasına daxil edilib. Davos Dünya İqtisadi Forumunun "2016-2017-ci illər üzrə qlobal rəqabətə davamlılıq hesabatında” Azərbaycan 138 ölkə sırasında 37-ci yer tutub. Son olaraq isə Ümumdünya Davos İqtisadi Forumu Azərbaycanı ölkələrin iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə görə 35-ci yerə layiq görüb.
 
 

Bir daha vurğulayaq ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi iqtisadi siyasət nəticəsində 2004-cü ildən indiyə qədər iqtisadiyyatımız 3 dəfədən çox artıb, yeni-yeni istehsal müəssisələri yaradılıb, 2 milyona yaxın iş yeri yaradılıb. 2003-2017-ci illər ərzində iqtisadi islahatlar baxımından Azərbaycan qədər sürətli inkişaf yolu ilə gedən ikinci ölkə olmayıb. 2017-ci ildə reallaşan nəhəng enerji layihələri, o cümlədən 40 milyard dollar dəyəri olan "Cənub Qaz Dəhlizi” də ölkəmizin uzunmüddətli uğurlu, dayanıqlı inkişafını dəstəkləyəcək.
 
Rufik İSMAYILOV


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0038
GEL 1 Gürcü larisi 0.6891
GBP 1 İngilis funt sterlinqi 2.3714
TRY 1 Türk lirəsi 0.4488
KWD 1 Küveyt dinarı 5.6678
SEK 1 İsveç kronu 0.2089
EUR 1 Avro 2.0914
CHF 1 İsveçrə frankı 1.8180
USD 1 ABŞ dolları 1.7001