“Zamanın çağırışlarına hazır olmalıyıq” - MƏKTƏBDƏ
Bakı Şəhər Təhsil İdarəsinin “Kaspi” qəzeti ilə birgə həyata keçirdiyi “Məktəbdə” layihəsinin qonağı olan kulturoloq Fuad Məmmədov: “Mədəniyyət ikinci süni təbiətdir. İnsanın ağlı, qəlbi və əməyi nəticəsində yaranmışların hamısı mədəniyyətdir”.
“Mədəniyyət nədir?”, “Kulturologiya elminin mahiyyəti nədən ibarətdir?”, “Xoşbəxtliyin düsturu nədir?”
Bakı Şəhər Təhsil İdarəsinin “Kaspi” qəzeti ilə birgə həyata keçirdiyi “Məktəbdə” layihəsinin Qaradağ rayonu, Müşfiqabad qəsəbəsindəki 320 saylı tam orta məktəbdə keçirilən görüşündə əsas müzakirələr bu suallar ətrafında oldu.
Homo sapiens-dən başlayan mədəniyyət
Layihənin qonağı - kulturoloq, tarix elmləri doktoru, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Fuad Məmmədov ölkəmizdə əsasını qoyduğu “Kulturologiya” elmi haqqında məlumat verməzdən öncə “Mədəniyyət nədir?” sualını auditoriyaya ünvanladı. Şagirdlərin müxtəlif məzmunlu cavabları eşidildi.
Kulturoloq “Mədəniyyət o qədər dərin anlayışdır ki, biz onu düzgün dərk etməsək, onun dəyişdirici imkanlarını itirmiş oluruq. Amma həyat həmişə dəyişir. Biz mütləq bu prosesə uyğunlaşmalı, milli və şəxsin inkişaf tələbatlarına və zamanın çağırışlarına uyğun özümüz də kamilləşməli, həyatımızı təkmilləşdirməliyik”. F.Məmmədov qeyd etdi ki, mədəniyyət qədim dövrlərdən indiyə kimi insanın öz həyatını qoruyub yaxşılaşdırmaq haqqında qaydadır: “Mədəniyyət ikinci süni təbiətdir. İnsanın ağlı, qəlbi və əməyi nəticəsində yaranmışların hamısı mədəniyyətdir. Mədəniyyət homo sapiens - ağıllı insan dövründən başlayır”.
Fuad Məmmədov rəhbəri olduğu “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının fəaliyyəti haqqında qısa məlumat verdi: “Görkəmli alim Lütfizadə təşkilatın fəxri üzvü olub. Alimin “Qeyri- səlis məntiq nəzəriyyəsi”ni ilk dəfə dünya kulturologiyasında tətbiq etmişəm. Onun əsasında bir sıra universal metodlar ixtira etmişəm”.
Qəlbi qohumluq olmayanda
“Xoşbəxtliyi nisbi anlayış adlandırırlar. Siz isə onun düsturunu kəşf etmişiniz. Kimdir xoşbəxt insan?”- deyə şagirdlərdən birinin maraq dolu sualını alim təbəssümlə cavablandırdı: “Xoşbəxtliyin 27 tələbi var. Amma mən onun əsas tələblərini deyəcəm. İlk növbədə insanın özünün və əzizlərinin can sağlığı lazımdır. Bura sevgi, dostluq, mərdlik, cəmiyyətə tələb olunan şəxsiyyət kimi formalaşmaq, ailə və dostların etimadını doğrultmaq, səmimi olmaq kimi amillər daxildir. Yoxsa heç bir məhəbbət sona kimi davam edə bilməz. Münasibətlər qurulanda çalışın qəlbi qohumluq əsasında adam seçin. Bu, insanları həmişə birləşdirir. Qəlbi qohumluq olmayanda kiçik bir münaqişə nəticəsində münasibətlər dağılır”.
“İlk müəlliminizi necə xatırlayırsınız?” sualının cavabını auditoriya maraqla gözlədi: “Mən rus məktəbində oxumuşam. Varvara Nikitiçna adlı müəllimim vardı. Çox səmimi və təmkinli insan idi. O bizə təkcə fənləri öyrətmirdi, bizi düzgün tərbiyə edirdi. Ondan da qabaq mənim təlim-tərbiyəmlə nənəm məşğul olub. Nənəm Qeysər Kaşıyeva ilk rəssam qadın olub. Tiflisdə ilk rus dili gimnaziyasını bitirib, 3 dili mükəmməl bilib. Hətta uşaqlıqda mənə fransız dilini də öyrədirdi. Nənəmin gözəl xətti vardı. Ondan öyrəndiklərim həmişə yadımdadır”.
Həqiqi məhəbbət, dostluq və yaradıcılıq
Şagirdlərdən birinin “İnsanlar arasında mədəni münasibətlər necə olmalıdır” sualına alimin cavabı tövsiyə xarakterli oldu: “Həmişə insanlarla yumşaq rəftar edin, heç vaxt kiməsə zor göstərməyin. Səmimi olun, insanları sevin. Həyat insana bir dəfə verilir. O enerjini üç şeyə sərf etməyə dəyər: həqiqi məhəbbətə, həqiqi dostluğa və yaradıcılığa. Sən tək özün üçün yox, başqaları üçün də yaşamalısan. Yolunuzda riyakar adamlara rast gəlsəniz, onlarla ədavətə getməyin. İnsan münasibətlərində məhəbbət, etimad, nəzakət, mərifət olmalıdır. Qarşınızdakı insanın bu tələblərə cavab vermədiyini görsəniz, onunla ədavətə girməyin. Çalışın, onun mədəniyyətin dəyişin. Ona müsbət təsir göstərmək üçün özünüz də kifayət qədər mədəniyyətli və bilikli olmalısınız. İnsanın davranışı onun mədəniyyətinin dəyişməsi ilə dəyişir. Görsəniz alınmır - onda kənara çəkilin, öz qəlbinizi, əməyinizi elə insanlara sərf edin ki, onun qədrini bilsinlər”.
Valideynlərimə minnətdaram ki...
“Siz Neft və Kimya İnstitutunu bitirmisiniz. Amma tarix elmləri doktoru, kulturoloqsunuz. İxtisasınızın bu formada dəyişməsinə səbəb nədir? Maraq dairəsi?”- deyə şagirdlərdən biri sual ünvanladı: “Mən hələ məktəbdə oxuyarkən ya hüquqşünas, ya diplomat, ya da tarixçi olmaq istəyirdim. Neft və Kimya İnstitutuna valideynlərimin təkidi ilə getdim, orada oxumaq istəmirdim. Amma o zaman Neft və Kimya İnstitutu çox nüfuzlu ali məktəb idi. Mən o institutu çox yaxşı qiymətlərlə bitirdim. Tələbə həmkarlar təşkilatının sədri, ən böyük fakültənin komsomol təşkilatının katibi idim. Amma ürəyimdə ictimai elmlərə məhəbbət qalmışdı. Valideynlərimə minnətdaram ki, o ali məktəbi bitirdim. Çünki texnoloji təhsilim olduğuna görə kulturologiyada yeniliklər etdim. İnstitutu qurtarandan sonra elm tarixi ilə məşğul olmağa başladım. 1984-cü ildə Azərbaycanda elm tarixi üzrə ilk doktorluq işi müdafiə etdim. Çox innovativ təkliflərim vardı. Sonra Qarabağ problemi yarandı və sistem dəyişdi. 1989-cu ildə Azərbaycanın modernləşməsi konsepsiyasını yaratdım. 1990-cə ilin aprelində “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasını təsis etdim və kulturologiyanı inkişaf etdirməyə başladım”.
Cəmiyyətdəki lənglik
“Siz kulturologiya elmini yaratmısınız. Elm yaratmaq və onun nəzəriyyəsini hazırlamaq kəşf sayılırmı?” Şagirdlərdən birinin bu məzmunlu sualını alim məmnuniyyətlə cavablandırdı: “Bunu ekspertiza deyə bilər: kəşfdir, ya yox. Hər halda yeni bir istiqamət yaratmışam. Bu haradasa kəşfdir. Mənim 30-a yaxın kulturoloji müddəam var. Bəziləri həyata keçib, bəziləri yox. Ancaq bunlar çox mütərəqqidir. Mən çox şey edə bilmərəm, çünki məmur deyiləm, aliməm. Mən yalnız təklif edə bilərəm. Ona görə cəmiyyətdə yüksək mədəniyyətli insanların sayı çox olmalıdır ki, təklifləri vaxtlı-vaxtında həyata keçirsinlər. Bizdə bu prosesdə lənglik var. Kulturologiya bütün humanitar və sosial elmlərin məcmusudur. Bura tarix, psixologiya, iqtisadiyyat, hüquq, sənətşünaslıq, pedaqogika, poiltologiya, fəlsəfə daxildir”.
Şərq, yoxsa Qərb?
“Sivilizasiyanın mərkəzi Şərqdir, yoxsa Qərb” sualına cavab verən alim bildirdi ki, 1991-ci ildə Türkiyədə Nəsirəddin Tusinin həyat və fəaliyyəti haqqında beynəlxalq konqresdə çıxış edib: “Tusi və Nizami böyük şəxsiyyətlər olublar. Tusi böyük ensiklopedik biliyə malik olub. Onun yaratdığı “İlhanilərin astronomik cədvəlləri” Tixo Brağer tərəfindən Avropada yenidən həyata gəlib. Bizim zəifliyimiz odur ki, hələ də lazımı səviyyədə intellektual mədəniyyəti qiymətləndirə bilmirik. İntellektual mədəniyyət, təhsil və elmin inkişafı üçün motivasiya lazımdır”.
Özünü təhsilləndirmə, özünü tanıma, özünü tərbiyə...
Məktəbin müəllimlərindən biri onu narahat edən suala cavab istədi: “İndi uşaqlarımız blogger, yutuber olmaq istəyirlər. Yeni dövrü nəzərə alıb övladlarımızın gələcəkdə sizin kimi alim olması üçün nə etməliyik?”
F.Məmmədov “Gərək çalışaq, elmə daha çox üstünlük verək ki, gənclərin də marağı artsın”- deyə cavab verdi: “Böyük mütəfəkkir Nizami Gəncəvi: “Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eləyə bilməz”- deyə yazırdı. Norveç, Türkiyə və başqa Avropa ölkələrinin təcrübəsinə nəzər salın. Nizami öz əsərlərində oğluna yazırdı ki, şeir yazmaq çox gözəl şeydir, amma elmin dalıyca get, elm dəyərlidir. Nizami yaradıcılığında ən gözəl dəyərlər elm və ədalət olub və bununla ruhi mədəniyyətə xidmət edib”. F.Məmmədov şagirdlərə tövsiyə etdi: “Çalışın, həyatda dörd koməkçiniz olsun: özünü təhsilləndirmə, özünü tanıma, özünü tərbiyə və özünü idarə. Özünü təhsilləndirmə inkişafınızda mühüm amildir. Yaxşı kitablar oxuyun, müdrik insanlarla ünsiyyət edin, ustad dərsləri, treninqlər, mühazirələr, hansısa yeni ideyalar sizin həyatınızı kökündən dəyişə bilər. Məhz yüksək mədəniyyətli azərbaycanlı ölkəmizin, xalqımızın tükənməz resursudur. Mədəniyyət yüksək olmasa, insanın dəyəri yüksək olmur. Biz gərək zamanın çağırışlarına həmişə hazır olaq. Bunun üçün həmişə öz üzərinizdə işləyin. İnsan, şəxsiyyət kimi kamilləşin!”
Təranə Məhərrəmova
Fotolar: Rüfət Mikayılov/Global Media Group