• bazar ertəsi, 02 dekabr, 00:00
  • Baku Bakı 8°C

“Zamanı düzgün qiymətləndirmək lazımdır” - MƏKTƏBDƏ

18.05.24 01:14 5450
“Zamanı düzgün qiymətləndirmək lazımdır” - MƏKTƏBDƏ

Şahlar Əsgərov: “Təhsil kollegial idarə olunmalıdır. Əgər bir firmanı tək əllə idarə edirsənsə, təhsillə mədəniyyətdə bu keçmir”.

“Məktəbdə olmaq, müəllim və şagirdlərlə görüşmək çox gözəldir. Ən müqəddəs işlə müəllimlər məşğul olurlar. Təsadüfi deyil ki, Eynşteyn də müəllimlik peşəsi ilə məşğul olub. Mənə 80 yaşımda sual versələr, deyərəm ki, ibtidai siniflərdə dərs vermək istəyirəm...”
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Kaspi” qəzeti ilə birgə reallaşdırdığı “Məktəbdə” layihəsinin qonağı olan professor, Əməkdar elm xadimi Şahlar Əsgərov uzun illərdir ki, şagirdlər qarşısında çıxış etmədiyini də etiraf etdi: “Tələbələrlə il ərzində ən azı 30 dəfə görüşmüşəm, amma son illərdə məktəbdə - şagirdlərlə görüşüm olmayıb. Ona görə 20 nömrəli məktəbdə sizlərlə görüşməyimdən qürurluyam”.

Bakının yaşam fondu qədər ev

Ş.Əsgərovla görüş Ulu Öndər Heydər Əliyevin doğum gününə təsadüf etdiyindən görkəmli alim Ümummilli Liderin dövlətçiliyimizin, milli dəyərlərimizin qorunmasındakı müstəsna xidmətlərindən və müxtəlif sahələrdə həyata keçirdiyi islahatlardan danışdı: “Ulu Öndərin yaratdığı maddi və mənəvi dəyərlər çoxdur. Heydər Əliyev çıxışlarının birində qeyd edib ki, “mən 14 ildə Bakıda paytaxtın yaşam fondu qədər ev tikdim. Elə bilin ki, ikinci Bakını tikdim”. Moskvanın xoşuna gəlməsə də o, çoxlu mənəvi dəyərlər yaratdı. Hələbdə Nəsiminin itib-batan məzarını tapdırdı, onu ziyarət etdi. Şuşada Vaqifin məqbərəsini tikdirdi”. Ş.Əsgərov 1988-1992-ci illərdə - Azərbaycanın keçirdiyi ağır və böhranlı dövrdə 91 nəfər ziyalı ilə birlikdə Heydər Əliyevə müraciət etdiklərini və dahi liderin xilaskarlıq missiyasını öz üzərinə götürdüyünü xatırlatdı: “Sual yarana bilər: sən alim idin, universitetdə dərs deyirdin, niyə məktuba imza atdın? Mən o vaxt Danimarkada və Finlandiyada tədqiqat işləri ilə məşğul olmuşdum. O ölkələrdə dövlətin necə olduğunu müşahidə etmişdim. Düşündüm ki, bizim də elə bir dövlətimiz qurula bilər və bunu yalnız Heydər Əliyev qura bilər. Belə də oldu...”

“Hələ Kəlbəcərə getməmişəm”

Şagirdlərdən birinin “Artıq torpaqlarımız düşmən işğalından azad olunub. Doğma yurdunuza səfər etmisinizmi?” sualına qonaq “Məni yaxşı utandırdın”, - deyə cavab verdi: “Şuşada iki dəfə olmuşam. Hələ Kəlbəcərə getməmişəm, amma planımda var. Onda gördüklərim haqqında hansı hisslər keçirdiyimi danışaram...”, - deyə cavab verdi.

“Sovet dövründəki təhsillə indiki dövrün təhsili arasında hansı fərq var?” - deyə auditoriyadan səslənən suala qonaq belə cavab verdi: “Təhsillər müxtəlif olub.  Keçmiş hakimiyyət fəhlə və kəndli uşaqlarının oxuması üçün hər cür şərait yaradırdı. Hətta aulda  da məktəb açırdı ki, orada olan çobanın uşağı oxusun. Orada kollektivə təhsil vermək dəyəri vardısa, indi ayrı-ayrı fərdlərə təhsil vermək dəyəri var. İndiki təhsil o təhsildən həm məzmunca, həm idarəetmə, həm də qiymətləndirmə baxımından fərqlidir. Bununla belə, biz o təhsili də yüksək qiymətləndiririk”.

“Təhsil ixtisaslar üzrə getməlidir”

“Son illərdə həyata keçirilən təhsil islahatları haqqında fikirləriniz maraqlıdır”, - deyə məktəblilərdən biri soruşdu: “Təhsil 3 hissədən ibarətdir: təhsilin idarəedilməsi, təhsilin məzmunu və biliyin qiymətləndirilməsi. Hər üç sahədə qüsurlar var. Təhsil kollegial idarə olunmalıdır. Əgər bir firmanı tək əllə idarə edirsənsə, təhsillə mədəniyyətdə bu keçmir. Çünki bu sahələr o qədər mürəkkəbdir ki, onu bir adamın idarə etməyə gücü çatmaz. Təhsildə vacib amil müəllimdir. Bilik ondan uşağa gedir. Direktordan, nazirdən və ya nazir müavinindən getmir. Onlar hamısı müəllimə qulluq etməlidirlər. Biz o məqama çatanda təhsilimiz düzələcək. Səhv bu prosesin fəlsəfəsindədir. Ümumi orta təhsil bir az qüsurludur. Təhsil ixtisaslar üzrə getməlidir. Bir uşaq futbolçu doğulubsa, onu həndəsədən, cəbrdən imtahan etməyin nə mənası var? Qoy idman məktəbinə getsin. Musiqiçidirsə, fizikanı, biologiyanı öyrətməyin nə mənası var? Yəni təhsil ibtidai sinifdən sonra gimnaziyalar və ya  ixtisaslaşmış məktəblər şəklində davam etsə, biz uğur qazanacağıq. Son elmi tədqiqatlar da bunu göstərir. İdeal məktəb yaratmaq dünyanın heç yerində mümkün deyil. Məktəbdə kimsə əlaçı olacaq, kimsə də pis oxuyacaq. Hamını əlaçı eləmək mümkün deyil. Bu uşaqların hər biri Allah tərəfindən istedadlı doğulub, amma hər birinin öz ixtisası var. Bu baxımdan, mən hamının orta ümumtəhsil məktəbində oxumasının əleyhinəyəm. Hər bir uşaq öz istedad və bacarığına görə məktəbdə təhsil almalıdır”.

Biliklərdən çox düşüncəni öyrənmək 

Məktəblilərdən biri nəsillərarası mübahisə və müqayisə ilə bağlı sual ünvanladı: “Yaşlılar bəzən gənc nəsildən şikayətlənir. Bizlərə tövsiyəniz nədir?” Professor gəncləri ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etməyə çağırdı: “Yaşlı nəslin ən böyük işi güclü gənc nəsil yetişdirməkdir. Gənc nəsil yetişdirmək üçün, Heydər Əliyevin dediyi kimi, gənclərə nəyi və necə öyrətməyimiz əsas şərtdir.

 Dünya sürətlə dəyişir. Riyaziyyatçıların çox istifadə etdiyi “texnoloji simulyarlıq” termini var. Yəni çox qısa zaman müddətində texnoloji dəyişiklik baş verir. Deyək ki, kitab çapı ilə qol saatının ixtirası arasında 300 il vaxt keçmişdi. Saatın ixtirası ilə motorun ixtirası arasında 100 ilə yaxın vaxt keçdi.  Sonra böyük ixtiralar arasında zaman məsafəsi 50, daha sonra 10 illərə endi. Dünyada tanınmış bəzi firmalar yox oldular. Rəqəmsal şəkil meydana çıxandan sonra lentli fotoqrafiya sənayesi tamamilə çökdü. Buna “texnoloji simulyarlıq” dövrü deyirlər. Bu dövrdən baş çıxarmaq üçün biliklərdən çox düşüncəni öyrənmək, zamanı düzgün qiymətləndirmək lazımdır”.

Təranə Məhərrəmova

 

banner

Oxşar Xəbərlər