• cümə, 26 Iyun, 06:07
  • Baku Bakı 24°C

Yumurta bazarında eniş dalğası

26.06.26 02:40 27
Yumurta bazarında eniş dalğası

Son günlər marketlərdə yumurtanın kəskin ucuzlaşması müşahidə edilir. Ekspertlər bunu mövsümi amillər, təklifin tələbi üstələməsi ilə əlaqələndirirlər və payıza qədər qiymətlərin alıcılar üçün münasib olacağını proqnozlaşdırırlar. 

Son günlər yumurta bazarında müşahidə olunan qiymət enişi geniş ajiotaj yaradıb. Bir neçə ay əvvəl bahalaşma ilə gündəmə gələn məhsul hazırda əks tendensiya nümayiş etdirir. Bazarda yaranan vəziyyət yumurta qiymətlərinin yay aylarında necə dəyişəcəyi ilə bağlı sualları da artırıb.

Ekspertlər hesab edirlər ki, yaxın aylarda yumurta bazarında vəziyyət həm daxili istehsal göstəricilərindən, həm də istehsal xərclərinin dinamikasından asılı olacaq. Mütəxəssislərin fikrincə, yay mövsümündə yumurtaya olan tələbatın nisbətən azalması qiymətlərin sabit qalmasına və ya müəyyən qədər ucuzlaşmaya şərait yarada bilər. 

Bazar iştirakçıları bildirirlər ki, qiymətlərin uzun müddət aşağı səviyyədə qalması istehsalçılar üçün müəyyən çətinliklər yarada bilər. Yem, enerji və logistika xərclərinin yüksək olduğu şəraitdə satış qiymətlərinin həddindən artıq enməsi rentabelliyi azalda bilər. Bu səbəbdən istehsalçıların bir hissəsi mövcud qiymətləri qənaətbəxş hesab etmir.

Kəskin ucuzlaşma qiymət artımına təkan verə bilər

İqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, yumurta bazarında müşahidə olunan qiymət enişinin əsas səbəbi tələbatın azalması deyil, təklifin tələbi üstələməsidir: “Burada əsas amil bazarda məhsul bolluğunun yaranmasıdır. Yəni, qiymətlərin aşağı düşməsini birbaşa istehlak tələbinin zəifləməsi ilə əlaqələndirmək düzgün olmazdı. Hazırda bazarda təklif kifayət qədər çoxdur və bu da qiymətlərə aşağı istiqamətdə təzyiq göstərir. Eyni zamanda, havaların isti keçməsi yumurtanın saxlanılması və realizasiyası ilə bağlı riskləri artırır. Belə vəziyyətdə istehsalçılar və satıcılar məhsulun xarab olmasının qarşısını almaq üçün onu daha aşağı qiymətə satmağa üstünlük verirlər. Bu isə qısa müddətdə istehlakçılar üçün əlverişli görünsə də, istehsalçılar baxımından arzuolunan deyil. Çünki məhsulun maya dəyərindən və ya rentabellik səviyyəsindən aşağı qiymətə satılması sahibkarların maliyyə itkiləri ilə üzləşməsinə səbəb olur”.

Ekspertin sözlərinə görə, bazarda baş verən kəskin ucuzlaşmaların uzunmüddətli təsirləri də nəzərə alınmalıdır. Belə ki, zərərlə işləyən istehsalçılar növbəti dövrlərdə istehsal həcmlərini azaltmağa məcbur qala bilərlər. Nəticədə bazara çıxarılan məhsulun miqdarı azalır, təklif daralır və bu da sonrakı mərhələdə qiymətlərin yenidən yüksəlməsinə zəmin yaradır. “Bazar iqtisadiyyatında tez-tez müşahidə olunan tendensiyalardan biri də məhz budur. Kəskin qiymət enişindən müəyyən müddət sonra təklifin azalması fonunda bahalaşma baş verir. Ona görə də hazırkı ucuzlaşmanın gələcək aylarda qiymətlərə necə təsir göstərəcəyini istehsalçıların davranışı müəyyən edəcək”, – deyə X.Kərimli vurğulayıb.

İqtisadçı qeyd edib ki, qiymətin aşağı olması məhsulun keyfiyyəti ilə bağlı tələbləri dəyişmir. Onun fikrincə, məhsulun hansı qiymətə satılmasından asılı olmayaraq, istehsalçı və satıcılar keyfiyyət standartlarına tam riayət etməli, istehlakçıların sağlamlığı üçün hər hansı risk yaratmamalıdırlar. “İstehlakçıya təqdim olunan yumurta xarab olmamalı, saxlanma və satış qaydalarına uyğun şəkildə bazara çıxarılmalıdır”, – deyə ekspert əlavə edib.

Bazarda təklif tələbi üstələyib

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli isə yumurta bazarında müşahidə olunan ucuzlaşmanın bir neçə səbəbdən qaynaqlandığını bildirib. Onun sözlərinə görə, hazırda ölkədə yumurta istehsalı daxili tələbatı tam ödəməklə yanaşı, onu əhəmiyyətli dərəcədə üstələyir.

M.Həsənli qeyd edib ki, qiymətlərin aşağı düşməsində ilk növbədə mövsümi amillər rol oynayıb. Belə ki, gün işığının uzanması fərdi təsərrüfatlarda saxlanılan toyuqların məhsuldarlığını artırıb və bazara əlavə yumurta çıxarılıb. Eyni zamanda sənaye üsulu ilə fəaliyyət göstərən quşçuluq müəssisələri də istehsal həcmlərini artırıblar ki, bu da bazarda təklifin daha da genişlənməsinə səbəb olub.

Assosiasiya sədrinin sözlərinə görə, qiymətlərə təsir edən digər vacib amillərdən biri ixracın zəifləməsidir. O bildirib ki, son dövrlər logistika sahəsində yaranan çətinliklər, xüsusilə İran üzərindən daşımalar zamanı müşahidə olunan problemlər ixrac imkanlarını məhdudlaşdırıb. Nəticədə xarici bazarlara yönəlməli olan məhsulun bir hissəsi daxili bazarda qalıb və bu da təklifin artmasına təsir göstərib.

M.Həsənli təhsil ilinin başa çatmasının da bazara müəyyən təsir göstərdiyini vurğulayıb. Onun sözlərinə görə, məktəblərin bağlanması, insanların tətilə çıxması və istehlak vərdişlərində baş verən dəyişikliklər yumurtaya olan gündəlik tələbatın azalmasına səbəb olub. Bu amillərin məcmusu qiymətlərin aşağı düşməsini sürətləndirib.

"Yay aylarında yumurtanın qiymətində müəyyən qədər əlavə azalma da mümkündür. Bəzi hallarda qiymətlər 10-12 qəpik səviyyəsinə qədər enə bilər. Lakin bu vəziyyət uzunmüddətli olmayacaq və sentyabr ayından etibarən bazarda daha balanslı qiymətlərin formalaşacağını gözləyirik", – deyə o bildirib.

“Yumurtanın maya dəyəri 12 qəpikdir”

M.Həsənli qeyd edib ki, hazırda bir ədəd yumurtanın orta maya dəyəri təxminən 12 qəpik təşkil edir. Bundan aşağı satış istehsalçılar üçün birbaşa maliyyə itkisi deməkdir. Onun sözlərinə görə, hazırda ölkədə gündəlik yumurta istehlakı təxminən dörd milyon ədəd olduğu halda, istehsal həcmi altı milyon ədədə yaxınlaşır. Məhz bu fərq bazarda məhsul bolluğu yaradaraq qiymətlərin aşağı düşməsinə səbəb olur.

M.Həsənli vurğulayıb ki, son illərdə dövlətin kənd təsərrüfatı və quşçuluq sektoruna göstərdiyi dəstək nəticəsində ölkədə yumurta istehsalı əhəmiyyətli dərəcədə artıb. Onun sözlərinə görə, artıq bir neçə ildir ki, bazarda təklif tələbi üstələyir və bunun nəticəsində yumurta qiymətlərində ciddi bahalaşma müşahidə olunmur. "Bu, bazar iqtisadiyyatının əsas qanunlarından biridir. Təklif tələbdən çox olduqda qiymətlər aşağı düşür. Son illərdə yumurta bazarında bir neçə dəfə analoji vəziyyət yaşanıb və hazırkı proses də həmin tendensiyanın davamıdır", – deyə sədr bildirib.

Sevinc Abbasova 

banner

Oxşar Xəbərlər