• şənbə, 17 Oktyabr, 03:59
  • Baku Bakı 21°C

Yerli məhsullarımızın Avropa sınağı

17.10.26 02:40 25
Yerli məhsullarımızın Avropa sınağı

Avropa İttifaqı bazarına çıxış əldə edən Azərbaycan müəssisələrinin sayı 2-dən 12-yə yüksəlib. Ekspertlər hesab edirlər ki, sayın artmasına baxmayaraq, bu istiqamətdə görüləcək işlər də az deyil. 

Azərbaycan müəssisələrinin Avropa İttifaqı (Aİ) bazarına çıxışı son illərdə müəyyən qədər genişlənib. Aİ-yə məhsul ixracına icazə verilmiş müəssisələrin sayı 2018-ci ildəki 2-dən 2025-ci ildə 12-yə yüksəlib. Bu, say baxımından altıqat artım deməkdir. Bununla belə, Azərbaycanın iqtisadi və ixrac potensialı nəzərə alındıqda, Aİ bazarına çıxış əldə edən müəssisələrin ümumi sayının hələ də olduqca məhdud olduğu görünür. Akvakulturada yetişdirilən nərəkimilərin kürüsünün Aİ-yə ixracına icazə verilməsi, Azərbaycanın heyvan mənşəli məhsullar ixracına icazə verilən ölkələr siyahısına daxil edilməsi və fındıq ixracında “yaşıl dəhliz” rejiminin tətbiqi mühüm irəliləyişlər kimi qiymətləndirilə bilər. Lakin bu addımlar Azərbaycan məhsullarının Avropa bazarında geniş və dayanıqlı təmsilçiliyinə çevrilmək üçün hələ kifayət etmir. Bəs görəsən müəssisələrimiz Aİ bazarına çıxış üçün hansı tələbləri yerinə yetirməlidir? Azərbaycan şirkətləri Aİ-nin böyük istehlak bazarındakı imkanlardan niyə tam istifadə edə bilmir?

Qeyri-neft ixracı baxımından mühüm nailiyyət

İqtisadçı Eyyub Kərimli bildirib ki, Avropaya ərzaq və kənd təsərrüfatı məhsulları ixrac edən müəssisələrin sayının artması müsbət haldır: “Bu, ölkədə qeyri-neft sektorunun inkişafı və qeyri-neft ixracının genişlənməsi baxımından əlavə nailiyyətdir. Eyni zamanda, bu, ixrac gəlirlərinin artırılması üçün mühüm imkanlar yaradır. Amma onu da qabartmaq lazımdır ki, bu gün kənd təsərrüfatı məhsullarımızın Avropa bazarına ixracı ilə bağlı müəyyən çətinliklər mövcuddur və bu istiqamətdə ciddi işlər aparılmalıdır”.

E.Kərimli vurğulayıb ki, əsas məsələlərdən biri Azərbaycan müəssisələrinin Avropa standartlarına uyğunlaşdırılmasıdır: “Fermer təsərrüfatlarının ISO standartlarını əldə etməsi üçün dövlət tərəfindən dəstək göstərilməlidir. Avropada qida məhsulları ilə bağlı ciddi tələblər və yüksək standartlar mövcuddur. Bununla belə, Azərbaycan məhsullarının təbiiliyi və genetik modifikasiya olunmuş məhsulların payının aşağı olması onları Avropa bazarında rəqabətli edə bilər. Təbii və keyfiyyətli kənd təsərrüfatı məhsullarımızın bu bazarda kifayət qədər böyük potensialı var”.

“Fermerlərin konsolidasiyası vacibdir”

İqtisadçının sözlərinə görə, Aİ-yə ixrac icazəsi əldə edən müəssisələrin sayı növbəti illərdə daha da artmalıdır. Bunun üçün fermerlərin konsolidasiyası və kooperasiyaların yaradılması, istehsalçıların maarifləndirilməsi, onlayn ticarət platformalarının inkişaf etdirilməsi, eləcə də müvafiq beynəlxalq standartların əldə olunması istiqamətində ciddi fəaliyyət göstərilməlidir. Bu prosesdə dövlət fermerlərə və sahibkarlara daha geniş dəstək verməlidir.

“12 müəssisə başlanğıc mərhələsi üçün normal göstəricidir”

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc bildirib ki, müəssisələrin sayının 2-dən 12-yə yüksəlməsi müsbət dinamikadır və inkişaf göstəricisi hesab oluna bilər: “Kənd təsərrüfatı və qida istehsalı potensialı yüksək olan Azərbaycan kimi ölkə üçün, təbii ki, 12 müəssisə, hətta 120 müəssisə belə az sayıla bilər. Lakin nəzərə almaq lazımdır ki, Avropa bazarına daxil olmaq üçün fərqli və kifayət qədər sərt tələblər mövcuddur”.

V. Oruc qeyd edib ki, məhsulların sertifikatlaşdırılması, standartlara cavab verməsi və Avropa bazarında mövcud olan məhsullarla keyfiyyət göstəriciləri baxımından uyğunluq təşkil etməsi tələb olunur: “Bu tələbləri hər bir müəssisə yerinə yetirə bilmir. Bununla belə, müayinə tezliyinin 20 faizə endirilməsi və ixrac üçün sertifikat tələbinin aradan qaldırılması müsbət tendensiyadır. Bu, göstərir ki, Azərbaycan məhsulları artıq Avropa bazarında müəyyən qədər özünü təsdiqləyir”.

“Aİ bazarında əsas tələb qida təhlükəsizliyidir”

İqtisadçı vurğulayıb ki, Aİ bazarında qida təhlükəsizliyi, məhsulların izlənəbilən olması, laboratoriya nəzarəti və istehsal proseslərinin müvafiq standartlara uyğunluğu ilə bağlı tələblər kifayət qədər sərtdir: “Bu tələblər yalnız postsovet ölkələri üçün deyil, dünyanın bütün dövlətləri üçün tətbiq olunur. Avropa İttifaqı bu standartlar vasitəsilə həm daxili bazarını qoruyur, həm də istehsal olunan məhsulların rəqabət qabiliyyətini artırır. Eyni zamanda, bazarın yüksək keyfiyyət və prestij səviyyəsini qorumaqla daha keyfiyyətli məhsulların öz bazarına daxil olması üçün şərait yaradır”.

Ekspert bildirib ki, 12 müəssisə Azərbaycanın ixrac potensialı ilə müqayisədə başlanğıc mərhələsi üçün normal göstərici sayıla bilər. Lakin bu rəqəmlə kifayətlənmək düzgün deyil: “Əgər yeddi-səkkiz il ərzində müəssisələrin sayı 2-dən 12-yə yüksəlibsə, bunu çox böyük göstərici hesab etmək olmaz. Lakin mövcud şərtləri, Azərbaycan bazarının hazırkı səviyyəsini və postsovet məkanının xüsusiyyətlərini nəzərə alsaq, bu vəziyyəti ciddi şəkildə tənqid etmək də düzgün deyil. Əsas məsələ bundan sonra Avropa bazarına daxil olmaq üçün zəruri şərtlərin təmin edilməsidir”.

Müəssisələr hansı tələblərə cavab verməlidir?

V.Oruc deyib ki, ilk növbədə istehsal müəssisələri beynəlxalq standartlara uyğunlaşdırılmalıdır: “ISO sertifikatlaşdırmasının tətbiqi, idarəetmə prinsiplərinin yenilənməsi, ekoloji təmizlik, məsuliyyət və sosial məsuliyyətlilik kimi prinsiplərin müəssisələrin istehsal və idarəetmə proseslərinə inteqrasiyası vacib şərtlərdir. Təəssüf ki, Azərbaycanda bir çox müəssisə hələ də keçmiş sovet dövrünün idarəetmə prinsipləri ilə fəaliyyət göstərir. Müasir yanaşmalar tətbiq edən müəssisələr olsa da, onların sayı kifayət qədər deyil”.

Ekspert vurğulayıb ki, ikinci mühüm məsələ məhsulların istehsalı üzrə laboratoriya və nəzarət sistemlərinin qurulmasıdır: “Müayinə və sənədləşmə prosesləri yüksək səviyyədə təşkil edilməli və Avropa standartlarına uyğun şəkildə aparılmalıdır”
V.Oruc bildirib ki, məhsulun xammal mərhələsindən hazır məhsula qədər izlənəbilənliyinin təmin olunması əsas tələblərdən biridir. 

Zərif Salmanlı

banner

Oxşar Xəbərlər