• cümə axşamı, 28 mart, 17:08
  • Baku Bakı 16°C

Yaz yağışı bərəkət gətirir, yoxsa... 

21.05.22 03:30 2022
Yaz yağışı bərəkət gətirir, yoxsa... 

Mütəxəssislərin fikrincə, havaların yağışlı keçməsi yaz əkini üçün faydalıdır. Çünki yaz əkini bitkilərinin yaxşı inkişaf etməsi üçün yağıntı vacibdir. Torpağın müəyyən hissəsi nəmlənməlidir ki, bitkilər normal şəkildə inkişaf etsin. Amma taxılın çiçək dövrü hesab olunduğu üçün havanın yağıntılı keçməsi məhsuldarlığa  mənfi təsir edə bilər. 

Ötən ilin sonlarından başlayaraq Azərbaycanda yağışların yağmamasını, havaların günəşli keçməsini quraqlığın əlaməti kimi qeyd edirdilər. Havaların quraq olmasının əkin işlərinə, suvarmaya ciddi təsir edəcəyi ilə bağlı ekspertlər tərəfindən iddialar irəli sürülürdü. Hətta vəziyyət o yerə çatmışdı ki, Kür çayının Salyan rayonundan keçən hissəsi qurumuş, şirin suyu dəniz suyu əvəzləmişdi. Çayda heç vaxt olmadığı kimi, kiçik adacıqlar yaranmışdı. Bir çox mütəxəssislər əhalinin içməli su ilə təmin edilməsində də problemlərin olacağını proqnozlaşdırırdı. Əlbəttə, içməli suyun olmaması sosial problem yarada bilərdisə,  suvarma suyunun olmaması da məhsuldarlığa mənfi təsir göstərməklə ərzaq qıtlığına mənfi təsir göstərəcəkdi. 

May ayına xas olmayan hava 

Əslində, qlobal istiləşmə bu günün problemi deyil. Bütün dünya bununla mübarizə tədbirlərinə başlayıb. O cümlədən Azərbaycan hökuməti də. Ölkə ərazisində su ehtiyatlarının artırılması, istehlakçıların içməli su və suvarma suyu ilə təchizatının yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli Sərəncam ilə “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı” təsdiq edilib.  Əlbəttə ki, bütün bunlar qabaqlayıcı tədbirlərdir. Amma 2022-ci ilin mart ayının sonlarından başlayaraq ölkə ərazisinə düşən yağıntının miqdarı artmağa başladı. Yağıntılı hava şəraiti aprel ayında da davam etdi. Bir sıra ərazilərdə çaylarda qısamüddətli daşqınlar müşahidə edildi. May ayının ilk ongünlüyündə də bütün ölkə ərazisində yağıntılı hava müşahidə edildi. İndi də bəzi mütəxəssislər yağıntın həddindən artıq çox olmasının kənd təsərrüfatına mənfi təsir edəcəyini bildirir. Maraqlıdır, yaz yağıntısı özü ilə bərəkət gətirəcək, yoxsa təsərrüfatlara ziyan vuracaq? May ayına xas olmayan belə hava şəraitinin hansı müsbət, hansı mənfi təsirləri ola bilər? 

“Taxılın çiçək dövrü hesab olunur və...”

Mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Cəfər İbrahimli bildirdi ki, hazırda havaların yağıntılı keçməsi bir sıra bitkilər üçün müsbət təsir göstərirsə, başqa bitkilər üçün mənfi təsir göstərir: “Misal üçün, indi taxılın çiçək dövrü hesab olunur və bu mənada havanın yağıntılı keçməsi ona mənfi təsir edir. Çünki çiçək dövründə yağışlar yağırsa, bu, mayalanmaya imkan vermir. Bu da məhsuldarlığın aşağı düşməsinə səbəb ola bilir”.

Yazlıq bitkilər üçün müsbətdir

Ekspert qeyd etdi ki, indi həm də yaz əkini dönəmidir və pambıq, günəbaxan, qarğıdalı kimi bitkilər əkilib: “Bu kimi bitkilər üçün isə yağış yağması müsbətdir. Çünki yaz əkini bitkilərinin yaxşı inkişaf etməsi üçün yağıntı vacibdir və bu, ilkin başlanğıc dövrüdür. Yəni məhsuldarlığın yuxarı olması üçün yağışın bol olması yaxşıdır. Torpağın müəyyən hissəsi nəmlənməlidir ki, bitkilər normal şəkildə inkişaf etsin. Bu baxımdan məhz belə yazlıq bitkilər üçün yağışların yağması müsbətdir, lakin taxılın məhsuldarlığına mənfi təsir edəcək”.

“Meyvəçiliyə elə bir təsiri yoxdur”

Meyvə ağaclarına belə yağışların təsiri ilə bağlı danışan mütəxəssis vurğuladı ki, ağacların çiçək dövrü artıq bitib: “Hesab edirəm ki, bu dövrdən sonra yağışın olmasının bağ məhsullarına, meyvəçiliyə elə bir təsiri yoxdur. Fikrimcə, indiki vəziyyətdə daha diqqətçəkən məqam taxılla bağlıdır. Taxılın ərzaq təhlükəsizliyində yeri başqadır və dünyada baş verənlərin fonunda bu məsələ daha da aktuallaşır”.

“Yağışlar uzunmüddətli olsa...”

Coğrafiya elmləri doktoru, professor Çingiz İsmayılov bildirdi ki, yağıntıların uzunmüddətli olması bir çox bitkilərə müsbət təsir göstərəcək: “Eləcə də yağışla qidalanan çayların suyunda artım özünü göstərməyə başlayıb. Əlbəttə ki, bu, təbiidir və qeyri-adi heç nə baş vermir. Sözsüz ki, bu yağışlar uzunmüddətli olsa, problem yarada bilər. Belə ki, çayların daşmasına, sel və daşqının yaranmasına gətirib çıxarar. Ancaq quraqlıq şəraitində bu yağışlar əlverişlidir və kənd təsərrüfatının inkişafı baxımından müsbət amil kimi qiymətləndirilir”.

“Hər şey yaydan asılı olacaq”

Professorun sözlərinə görə, daha çox yağıntının yağması ilə yarana biləcək sel və daşqınlar nəticəsində həm kənd təsərrüfatına, həm də insanlara ziyan dəyə bilər. Yəni yağıntılar dağıdıcı fəlakətlərin yaranması ilə nəticələnər: “Bu da öz növbəsində insanlar üçün əlavə sosial problem yaradar. Ənənəvi çaylar var ki, uzunmüddətli yağışlar olanda daşqınlar yaranır. Buna misal olaraq, Şəkidəki Kiş çayını göstərmək olar. Eyni zamanda belə sel və daşqınlar yararlı torpaqlara mənfi təsir göstərir, yazlıq əkin bitkilərini məhv edir”.

Ç.İsmayılov Azərbaycanda quraqlıq olub-olmayacağı ilə bağlı cəmiyyətdə gedən müzakirəyə toxunaraq qeyd edib ki, indi bu məsələni proqnozlaşdırmaq çox çətindir. Qonşu ölkələr bununla bağlı müxtəlif proqnozlar verir. Amma hər şey yayda havanın temperaturundan asılı olacaq. Bəlkə isti günlər azaldı, yay aylarının ortasında hava mülayimləşdi, yaxud 40 dərəcə temperatur sentyabr ayına qədər davam edəcək. Yəni hər şey yay dövrünün temperaturuna bağlıdır”.

Bəxtiyar Məmmədli
   

banner

Oxşar Xəbərlər