• çərşənbə axşamı, 24 dekabr, 03:30
  • Baku Bakı 4°C

Yaşarı unutmaq mümkün deyil

25.11.23 05:30 7612
Yaşarı unutmaq mümkün deyil

22 noyabr Xalq artisti Yaşar Nurinin xatirə günü idi. Unudulmaz aktyor xoş xatirələrlə anılır. Dostları, sənət yoldaşları onu əvəzolunmaz sənətkar, sədaqətli dost, qayğıkeş tərəf müqabili kimi xatırlayırlar.  


Özü haqqında “Nadiri taxtda görən adam” deyirdi. Baxmayaraq ki, yaşı o qədər də çox deyildi, amma həyatın dərsləri, oynadığı obrazların sanbalı, sənətinin ağırlığı, insanlara olan münasibəti, tamaşaçıların sonsuz sevgisi bu sözləri deməsinə haqq verirdi. Xalq artisti Yaşar Nurini 22 noyabr - xatirəsi günündə xatırlayan sənət dostları da onu təkcə bütün xalqın sevdiyi, sənətdə izi qalan aktyor yox, həm də başqalarına kömək edən, gənclərin hamisi adlandırırlar.

“Yaşar həyatdan erkən getdi...”

Xalq artisti, rejissor Mərahim Fərzəlibəyov “Yaşar Nuri hərtərəfli aktyor idi. O, yumor, satira, komediya janrlarında oynayırdı, amma qəlbində dramatik insan obrazı vardı. Hər komik aktyor dramatik rollar oynaya bilmir, amma Yaşar bunu çox gözəl bacarırdı”, - deyə sənət dostunu xatırlayır:

“Bu, Yaşarın gənc vaxtında televiziyada çəkilən “Səni axtarıram” tamaşasında oynadığı rolla özünü göstərdi”. M.Fərzəlibəyov Yaşar Nuri ilə bir neçə tamaşada işləyib, birlikdə “Ölülər” filmində çəkiliblər: “Bir rejissor kimi çox təəssüf edirəm ki, Yaşar həyatdan erkən getdi, o, hələ çox rol oynaya bilərdi. Aktyorun yaşı olmur. Yaşlı aktyoru cavan aktyor əvəz edə bilməz və etmir də. Yaşar Nuri xoşbəxt sənətkar olub, çünki həmişə tamaşaçıların yadında qalıb. Onun oynadığı filmlər həmişə göstərilir, haqqında kitablar yazılır, məhəbbətlə xatırlanır. Onu heç vaxt unutmurlar. Çünki Yaşarı unutmaq mümkün deyil!”

Yaşar bu gün yoxdur...

Xalq artisti Səidə Quliyeva deyir ki, Yaşar Nuridən səhnədə çox şey öyrənib: “Yaşar elə bir aktyor idi  ki, o, öz oyunu ilə tərəf müqabilinə kömək edirdi. Bu xüsusiyyət nadir aktyorlara məxsusdur. Aktyor var, səhnəyə çıxır, roluna uyğun oynayır və tərəf müqabilini qətiyyən düşünmür. Amma Yaşar çoxşaxəli idi. Mən ondan çox şey öyrənmişəm. Aktyora lazım olan bütün xüsusiyyətlər onda toplanmışdı. Yaşarın yüksək fantaziyası vardı. Bir obrazı hazırlayırdısa ətrafdakı insanları müşahidə edə-edə, hərədən bir detal götürərək onu dolğunlaşdırırdı. Yaşar diqqətli aktyor, sənətini sevən insan idi. Çox nizam-intizamlı idi.

Səhər 10-da məşq başlayacaqdısa o, saat 9-dan teatrda olurdu. Bu da sənətə sevgisindən, ətrafda olan insanlara hörmətindən irəli gəlirdi”. S.Quliyeva Yaşar Nurini “tamaşaçının dostu” adlandırır: “Yaşar tamaşaçıların sevimlisi idi. O, insanlarla dostluq edirdi. O, doğma aktyor idi. Üzündə sanki “şeytan tükü” vardı. Hətta inciyəndə də ona nifrət etməyi bacarmırdın. Lətifələr danışır, ətrafını elə maraqlı edirdi ki, ondan incimək olmurdu. Həyatsevər insan idi. Mən ona bənzərini görmürəm. Ondan sonra aktyorlara Yaşarın rolları paylandı, amma çoxu imtina etdi. Çünki Yaşarda olan sevimlilik o aktyorlarda yox idi. Yaşar xoşbəxt aktyor idi. Sağ olanda da sevilirdi, dünyasını dəyişəndən sonra da sevilir”.

“Yaşardan ancaq yaxşılıq görmüşəm”

Yaşar Nuri həmişə müsahibələrində “Mən yeganə aktyoram ki, həm Akademik Teatrda, həm Opera Teatrında, həm Musiqili Komediya Teatrında oynamışam. Həm də kinoda çəkilmişəm”, - deyirdi. Bu, həqiqətən də belə idi...

Dövlət Musiqili Teatrının aktyoru Ələkbər Əliyev xatırlayır: “Yaşar Nuri mənə dərs deməsə də, diplom tamaşamıza baxmışdı. Biləndə ki, mənim təyinatımı Musiqili Teatra veriblər baş rejissor Vaqif Abbasova “Mənim tələbəmin təyinatını sizə veriblər. Onun çox gözəl səsi var və gözəl aktyordur, ondan muğayat olun”, - deyə tapşırmışdı. Yaşardan ancaq yaxşılıq görmüşəm. İndi də onun yeri görünür...” 

Sonra tale Ə.Əliyevi yenidən Yaşar Nuri ilə səhnədə görüşdürüb. Musiqili Teatrda eyni səhnəni bölüşüblər: “İş elə gərirdi ki, Yaşar Musiqili Teatrda “Subaylarınızdan görəsiniz” tamaşasını hazırladı və mən həmin tamaşada baş rolda oynadım. Seyfi obrazını oynayan aktyor xəstələndiyi üçün Yaşar özü də səhnəyə çıxdı və tərəf müqabil olduq. Ondan sonra Seyfi rolunu çox aktyor oynadı, amma heç biri onu əvəz edə bilmədi. İndi də başqa aktyorlar o rolu oynayır, amma Yaşarın yerini heç kim vermir”. Ə.Əliyev Opera Teatrında “Arşın mal alan” operettasında da Yaşar Nuri ilə tərəf müqabil olduğunu xatırlayır: “Yaşar Soltan bəyi, mən də Vəli rolunu oynayırdım”.

Üzü nə qədər çox gülürdüsə...

Yaşar Nuri səhnədə həmişə gənclərin hamisi olub. Onlara dəstək göstərib, məsləhətini əsirgəməyib. 

Aktrisa Məsmə Aslanqızının yaddaşında da yaxşı insan kimi qalıb: “1995-ci ildə Elçinin “Ah, Paris, Paris” tamaşasının məşqlərinə başladıq. Bir il sonra  tamaşa təhvil verildi. Mən o tamaşada Yaşar Nurinin qızı rolunu oynadım. Bu tamaşa ilə də teatra gəlmişəm. İlk debüt tamaşamda Yaşar Nuri kimi bir sənətkarla səhnəni bölüşmək mənim üçün böyük fəxr idi. Heç kəs inanmırdı, amma bu xoşbəxtlik mənə nəsib oldu. Yaşar Nuri ilə səhnəyə çıxmaq həm fəxr hissi idi, həm də o, səni heç vaxt pis vəziyyətdə qoymurdu. Gənc aktrisa idim - söz də yadımdan çıxa bilərdi, 500 nəfərlik auditoriya qarşısında özümü itirə də bilərdim. Bu qədər tamaşaçı qarşısında oynamaq 1-ci kurs tələbəsi üçün çox çətin idi. Amma Yaşar müəllim yanımda olduğu üçün çox rahat idim”.

M.Aslanqızı sonradan Yaşar Nuri ilə “Mənim ərim dəlidir”, “Mənim sevimli dəlim”, “Hamlet”, “Sokratı anma gecəsi” və s. tamaşalarda da tərəf müqabil olub: “Yaşar Nuri ilə səhnəni bölüşmək adama zövq verirdi. Onunla bir neçə il çiyin-çiyinə işlədim, bircə dəfə də görmədim ki, hansısa gənc aktyorun xətrinə dəysin. Xudbinliyi yox idi, sadə və mehriban insan idi. Kənardan ona baxanda bəlkə də çoxları fikirləşirdi ki, heç bir dərdi yoxdur. Amma üzü nə qədər çox gülürdüsə, bir o qədər içində çəkirdi. O, çox həssas idi. Elə aktyorlar var ki, onlardan sonra yerləri daim görünür. Həsənağa Turabov, Kamal Xudaverdiyev, Səyavuş Aslan, İlham Əsgərov, Telman Adıgözəlov, Ramiz Novruz, Yaşar Nurinin yerini də heç kəs verməyəcək”. 

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər