bazar ertəsi, 08 avqust, 20:27

Baku Bakı 23°C

Xarici şirkət Azərbaycan şirkətinə həmtəsisçi olmaq üçün nə etməlidir?

icon 179 icon 05 iyul 2022 | 12:15 Xarici şirkət Azərbaycan şirkətinə həmtəsisçi olmaq üçün nə etməlidir?

Xarici şirkətin Azərbaycan şirkətinə həmtəsisçi olması üçün hansı sənədlər tələb olunur və qeydiyyat şərtləri necədir?

Kaspi.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata götürülməli, həmin dəyişikliyin qeydiyyata alınması üçün bu dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq qeydiyyat orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim olunmalıdır.

Təsisçi dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün yeni təsisçinin (təsisçilərin) qərarı, yeni təsisçinin şəxsiyyətini təsdiq edən sənədin surəti, dəyişikliyi təsdiq edən sənəd (alğı-satqı, bağışlama, dəyişmə müqavilələri) müvafiq ərizə forması ilə birlikdə hüquqi şəxsin qeydiyyatda olduğu vergi orqanına təqdim edilməlidir.

Təsisçi xarici hüquqi şəxs olduqda, onun xarici ölkədə qeydiyyatını təsdiq edən sənədlər – qeydiyyat şəhadətnaməsinin (reyestrdən çıxarışın) və digər sənədlərin notariat qaydasında təsdiq olunmuş surəti leqallaşdırılmaqla (xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən sənədlər, o cümlədən 1961-ci il tarixli Haaqa Konvensiyası nəzərə alınaraq) ərizəyə əlavə olunmalıdır.

Həmçinin hüquqi şəxslərin qeydiyyatına dair ərizə və sənəd nümunələrini Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinin “Bir pəncərə” bölməsinin “Lazımi sənədlər” alt bölməsindən, kommersiya hüquqi şəxsin məlumat dəyişikliyi üçün lazımi sənədlərin siyahısını isə “Xidmətlər” bölməsinin “Vahid standartlar” alt bölməsindən əldə etmək mümkündür.