• cümə axşamı, 25 aprel, 11:50
  • Baku Bakı 14°C

Xalça bərpaçılığı sənəti unudulmaq üzrədir - SƏNƏT SÖHBƏTİ

25.02.23 03:00 1846
Xalça bərpaçılığı sənəti unudulmaq üzrədir - SƏNƏT SÖHBƏTİ

Bərpaçı-rəssam Ulduz Zeynalova: “Mən bu sənətin yaşaması və nəsillərdən-nəsillərə keçməsi üçün bir məktəb yaratmaq istəyirəm. Hazırda da bu işlə məşğulam. Uşaqlarda xalça bərpasına olan böyük həvəsi görüb sevinirəm. Bu sənəti öyrənmək üçün birinci növbədə həvəs lazımdır”. 

Xalqımızın həyat və məişətində xalçanın həmişə xüsusi yeri olub. Azərbaycanda elə bir ev olmaz ki, xalçasız olsun. Xalça təkcə ev əşyası deyil, gözəllik, estetika, mədəniyyətdir. Amma xalçalar həm də korlanır. Bu baxımdan, onların bərpası da toxunuşu qədər vacibdir. Müsahibim əntiq xalçalar üzrə yüksək dərəcəli bərpaçı-rəssam Ulduz Zeynalovadır.

“Öyrənmək üçün birinci növbədə həvəs lazımdır”

1989-cu ildən xalça bərpası ilə məşğul olan Ulduz xanım deyir ki, Azərbaycan xalqının həyatına, məişətinə, mədəniyyətinə, estetik duyumuna xalça qədər dərindən nüfuz edən ikinci sənət növünü göstərmək çətindir:  “Azərbaycan xalçaları əsrlər boyu yalnız Azərbaycanda və Qafqazda deyil, dünyanın bir çox ölkələrində şöhrət qazanıb. Hələ eramızdan əvvəl yunan tarixçisi Heradot bu coğrafiyada insanların xalçaçılıqla məşğul olduğunu yazıb. Xalçada işlənmiş bütün bəzək elementləri real həyatdan götürülmüş insan, heyvan, quş və məişət təsvirləridir. Amma xalçalar da zamanla korlanır. Onların bərpası çox vacib, həm də ən qədim peşələrdən biridir və qeyri-maddi mədəni irs kimi UNESCO-nun siyahısına daxil edilib. Amma təəssüf ki, unudulmaq üzrədir. Mən bu sənətin yaşaması və nəsillərdən-nəsillərə keçməsi üçün bir məktəb yaratmaq istəyirəm. Hazırda da bu işlə məşğulam. Uşaqlarda xalça bərpasına olan böyük həvəsi görüb sevinirəm. Bu sənəti öyrənmək üçün birinci növbədə həvəs lazımdır”. 

“Bərpaçı da gərək bərpaçı olsun”

“Biz şərq ölkəsiyik. Bu gün də bizdə xalçaya maraq həmişəki kimi yüksəkdir” deyir bərpaçı xanım: “Bilirik ki, Azərbaycanda xalça bir dəyərdir və demək olar ki, hər bir evdə var. Qədim, nəsillərdən-nəsillərə keçən, yadigar qalan xalçalar var ki, zamanla korlanır. Bəzən düzgün saxlanılmadığına görə güvə zədələyir, didilir-dağılır, saçaqları tökülür. Bu cür xalçaların mütləq bərpaya ehtiyacı olur. Amma bərpaçı da gərək bərpaçı olsun. Əgər bu sənətə gəlirsənsə, gərək bu işin bütün özəlliklərini biləsən, peşəkarı olasan. Yoxsa gördüyün iş xalçanın üstündə yamağa bənzəyəcək, özün də bərpaçı yox, yamaqçı olacaqsan. Birincisi, gərək rəngləri düzgün seçəsən. İplər müxtəlifdir, naziyi var, qalını var. Onları da düzgün seçmək vacibdir. Məsələn, əgər xalça yun sapla toxunubsa, dağılmış hissəni sən də eynən həmin cür yun sapdan bərpa etməlisən. Əgər əldə olan saplarda xalçada olan rəng yoxdursa, sapı həmin rəngə boyamalısan. Dəqiq rəngi əldə etməsən, bərpa alınmayacaq”. 

“Bərpa olunan hissənin köhnəldilməsi düzgün aparılmalıdır” 

Ulduz xanım deyir ki, xalçada bərpa olunmuş hissənin köhnəldilməsi də düzgün aparılmalıdır: “Zaman keçdikcə istər-istəməz xalçanın saplarının rəngi öz şuxluğunu itirir. Bərpa olunan hissə təzə saplarla toxunduğundan fərqlənir. Ona görə də bərpa zamanı gərək bir ton açıq rəngli sap götürəsən. Çünki toxuyandan sonra xovu kəsəndə sapın rəngi bir ton tünd görünür. Ən vacib məqam budur. Bundan başqa, illər keçdikcə xalça əvvəlki vəziyyətini itirir, xovları yapıxır. Amma yenicə bərpa olunan hissədə xovlar da yeni olduğu üçün daha şişkin olur. Bərpadan sonra həmin hissəni döyəcləmək lazımdır. Onda xov yatır və digər hissələrdən fərqlənmir”.  

“Bu işdə çox diqqətli olmaq lazımdır” 

“Bəzən olur ki, xalçanın ana haşiyəsinin bir hissəsi dağılmış olur” deyir bərpaçı: “İllərlə düzgün saxlanılmayan xalçanın sapları çürüyür, tökülür. Bu halda xalçanın tam ölçüsünə uyğun çərçivə sifariş olunur. Xalça ona çox xırda mismarlarla vurulur. Yun sapdan ərişlər (yuxarıdan-aşağı gedən iplər) çəkilir. Ərişin rəngini tam almadan bərpaya başlamaq olmaz. Əgər əlimizdəki yun sapın rəngi xalçadakından açıqdırsa, onu təbii boyalarla rəngləməli və məhz həmin rəngi almalıyıq. Bundan ötrü çay, qəhvə, nar, qoz, soğan qabığından istifadə edirik. İpin qalınlığı da çox önəmlidir. O da xalçanın özündəki kimi olmalıdır”. Bərpaçı onu da bildirir ki, bölgələrimizin özünəməxsus xalça məktəbi və hər bir bölgəyə aid ornamentləri var: “Bərpaçı-rəssam həmin ornamentlərin adını, formasını, toxunuş qaydasını bilməlidir ki, bərpa vaxtı səhv etməsin. Tam qalmış hissəyə baxmalı, həmin ornamenti dəqiqliklə eyni cür bərpa etməlidir. Bu işdə çox diqqətli olmaq lazımdır”.

“Xalçaları təbii yollarla təmizləmək daha yaxşı olar”

Ulduz xanım xalçaların düzgün saxlanma qaydalarından da danışdı: “Xalçaları qorumaq, daha uzunömürlü etmək üçün naftalindən, ağ neftdən istifadə edirlər. Mən bunun əleyhinəyəm. Ən yaxşısı, xüsusi xalça otları və ya tütün yarpaqlarıdır. Onlar xalçanı güvə zədələməsindən qoruyur. Bundan başqa, xalça düzgün yuyulmalıdır. İndi çox vaxt yuyucu tozlardan istifadə edirlər. Bu, düzgün deyil. Havada olan toz xalçanın xovunun dibinə yığılır. Onu təbii yollarla təmizləmək daha yaxşı olar. Məsələn, qədimdə xalçaları dərindən təmizləmək üçün ildırım çaxan vaxt həyətə sərirmişlər. İldırım düşdükcə onun dibindəki daşlaşmış tozlar parçalanıb təmizlənirmiş. Bundan başqa, xalçaları qarla, yağış suyu ilə də yuyublar”.

“Azərbaycanda xalça bərpasının əsasını Rəhim Pənahi qoyub” deyir bərpaçı-xanım: “Amma Təbrizdə də bərpa sənəti çox geniş yayılıb. Fərqimiz budur ki, biz masa üzərində bərpa edirik. Onlar yerdə bardaş qurub oturur, diz üstündə bərpa edirlər. Bir də ki toxunuş fərqi var, onlar əksinə ilmə atırlar. Türkiyədə də bərpa çox geniş yayılıb”. 

Söhbətləşdi: Xanım Aydın
Fotoqraf: Rüfət Mikayılov 

 

 

 

banner

Oxşar Xəbərlər