• cümə, 29 Mart, 17:06
  • Baku Bakı 14°C

Uğurumuz birliyimizin arxasında gizlənir Fotolar

28.05.13 09:48 12419
Uğurumuz birliyimizin arxasında gizlənir Fotolar
“Motor! Başladıq! ....” Şənbə günləri tamaşaçıların maraqla seyr etdiyi “Bacanaqlar” serialının çəkiliş məkanında ilk olaraq bu sözləri eşitdik. Gözümüzlə gördüyümüz, qulağımızla eşitdiyimiz məqamları sizinlə də bölüşmək istədik.
Nəzərinizə çatdırım ki, “Bacanaqlar” serialı Azərbaycanda komediya üzərində qurulmuş ən uzun ömürlü serial sırasına daxil olub. Serialın yaradıcısı hesab olunan aktyorlar əvvəlcə “Qonşular” serialını çəksələr də, sonradan başqa bir layihə ilə fəaliyyətlərini davam etdiriblər.
Əvvəlcə 5 nəfərlə serialı çəkməyə başlayan kollektiv zaman ötdükcə formatı dəyişərək gündəmə uyğun olan bölümlər hazırlamağa başlayıb. Serialın mövzusu, adından bəlli olduğu kimi, bacanaqların hər gün yaşadığı problemlər və başlarına gələn əhvalatlardan bəhs edir. Serialın əsas qəhrəmanları isə bacanaqlar - Qismət və Talehdir. Taleh fırıldaqçı, loru dildə desək, “moşennik”dir. Qismət isə sadə və avam insandır. Bunlar bir-birilərinə tam zidd olan obrazlardır. Senarist Taleh kimi bir bacanağın Qismətin qarşısına çıxmasını onun taleyi, Taleyin isə Qismət kimi bacanağı olmasını bunun onun qismətinə yazılması kimi göstərməyə çalışıb.
Adətən film və serialın hər hansı bir bölümü 8-9 dubla çəkildiyi halda, sözügedən serialın yalnız 1-2 dubla çəkildiyinin şahidi oldum. Böyük bir otağı zəbt edən çəkiliş məkanı 4 hissədən və bir balkondan ibarətdir. Belə ki, otağın bir hissəsini qonaq otağı olan səhnə, ikincisini kafe olan səhnə, digərini mətbəx və dördüncüsünü isə kafenin qapısının girəcəyi təşkil edir. Serialın yaradıcı kollektivi bizimlə söhbət zamanı çəkiliş zamanı yaşadıqları məzəli əhvalatları da bölüşdülər.
Böyük risk etdim
Serialda qayınana - Ceyran obrazını canlandıran xalq artisti Firəngiz Mütəllimova insanları güldürməyin çətin olduğunu və bacardıqları qədər tamaşaçıları güldürməyə çalışdıqlarını bildirdi. Onun sözlərinə görə, artıq 4 ildir ki, bu kollektivlə çalışır və çox sayda gələn serial təkliflərinin heç birini qəbul etməyib: “Bir həftə bir-birimizi görməyəndə darıxmağa başlayırıq. Serial efirdə yayımlanan zaman çox gülürəm. Düşünürəm ki, mən gülürəmsə, deməli ekran qarşısında əyləşən tamaşaçılarımız da gülür. Yerli seriallarımızda iştirak etmək üçün çox təkliflər almışam. Heç bir serialda çəkilməyə razılıq verməmişəm, çünki bu kollektivə sıx bağlıyam. Bəzən fikirləşirəm ki, bu serialdan çıxıb necə başqa bir serialda iştirak edə bilərəm? Burdakı insanlar mənə çox doğmadır. Kollektivdən razıyam ki, burdayam. “Bacanaqlar” serialında çıxış edən zaman Azərbaycanda heç bir serial çəkilmirdi. O zaman böyük risk etdim. Sənətdə də, həyatda da risk etməyi sevirəm. Həmin zaman məni qınayanlar da çox oldu, tərifləyənlər də. Üzümə deməsələr də, kənarda deyirlər ki, Firəngiz Mütəllimova bayağı seriala çəkilir. Amma oturub diqqətlə baxdıqda, görürük ki, “Bacanaqlar” serialı Azərbaycan tamaşaçısı üçün çox lazımlıdır. Burada elə şeylər var ki, hər bir insan öz payını götürür. Gənclərlə işləməyi sevirəm. Kaş ki hər kəs bu kollektiv kimi öz işinə məsuliyyətlə yanaşaydı. 4 ildə bir gün belə olsun, çəkiliş meydançasına gecikməmişəm. Seriala çəkilərkən görsəydim ki, bayağı serialdır, elə birinci seriyadan çıxıb gedərdim. Həyatda elə insan tanıyıram ki, serialdakı kürəkənim fırıldaqçı Taleh onun yanında toya getməlidir”.
Kasıb bacanaq obrazını canlandıran Elnur Hüseynov serialın sitqom janrında olmasını və məqsədlərinin insanları əyləndirmək, qısa müddətə də olsa öz problemlərini unutdurmaq üçün çalışdıqlarını söylədi: “4 ildir ki, bu kollektivlə birlikdə çalışırıq. Artıq bir-birimizi görməyə adət etmişik. Hər həftə sonu görüşürük. Elə bir vəziyyət yaranıb ki, bir həftə kimisə görməyəndə darıxırıq. Evdə serialı izləyən insanların reaksiyalarına baxıram. Onların mimikalarından nə dərəcədə uğurlu və ya uğursuz alındığını bəlli etmiş oluram. Bizim üçün Firəngiz Mütəllimova, Fatma Mahmudova kimi peşəkar aktrisalarla işləmək fəxrdir. Biz onlardan hər dəfə nəsə öyrənirik. Elə rəhmətlik Yaşar müəllim bir dəfə də olsun çəkiliş meydançasına gecikməyib. Bu gün bacanağı ilə yola gedən adam çox azdır. Mən tanıdığım adamlardan bacanağı ilə yola gedəni yoxdur. Bir misal çəkim. Üzeyir Hacıbəyovla Müslüm Maqomayev bacanaq olublar. O zamanlar bəstəkarlarımız möhkəm dost idilər. Sonra münasibətləri pozulub. Düzdür, Üzeyir bəy öləndə başının üstündə bacanağı olub. Ancaq özümün bacanağım olmayıb, tanıdığım bacanaqlar isə heç yola getmirlər”.
Biz fərqliyik
Serialın baş qəhrəmanı, hər obrazı ilə insanları güldürməyə çalışan Elməddin Cəfərov bizimlə söhbətinə serialın çəkilişi zamanı kamera arxasında baş verən maraqlı hadisələrdən danışdı. Onun sözlərinə görə, kamera arxasında filmdəkindən də maraqlı hadisələr baş verir: “Filmi çəkərkən elə məqamlar olub ki, çəkiliş tam qurtarıb, baxmışıq ki, bir çox yerlər kadra düşməyib, oturub bir bölümü təzədən çəkmişik. Bir dəfə bütün seriyanı çəkib qurtarmışıq, axırda səs rejissoru deyib ki, bəs səsləndirmə nə zaman olacaq? Yəni film səssiz yazılıb... Gecəyə kimi oturub bölümü yenidən çəkmişik. Əslində həmin an insan çox əsəbiləşir. Həmin an insandan həddindən artıq enerji gedir. Ümumiyyətlə, əgər filmə bütün enerjini sərf etmirsənsə, o zaman film süni alınır. “Bacanaqlar”-ın digər seriallardan bir üstünlüyü var ki, hər kəs öz obrazını təbii oynayır. Misal üçün, bizdə ssenari müəllifi Ənvər Abbasov həm də aktyordur. Mən özüm həm baş redaktor və baş prodüser olduğum halda, həm də aktyor kimi çalışıram. Başqa adamı serialın rejissoru qoysaq, bizim fantaziyalarımızı təqdim edə bilməyəcək. Bir də var ki, ssenarini yazan həm də aktyordur, özü bilir ki, aktyora nə lazımdır və o nə istəyir. Biz bilirik ki, bunu belə desək, tamaşaçı bunu necə anlayacaq. Bura bizim evimizdir. Biz burada həm yazırıq, həm səsləndiririk, həm montaj edirik, bütün işlərimizi burada görürük. Uğurumuz birliyimizin arxasında gizlənir”.
“Baş redaktor və prodüser olaraq kollektivin işindən razısınızmı” sualımıza cavab olaraq aktyor, kollektivin işindən tam razı qalmağın uçurum olduğunu qeyd etdi: “Elə mən özümdə də çəkilişdən sonra hansısa nöqsanları görürəm. Həzrəti Əlinin bir kəlamı var, deyir “Hər doğru hər yerdə söylənilməz”. Bəzi yerdə göz yummaq, bəzi yerdə susmaq, bəzi yerdə mütləq danışmaq lazımdır. Bəzən susmaq verilə biləcək ən böyük cavabdır. Bəzən isə mütləq nəsə deməlisən. 8 ildir bir yerdəyik. “Bacanaqlar” serialı ilə isə 4 ildir ki, efirdəyik. Həyatdakı bacanağımla rola gedirəm, amma yol getmirəm. Hər kəs özünü görə bilsin deyə, serialda həyatdakı bacanaqları götürürük, onların hamısını Talehlə Qismətin üzərində cəmləyirik”.
Serialın ssenari müəllifi, polis Ənvər və Aşbaz Abbas rollarını canlandıran Ənvər Abbasov serialın ssenarisini həyati hadisələrdən qələmə aldıqlarını söylədi: “Serialdakı hadisələr hər bir Azərbaycan ailəsində baş verir. Misal üçün, bacı öz bacısı ilə dolanmır. Onlar bir araya gələndə heç də mehriban deyillər. Bacanaqların yalnız mində biri mehriban ola bilir. Elə bacanaqlar var ki, bir yerdə deyib-gülürlər, amma içlərində bir-birilərini qəbul etmirlər. Bizim işimiz də onları ssenariləşdirib ekrana gətirməkdir ki, həmin insanlar özlərinə baxıb gülsünlər. Başqa seriallarda elədir ki, ssenari yazılır, internet vasitəsi ilə işçilərə ötürülür. Ssenaristin xəbəri olmur ki, çəkilişdə hansı problemlər yaranıb. Amma bizdə elə deyil. Ssenarini yazdıqdan sonra da baxırıq görək nə zəifliklər var. Nəyisə artırırıq, nəyisə ləğv edirik. Biz həm də obrazlarımızı səmimi və təbii oynamağa çalışırıq. Ümumiyyətlə, çəkilən yerli seriallarda aktyorların oyunundan narazıyam. Filmə baxdıqda görürük ki, mimika tam o deyil, yəni tam olaraq obrazın insana nə demək istədiyini çatdıra bilmirlər. Seriallarımızda çəkilən aktyorlar sifətlərini oynada bilmirlər”.
İstəyən gəlsin
Qismətin həyat yoldaşı Vəfa obrazını canlandıran aktrisa Ləman İmanova da serial iştirakçıları ilə mehriban və bir ailə münasibətində olduqlarını söylədi: “Bizim kollektivdə hər kəs birdir, yəni quruluşçu rejissor, ya da texniki heyət işçisi olsun, heç kimə fərq qoyulmur. Firəngiz xanımla Akademik Milli Dram Teatrında bir səhnəni çox bölüşürəm. Onunla bir səhnəni bölüşmək və bir serialda oynamaq mənim üçün şərəfdir. O, həyatda mənə çox doğma bir insandır. Xəyalə ilə isə elə həyatda da bacı kimiyik. Səmimi, istiqanlı biridir. Çəkilişdən kənar maraqlı elə hadisələr baş verir ki, tamaşaçı bundan xəbərsizdir. Bacardığımız qədər ekran arxasında oturan izləyicilərimizi güldürməyə çalışırıq. Bunun nə qədər alınıb-alınmadığını tamaşaçılar daha yaxşı deyə bilərlər”.
Serialın quruluşçu rejissoru, Məhəbbət obrazını canlandıran Ramin Hacıyev serialın kollektivin məhsulu olduğunu və heyətdən tam razı qaldığını bildirdi. Onun sözlərinə görə, kamera qarşısında olduğu kimi, kamera arxasında da çox maraqlı hadisələr baş verir. Aktyor serialda iştirak etmək istəyənlərə də təklif verdi: “Kimsə serialımızda iştirak etmək istəyirsə, ancaq kafe səhnəsində gəlib çəkilə bilər. Tamaşaçılarımıza qapımız hər zaman açıqdır”.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər