• cümə axşamı, 25 aprel, 14:24
  • Baku Bakı 23°C

Uşaqlığı cibində olan adam – KEÇMİŞDƏKİ MƏN

21.02.23 08:30 3247
Uşaqlığı cibində olan adam – KEÇMİŞDƏKİ MƏN

Ötən gün Xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktyoru Ramiz Novruz dünyasını dəyişib. R.Novruzun "Kaspi" qəzetinin 12 iyun 2015-ci il tarixli sayında dərc edilmiş müsahibəsini yenidən oxuculara təqdim edirik. 

Ramiz Novruz: “Üçüncü kursda atam xəbər tutdu ki, İncəsənət İnstitutunda təhsil alıram”

Dost-tanışları onu uşaqlığı cibində olan adam kimi tanıyırlar. Sənətə başlayanda həvəsi, təşnəsi nə qədər idisə, indi də elədir. Deyir ki, 3-5 rol oynayandan, ad alandan sonra dahi olduğunu düşünsən, batdın. Müsahibimiz Xalq artisti, Prezident mükafatçısı, çoxlarımızın yaddaşında Həzi Aslanov kimi qalan Ramiz Novruzdur...

“Anam Səməd Vurğunu çox sevirdi”

Əsli Lerikdən olan Ramiz Novruz 25 may 1955-ci ildə Biləsuvar rayonunun Səmədabad qəsəbəsində dülgər ailəsində doğulub. Həmişə R.Novruz atası Qəvvam kişiyə zarafatla “yekə kişisən, Berlinə kimi gedib çıxmısan, özün də kommunistsən, camaat gedib raykomda işləyir, sən dülgərsən” deyərdi. Atası da özünü sındırmaz və İsa peyğəmbərin də dülgər olduğunu bildirərdi. Qəvvam kişi dindar olsa da, oğluna heç cür dini öyrədə bilmir.

Evdar qadın olan anasının təbii zəkası sayəsində həmişə ətrafdakı hadisələrə öz baxışı olurdu. Səməd Vurğunu çox sevir, hətta şairin şəklini görəndə belə gözləri dolurdu: “Məktəbdə oxuyanda Mayakovskinin “Sovet pasportu” şeirini əzbərləyirdim. Anam şeiri xoşlamadığını bildirdi. Qeyd edim ki, şeirin sonunda da belə misra var idi. “Alın a, yana-yana qalın a”. Anama dedim, nə danışırsan, Səməd Vurğun özü yazıb ki, bütün şairlər sıraya düzülsün, yoldaş Mayakovski komandan olsun. Dedi, “ola bilməz ki, Səməd Vurğun belə şeir yazana yaxşı sözlər desin. O nədir arvad kimi yandı-qındı verir ki, yana-yana qalın”.

Müsahibimiz hesab edir ki, onda yaradıcı nə varsa, anasından keçib.

Quzu itirən

Atasının mövqeyindən baxanda balaca vaxtı çox pis uşaq olduğunu deyir. Amma öz mövqeyinə gəlincə, yaxşı uşaq olub: “Futbol oynamağı xəstə kimi sevirdim. Bundan başqa, qoyun-quzunu otlağa aparanda, Allaha təvəkkül deyib, heyvanları başlı-başına buraxır, tamaşa hazırlayardıq. Hər gedəndə bir quzu itirirdim. Buna görə də məni quzu itirən kimi tanıyırdılar”.

“Dəqiq fənlər üzrə müəllimlərim məndən əl çəkdilər”

Orta məktəbdə oxumasına gəlincə, etiraf edir ki, beyni dəqiq elmlər sahəsində o qədər də irəli getməyib. Amma bunun əvəzində məktəbdə keçirilən bütün tədbirlərdə iştirak edib. Buna görə də dəqiq elmləri yaxşı oxumasa da, müəllimləri ona hörmətlə yanaşırdılar. IX sinifdə baş verən bir hadisədən sonra müəllimlərin ona olan hörməti birə-beş artır. “Mən kim olmaq istəyirəm” mövzusunda olan inşanı açıq məktub kimi yazır. Məktubda aktyor olmaq istədiyini bildirir. Arxasınca gedəcəyi sənəti səmimi şəkildə etiraf etdiyinə görə müəllimlər ona daha da hörmətlə yanaşırlar. İnşa maraqlı yazıldığı üçün məktəbdə əl-əl gəzir. R.Novruzu incidən riyaziyyat, həndəsə, kimya müəllimləri sözügedən inşadan sonra ondan əl çəkirlər. Artıq rüblüklərdə qiymətləri yazılır.

Kağız rulonu daşıyan fəhlə işləyir

Orta məktəbi qurtaranda sənədlərini sevdiyi ixtisasa, aktyorluğa vermək istəyir. Valideynləri isə onu aktyorluqdan başqa bütün sahələrdə - həkim, hüquqşünas və s. kimi görmək istəyirdilər. Buna görə R.Novruz məcbur qalıb sənədlərini indiki Dövlət Pedaqoji Universitetinə verir və kəsilir. İnstitutdan kəsildikdən sonra 26-lar mətbəəsində fəhlə kimi işə başlayır: “Böyük kağız rulonlarını maşından boşaldıb mətbəəyə gətirirdik. Mən güləşlə məşğul olduğuma görə güclü idim. İri kağız rulonlarını ən çox mənə etibar edirdilər”.

“İncəsənətdə oxuduğumdan atam 3-cü kursda xəbər tutdu”

Bir il işlədikdən sonra sənədlərini ailəsindən gizli indiki Dövlət Mədəniyyət və İncəsənət Universitetinə verir. Bu dəfə də yazılı imtahandan kəsilir. Yazdığı inşanı indiyə qədər sözbəsöz xatırlayır: “Mövzu Hacı Qara idi. Yazını belə başlamışdım. “Qarşımda bir kitab var, vərəqləyirəm, Mirzə Fətəli Axundov, komediyalar. Molla İbrahimxəlil kimyagər, Dərviş Məstəli Şah, Hacı Qara. Yazılma tarixindən neçə il keçməsinə baxmayaraq, teatrlar hələ də bu əsəri tamaşaya qoyur”. Yazıda bir sözü qrammatik cəhətdən səhv yazmışdım və 7 dəfə həmin sözü işlətmişdim. Əslində, bu, bir səhv sayılsa da, 7 səhv kimi qeyd etmişdilər. Bir dostumla gedib yazını yoxladıq və institut rektorunun yanına getdik. Rektor Rahib Hüseynov inşanı oxuyub dostuma dedi ki, “gəl, bir az səmimi olaq, girişini oxu. Axı belə yazını abituriyent yaza bilməz”. Dostum yazıya bir də nəzər salıb, tərs-tərs mənə baxdı. Birdən ayıldı və Rahib müəllimə onunla razılaşdığını və belə bir yazını abituriyentin yaza bilməyəcəyini dedi. Arxasınca da qeyd etdi ki, “siz mənə Azərbaycanda belə bir şparqalka olub olmadığını göstərin”. Rahib müəllim, “düz deyirsən, belə şparqalka ola bilməz”, -dedi. O, mənə inandı və vəd etdi ki, istənilən instituta daxil olsam, məni İncəsənət İnstitutuna köçürəcək. O vaxt İncəsənətdə imtahanlar digər universitetlərə qəbuldan iki ay tez başlayırdı. Mən indiki Pedaqoji İnstituta daxil oldum. Rahib müəllim dedi ki, qəbul olduğum il məni köçürə bilməz, bir il İncəsənət İnstitutunda azad dinləyici kimi dərslərdə iştirak etməliyəm. Mən Pedaqoji İnstitutdakı dərslərdən yarımçıq qaçıb İncəsənət Universitetindəki dərslərdə otururdum. Rahib müəllim də sözünün üstündə durdu və təhsilimi İncəsənət İnstitutunda davam etdirdim”.

İncəsənət İnstitutunda oxuduğundan atası 3-cü kursda xəbər tutur: “Çox dilxor oldu. Hətta yay tətillərində evimizə gedəndə, üzümə baxmırdı. İnstitutu bitirəndən bir müddət sonra “Həzi Aslanov” filmində çəkildim. 1984-cü ildə televiziya ekranlarında filmdən parçalar görəndə, özü də müharibə veteranı olduğundan təsirlənmişdi. Ondan sonra dedi ki, “deyəsən, ciddi işə oxşayır”. Sonra yavaş-yavaş işimi qəbul etməyə başladı. Amma təəssüflər olsun ki, “Həzi Aslanov” filmini tam şəkildə görə bilmədi”.

“Azmamaq üçün divarları tabaşirlə xətləyirdim”

R.Novruzun Bakı ilə tanışlığı da maraqlı olub. Ana nənəsi Bakıda yaşadığından ilk dəfə 8-ci sinifdə onlara qonaq gedib: “Birinci günlər şəhərdə gəzəndə əlimdə tabaşir olurdu, getdiyim küçələrin kənarına balaca xətt çəkirdim ki, azmayım. Məni belə öyrətmişdilər. Sonra həmin tabaşir xətləri ilə yavaş-yavaş qayıdırdım. Çox da uzağa getməyə cəsarət etmirdim. “Nizami” kinoteatrının qarşısında qaldığımızdan birbaşa Dənizkənarı Parka gedir, gəzirdim, sonra küçəni tapıb geri qayıdırdım. İkinci dəfə Bakıya instituta sənəd verəndə gəldim. Bəzən rayondan, kənddən gələn gənclərin şəhər yerində davranmağını görəndə fikirləşirəm ki, evolyusiya yolu ilə, yavaş-yavaş şəhərə öyrəşmək daha yaxşıdır. Bizim vaxtımızda Bakıya əvvəlcə sənəd verməyə gəlirdin. Sonra universitetin 1-cu kursunda oxumağa gələndə evdən tapşırırdılar ki, şəhər yeridir, özümüzü yaxşı aparaq. Bir il biz şəhəri öyrənirdik, adamlar metroya necə girir, avtobusa necə minir, bir-biri ilə necə davranır və bir-birinə kömək edir. Rusca bilməməyimiz faciə idi, çünki şəhərin 90 faizi rusca danışırdı. Elə bil Azərbaycanda deyildin. İkinci kursda bulvara çıxmağı, bilyard oynamağı öyrənirdik. Artıq nələrəsə qoşulurduq. Üçüncü kursda şəhər uşağına oxşayırdıq, onlar kimi davranmağı bacarırdıq. 4-cü kursdan artıq şəhər mühitinə tam öyrəşir və bizdə yerli əhalinin vərdişlərinə hörmət etmək vərdişi yaranırdı. Hərdən deyirlər ki, şəhər korlanıb. İndi şəhər həyatını bilməyən insan birdən-birə buraya düşür və özünü kənddəki kimi aparmaq istəyir. İstəyir, hamı onu olduğu kimi qəbul etsin. Bu da mümkün deyil. Əgər şəhərə gəlmisənsə, buranın adətləri ilə getməlisən. Xaricə gedəndə onların qaydalarına əməl etdiyimiz kimi, şəhərdə də şəhərin adətlərini nəzərə almalıyıq”.

“Polis bizi tutdu”

R.Novruz tələbəlikdə başına gələn maraqlı əhvalatı da bizimlə bölüşdü: “Birinci kursda etüdlər hazırlayırdıq. O vaxt dərsə münasibət indiki kimi deyildi. Bazar günləri institutun qapısını açdırır, məşqlər edirdik. Bir dəfə institutda məşq etmək imkanımız olmadı. Sabahısı imtahanımız idi. İnstitutumuzun yataqxanası Yasamalda köhnə “Sevil” kinoteatrının yanında yerləşirdi. Əvvəllər Qəzənfər Musabəyovun heykəli olan yerin arxası böyük bağ idi. Tələbə yoldaşım Fərhadla qərar gəldik ki, bağda məşq edək. Mən quldur, dostum polis idi. Dava səhnəsində vuruşma başladı. Mən ona, o mənə əl atır, bıçaqla vururmuş kimi edirdim. Qan-tər içində qalmışdıq. Səhnəni dəfələrlə təkrar edirik ki, sabaha yadımızdan çıxmasın. Bir də gördük, kolların arasından 4 polis çıxdı. Qışqırdılar ki, “dayanın, nə edirsiniz, niyə bir-birinizi qırırsınız”. Bizi tutub işıqlı yerə apardılar. Tələbə olduğumuzu və imtahana hazırlaşdığımızı dedik. İnanmırdılar, tələbə biletimizi göstərdik, üzümüzdə də çapıq-yara yox idi deyə, üzr istəyib buraxdılar. Deməyəsən, yaxınlığımızdan keçən qadınlar polislərə xəbər veriblər ki, iki nəfər bir-birini öldürür, bıçaqlaşırlar”.

İndiki gənclərin aktyorluğa istedadının olub-olmadığına gəlincə, müsahibimizin sözlərinə görə, əvvəllər çox ümidsiz imiş: “Düşünürdüm ki, sondur, bundan sonra heç nə olmayacaq. Axı, bizdə bu sənətə bir az çörəksiz sənət kimi baxırlar. Bu yaxınlarda keçirilən Gənclərin Teatr Festivalında münsiflər heyətinin üzvü idim. Rayonlardan o qədər istedadlı uşaqlar festivala qatılıb parçalar hazırladılar ki, heyran qaldım. Çox sevindim ki, belə uşaqlarımız var. Bizim teatrımızda da studiya açılıb. Mənə xoşdur ki, gənclər universiteti bitirsələr də, özlərini inkişaf etdirmək üçün gəlib bizim studiyada məşqlər edirlər. Ümidverici, unikal, bacarıqlı cavanlarımız var. Kaş onların sənətə həvəsləri, təşnələri gələcəkdə də qalsın. Mənə həmişə deyirlər ki, uşaqlığı cibində olan adamdır. Tələbə vaxtı sənətə hansı həvəsdə idimsə, indi də o həvəsdəyəm. O uşaqlığı saxlamaq çox vacibdir”.

Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər