Ümid yükdaşımalaradır
Müstəqillik illərində bölğələrdə inşa olunan hava limanlarının işləkliyini təmin etmək problem olaraq qalır. Ekspertlər bu aeroportların daha çox yükdaşımalar üçün cəlbedici olduğu qənaətindədirlər.
Müstəqillik dövründə Azərbaycanın bölgələrində - Lənkəran, Zaqatala, Yevlax, Qəbələ və Gəncədə hava limanları yenidən quruldu. Bəziləri, demək olar, sıfırdan inşa edildi və bu məqsədlə milyonlarla vəsait xərcləndi. Onları saxlamaq üçün də hər il xeyli resurs sərf edilir. Amma bu aeroportların bəzilərinin nə gedəni var, nə də gələni... Bəs bölgələrimizdəki hava limanlarını niyə aktiv işlədə bilmirik?
Təyyarə ilə Lənkərana, Qəbələyə, Gəncəyə getmək?
Mövzu ilə əlaqədar fikirlərini “Kaspi”yə bölüşən nəqliyyat eksperti Rauf Ağamirzəyev hesab edir ki, ölkədaxili daşımalarda məsafə qısa olduğundan bölgə hava limanları rentabelli olmur. Amortizasiya xərcləri, təyyarənin tez-tez qalxıb-enməsinin aşınmanı sürətləndirməsi qısa məsafəli uçuşları əlverişsiz edir: “Ölkədaxili daşımalar bizdə yalnız Bakı-Naxçıvan, Bakı-Gəncə, Gəncə-Naxçıvan istiqamətlərində mövcuddur. Alternativ nəqliyyat olduğu halda kim bir saata Lənkərana, Qəbələyə, yaxud Gəncəyə getmək üçün böyük məbləğdə pul ödəmək istəyər? Nəzərə almaq lazımdır ki, vaxta qənaət məsələsində də təyyarə ilə səyahət o qədər əlverişli deyil. Çünki reysqabağı hazırlıq üçün hava limanına ən azı saat yarım öncə getmək lazımdır. Hava limanları isə adətən, şəhərdən kənarda yerləşir və ora gedib çatmaq xeyli vaxt tələb edir. Bütün bunları nəzərə alanda, qeyd etdiyimiz rayonlara təyyarə ilə səyahət minimum üç saata başa gəlir. Ona görə də alternativ olaraq dəmir yolu ilə səyahət sərnişinlər üçün daha rahat və sərfəlidir”.
İşləklik üçün digər variantlara köklənmək lazımdır
Ekspert qeyd etdi ki, bölgələrdəki hava limanlarının işləkliyini təmin etmək üçün digər variantlara köklənmək lazımdır. Məsələn, son zamanlar dünyada hava nəqliyyatı ilə yükdaşımalar artmaqdadır. Biz də bölgələrdəki limanlardan bu məqsədlə istifadə edə bilərik: “Ölkəmizin coğrafi mövqeyi çox əlverişlidir, hava dəhlizlərinin altındadır. İstənilən ekstremal vəziyyətdə təyyarələrin Azərbaycanda təcili eniş etməsinə, ehtiyac yaranarsa, yanacaq doldurmasına imkanlar var. Ölkənin daxilində bir neçə hava limanının olması xarici aviaşirkətlərə çeşidli imkanlar vəd edir”.
Bölgələrdəki hava limanları ölkəmizdə turizmin inkişafına da təkan verə bilərlər. R.Ağamirzəyev xatırladıb ki, 2019-cu ildə Bakıdan Qəbələ və Qubaya helikopter turu ilə bağlı elan verilib: “Turizm şirkətlərindən biri eyni gün gedib-qayıtmaq şərtilə, 12 nəfərlik helikopter turunu adambaşı 1100 manatdan təklif edirdi. Qiymət əlverişli deyildi deyə, təklif maraq cəlb etmədi. Amma daha münasib qiymətə, fərqli və maraqlı helikopter səyahətləri haqqında təkliflər olarsa, bu, ölkəmizi gəzmək istəyən əcnəbilərin, zamanla hətta yerli turistlərin də diqqətini cəlb edə bilər”.
R.Ağamirzəyev qeyd edib ki, Gəncə, Qəbələ və Zaqatala hava limanları həm də qonşu ölkələr üçün çox əlverişlidir. Azərbaycan Avropa ilə Asiyanın tam mərkəzində yerləşir. Bu, tranzit daşımaları baxımından əlavə dəyər deməkdir. Məsələn, Lənkəran hava limanı İrana yaxın ərazidə yerləşir, Mərkəzi Asiya ölkələri ilə Körfəz dövlətləri arasında hab rolunu oynaya bilər. Digər hava limanları da digər ölkələr üçün cəlbedici görünür.
Xarici aviaşirkətlərin qarşısında sədd var
Azərbaycan Turizm Blogerləri Assosiasiyasının İdarə Heyətinin üzvü, tanınmış turizm blogeri Azər İsmayıl isə deyib ki, pandemiyadan sonra Gəncə aeroportundan uçuşların sayı artıb. Hazırda Gəncədən Moskvanın hər üç aeroportuna, İstanbula, Sankt-Peterburqa uçuşlar həyata keçirilir: “Eyni zamanda, Gəncədən Naxçıvana da təyyarə reysi var. Lənkərandan isə yalnız Moskvaya reys həyata keçirilir. Qəbələ aeroportundan ümumiyyətlə, reys yoxdur. Çünki bu aeroportların ölkədaxili səfərlər üçün istifadəsi effektiv deyil. Bakıdan Lənkərana və Qəbələyə avtomobillə iki saat yarım-üç saata çatmaq mümkündür. Gəncəyə isə qatarla üç saat əlli dəqiqəyə getmək olar. Qiymətinə və vaxta qənaətə görə təyyarə reysləri ölkədaxili səfərlər üçün sərnişinlərə sərf etmir”.
A.İsmayıl bildirib ki, Zaqatala aeroportunun mülki uçuşlar üçün istifadəsi yararlı ola bilər: “Məsələn, Bakıdan Zaqatalaya həftədə bir təyyarə reysi təşkil edilərsə, qiymət də münasib olsa, işləkliyin təmin olunması mümkündür. Bunu edə bilsək, şimal bölgəsində turizmin inkişafına, xarici ölkələrdən bura birbaşa səfərlərinin təşkil edilməsinə imkan yaranar”. Bloger onu da deyib ki, bölgələrdəki hava limanlarının beynəlxalq uçuşlar üçün aktivləşməsində əsas maneə viza rejimidir: “Avropa İttifaqının vətəndaşları Azərbaycana viza ilə gəlirlər. Belə olan halda xarici aviaşirkətlərin bölgələrdəki hava limanlarını seçmələri risklidir. Ona görə də, Avropadan ən yaxşı halda paytaxta uçuşlar təşkil edə bilirlər”. Aeroportlar hərbi məqsədlər üçün də istifadə edilir A.İsmayıl bir müddət öncə Türkiyədən Lənkərana təyyarə reyslərinin planlaşdırıldığını xatırladıb.
O təəssüflə qeyd edib ki, bu plan kağız üzərində qalıb: “Qəbələyə isə mövsümi uçuşlar təşkil edilir. Bəzi hallarda Dubaydan və Moskvadan reyslər olur”. A.İsmayıl bildirib ki, bölgələrdəki bəzi aeroportlar hərbi məqsədlər üçün də istifadə edilir. Onların mülki cəhətdən istifadəsini daha da genişləndirmək üçün isə, Azərbaycanın viza tələb etmədiyi ölkələrdən bura birbaşa uçuşların qiymətlərini endirməklə reyslər təşkil etmək mümkündür. Bundan başqa, bu aeroportlarda təyyarələrin parkinq qiymətinin münasib olması da xarici şirkətləri cəlb edə bilər”.
Aysel Aslan