cümə, 09 Iyun, 08:49

Baku Bakı 18°C

Tehran İrəvanı niyə farsca danışdırır? - TƏHLİL

icon 1359 icon 22 mart 2023 | 23:15 Tehran İrəvanı niyə farsca danışdırır? - TƏHLİL

Ermənistan Azərbaycanla yekun sülh sazişini imzalamaq prosesini mümkün qədər uzatmaqla, təmas xəttində gərginlik yaradaraq mövqelərimizi atəşə tutmaqla və "sponsor"larına güvənərək bölgədə yeni hərbi əməliyyatı sanki iplə dartaraq destruktiv siyasət yürütməklə məşğulkən İrandakı məlum qüvvələr də ermənilərə verdiyi dəstəyi gücləndirib.

İran İslam Respublikası ağır sanksiyalar məngənəsində vurnuxaraq üzləşdiyi geosiyasi problemləri həll etməyə çalışır. Problemlər isə həddən ziyadədir: İraqdakı İrana meylli qüvvələr arasında parçalanma pik həddə çatıb, Əfqanıstanda iqtidarda olan "Taliban" hərəkatının liderləri Tehranı aqressiv siyasətdə suçlayaraq münasibətlərdə buz dövrü yaradıblar, Pakistanla münasibətlər son 25 ildə bəlkə də ən kritik həddə çatıb, Türkiyə ilə İran arasındakı əlaqələrdə ciddi durğunluq və anlaşılmazlıq yaranıb, Fars Körfəzi monarxiyaları ilə münasibətlər kağız üzərində normallaşmağa doğru gedərkən reallıqda hər şey tərsinədir.

Ukraynada hərbi əməliyyatlar aparan Rusiyaya hərbi texnika və amunisiya, xüsusilə də zərbə PUA-ları satmaqda suçlanan İran bunun əvəzində Moskvadan hava hücumundan müdafiə sistemləri, SU-35 təyyarələri və s. almağa hazırlaşır. Lakin bu sövdələşmə Qərbdə olduqca ciddi narazılıq yaradıb, qəzəblə qarşılanıb.

İranın Çinl əəlaqələri və birgə layihələri bəyan edilmiş 25 milyard dollarlıq həcmin heç 100 dollarlıq səviyyəsini gerçəkləşdirməyib.

İsraillə qarşıdurma birbaşa hərbi əməliyyatlar ərəfəsinə çatıb.

Səudiyyə Ərəbistanı ilə münasibətlər zahirən stabilləşmə başlanğıcı görüntüsü yaratsa da, gerçək daha kədərlidir.

Problemlərin siyahısı yetərincə uzundur və onların iki səbəbi var: İran hakimiiyyətindəki düşərgələr arasındakı qarşıdurmanın güclənməsi və ölkənin xarici siyasətində buraxılmış kobud səhvlərin ağır fəsadları.

Rəsmi Tehrandakı isteblişmentdəki düşərgələnmə və qruplaşma əslində Polişinel sirridir: İran rəsmiləri bunu qətiyyətlə inkar etsələr də, ölkənin ali dini rəhbəri ayətullahül-üzma Seyid Əli Xamneyiyə daha yaxın mövqelər tutmaq uğrundakı kuluar savaşlar dəfələrlə sürətlənrərək aktivləşib.

Ölkədə son aylarda fasiləsiz davam edən etiraz aksiyaları, iqtisadiyyatın kollaps durumundan çıxa bilməməsi, hiperinflyasiya, milli valyutanın dəyər itkisinin həndəsi silsiləyə dönməsi, İran məhsullarının ixrac bazarlarının əksəriyyətini itirməsi və ən nəhayət, Çinlə Hindistan kimi ənənəvi alıcıların xam neftlə təbii qaz əldə etmək üçün ağır vəziyyətə düşərək diskont qiymətlərə razılaşmış Rusiya Federasiyasına üz tutmaları Tehranın üzləşdiyi çağırışların yalnız, bəziləridir.

İran diplomatiyasının məğlubiyyətləri və uğursuzluqları sadalanarasa, həddən böyük məqalə alınacağından bu fikrimizdən vaz keçirik. Sadəcə, onu vurğulayaq ki, XİN başçısı Hüseyn Əmir Abdullahian vəzifə səlahiyyətlərini məqbul icra etmir. Çətinliklərin həllində ali dini rəhbərin müşaviri, İran XİN-nin de-fakto rəhbəri Əli Əkbər Vilayətiyə ümidlər vardı, lakin o iki ildir ki, aktiv fəaliyyətdən kənarlaşıb.

Sonucda İran diplomatiyasının son illərdəki səhvlərinin fəsadlarının aradan qaldırılması kontr-admiral Əli Şəmxaniyə tapşırılıb. Etnik ərəb olan Şəmxaniyə İranın ali dini rəhbəri tərəfindən geniş səlahiyyətlər verildiyi də vurğulanır.

Amma Şamxaninin fəaliyyətə başlaması İranın siyasi elitalarında və hakimiyyət isteblişmentindəki ifrat mühafizəkar kəsimlə "islahatçılar" adlandırılan düşərgə arasındakı sərt qarşıdurmanı səngitməyib.

Ötən ilin payızında SEPAH-ın bir qrup hərbi qulluqçusu Seyid Əli Xameneiyə qarşı sui-qəsd planlaşdırması ilə bağlı "kompromat"ın məhz indi yayılması məhz bu qarşıdurmanın bariz sonuclarından biri sayılmalıdır.

ABŞ tərəfindən maliyyələşdirilən "Iran International" telekanalının iddiasına görə, 44 səhifəlik gizli sənəddə belə deyilir.

Telekanal bildirib ki, 2022-ci ilin payızında İranda davam edən kütləvi etirazlar zamanı hakimiyyətin əsas dayağı olan "İslam İnqilabı Keşikçiləri Korpusu"nun (SEPAH) bir qrup hərbi qulluqçusu Tehranda dövlət obyektlərini artilleriya atəşinə tutmağı planlaşdırıbmış. Hədəflərdən biri isə İranın ali rəhbəri ayətullah Əli Xameneinin iqamətgahı olub.

Qeyd edilib ki, sui-qəsdin üstü açılıb və həmin hərbi qulluqçular həbs ediliblər.

Bu sənəd Ə.Xamenei ilə SEPAH-ın 45 yüksək rütbəli komandiri və din xadimi arasında yanvarın 3-də baş tutan görüşdən sonra hazırlandığı vurğulanıb.

İclasda bildirilib ki, etirazlar şəxsi heyət və kiçik zabitlərin mənəvi vəziyyətlərinə mənfi təsir göstərib: "Üstəlik, buna sıravi işçilərin əməkhaqlarının aşağı olması şərait yaradıb".

Bundan başqa, hərbçilərin aksiyalar zamanı fərarilik etməsi, həmçinin etirazçılara qarşı zorakılığın tətbiqindən boyun qaçırması, onların nümayişçilərə yardım göstərməsi hallarının olduğu qeyd edilib.

"İclas iştirakçıları Ə.Xameneidən SEPAH hərbçilərinin həbs edilmiş ailə üzvlərinə qarşı yumşaq davranılmasını, həmçinin SEPAH əməkdaşlarının həyat şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görməsini xahiş ediblər", - "İran İnternational" bəyan edib.

SEPAH tərkibində İranın ali dini rəhbərinə qarşı qiyamın olması ilə bağlı iddianın reallıq ehtimalı həddən ziyadə azdır. Çünki məhz SEPAH hazırda rəsmi Tehranın üzvi tərkibi, istinad qüvvəsidir.

Buna rəğmən, SEPAH daxilində də parçalanmalar başlayıb və bəhs etdiyimiz proses strukturun çox ciddi təsir rıçaqlarına malik olduğu mass-media ilə XİN-də də özünü göstərir.

Məsələn, İranın XİN başçısının müavini, SEPAH kreaturalarından sayılan Əli Bağiri Kaninin bu gün Ermənistana yollanaraq İrəvanda keçirdiyi rəsmi görüşlər və müzakirələr deyilənlərə dəlalət edir.

İrəvanda Ermənistanın XİN başçısı Ararat Mirzoyanla danışıqlar zamanı Zəngəzurun, yəni ermənilərin Sünik adlandırdıqları bölgənin "İran üçün müstəsna geosiyasi əhəmiyyət" kəsb etdiyni bir daha vurğulayan Kani Tehranın mövqeyini təkrarlayıb: "İran bəhs olunan məsələdə Ermənistana tam dəstəyini davam etdirəcək".

Yəni İran Zəngəzur dəhlizi layihəsinin reallaşmasını istəmir və niyyətini gerçəkləşdirmək üçün bütün vasitələrdən istifadə edəcəyini açıqlayır.

İran siyasi elitalarında rəsmi siyasəti "idarə etmək" istəyində olan ifrat mühafizəkarların tirajladıqları şüar belədir: "2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanata uyğun olaraq Zəngəzur dəhlizi layihəsi işə düşərsə, İranın Ermənistan vasitəsilə Avropa bazarlarına çıxış yolu bağlanır, bölgədə Türkiyə-İsrail-Britaniya triosunun mövqeləri möhkəmlənir, Ermənistana təsir imkanları minimallaşır ki, İran da bunlarla barışa bilməz".

"Mühafizəkar"ların maliyyələşdirdiyi və nəzarətdə saxladığı "Şərq" qəzetində iranlı yahar Səlar Seyfin açıqlaması da hakimiyyətdaxili qarşıdurmanın kinetik enerjisinin yanlış yönə vurduğun göstərir: "Azərbaycan Prezidentinə demək gərəkdir ki, fars şairi Nizami Gəncəvi o dönəmdəki Persiyanın şahı Xosrovla erməni şahzadə Şirin arasındakı eşq barədə rəvayətə əsaslanan "Xosrov və Şirin" barədə əsərinə görə məşhurdur. Nizami Gəncəvi fars şairidir".

İran-Azərbaycan münasibətlərini belə primitiv səviyyədə anlayan, "Nizami farsdır, Şirin erməni olub" deyərək şovinizmin ən ibtidai təzahürünü üzə çıxaran S.Seyfin intellektual qabiliyyətini dəyərləndirməyə belə, dəyməz.

Çünki bu idiotizm "SEPAVH kanalları"nda yayılan "İran PUA-ları Ermənistan səmasında", "Bu gecə Azərbaycana daxil olacağıq", "Son xəbərdarlığımızdır" və s. məcrasından olandır.

Problem daha fəsadlıdır: guya "irançılıq" mövqeyindən çıxış etdiklərini vurğulayan bəhs etdiyimiz qüvvə əslində İranın maraqlarına, hakimiyyətin əldə etməyə çalışdığı nəticələrə və İran vətəndaşlarının mənafelərinə qarşı çıxırlar.

Son günlərdə sosial şəbəkələrdə, xüsusilə də Telegram-da SEPAH-a aid və ya şamil olunduğunu iddia edən profillərdə, akkauntlarda və kanallarda Azərbaycana qarşı isterika səviyyəsində düşmənçilik, nifrət və hədələr üzərində köklənmiş açıqlamaların sayının sürətlə artmasının səbəbi də budur.

Yazıların, animasiyaların, açıqlamaların və bəyanatların tonu Tehrandakı "mühafizkar" düşərgəsinin göstərişləri əsasında hazırlanmış propaqanda məhsulu olduğunu açıq göstərir.

"Məhsul"ların istisnasız olaraq hamısı Azərbaycana ünvanlanmış hədələrdir.

Tragikomediya o şəddə çatıb ki, özlərini "iradəli, sərt və qətiyyətli SEPAH mənsubları" kimi qələmə verən müəlliflərin bir parasının yazılarında İrəvan stilistikası, erməni forması aşkar hiss olunur.

İrəvanın farsca "danışmağa" başlamasının vəsilələri çox olsa da, başlıcası budur: Tehrandakı bəhs etdiyimiz qüvvə son şansından yararlanmağa çalışaraq hakimiyyətə tam yiyələnmək, sonra da onu təmərküzləşdirmək istəyir.

İran isteblişmenti onu devirmək və hakimiyyətdən kənarlaşdırmaq istəyən qüvvəni uzaqlarda, yaxud ölkə daxilindəki demokratik müxalifətdə yox - hakimiyyət dəhlizlərində arasa, daha məntiqi olardı.

O qurd Tehran hakimiyyətini içdən yeməkdə, "güc"ünü göstərmək üçün də öz aləmində Azərbaycanı erməni ifasında hədələməklə məşğuldur.

Bu isə artıq burleskdir...

Trend