• bazar, 24 Noyabr, 09:33
  • Baku Bakı 15°C

Tamaşaçı sadəlik, səmimilik istəyir...

18.03.23 01:30 2162
Tamaşaçı sadəlik, səmimilik istəyir...

Bakı Bələdiyyə Teatrının aktrisası Günel Həmidova hesab edir ki, müasir gənclik pafosdan qaçır. Ona görə də pafoslu tamaşalar oynamaqla onları teatra cəlb etmək mümkün deyil. Onun fikrincə, klassik əsərlər gənclərə uyğun tərzdə yenilənib təqdim edilərsə, nəticə əldə etmək çətin olmayacaq. 

“Kaspi”nin budəfəki qonağı Bakı Bələdiyyə Teatrının aktrisası Günel Həmidova ilə teatr, kino və bu sektorun mövcud durumu ilə bağlı söhbətləşdik. Günel xanım deyir ki, bu gün teatrımızda hər şey yaxşıdır: “Pandemiyadan sonra insanlar xüsusilə teatrlara axışır. Bu, çox sevindirici haldır. Amma düşünürəm ki, teatrın yaxşı əsərə, ssenariyə ehtiyacı var. Yaxşı yazıçılarımız çoxdur. Amma elə bil ki, əsərlərini teatra vermək istəmirlər. Daha çox görüntü dalınca qaçırlar. Yəni serial, film sektorunda görünmək istəyirlər. Burada təbii ki, bir qədər maddiyyat da dayanır. Teatrlarımızda çox gözəl yaradıcı heyət var. Gözəl və həm də yeni tamaşalar səhnəyə qoymaq potensialındadırlar. Biz klassik tamaşaları oynayırıq, bu, öz yerində. Amma yeni nəsil əsərlərin də səhnələşdirilməyini istəyirik”. 

“Mənim üçünsə teatrda hər şey ssenaridən başlayır”

“Mən çox yenilikçi adamam” deyir aktrisa: “Səhnədə klassik və yeni tamaşalarla yanaşı, klassik əsərlərin dekonstruksiyasını da görmək istəyirəm. Amma dekonstruksiya bu şərtlə olmalıdır ki, əsərin özəyinə xələl yetirilməsin. Gəncləri də teatra cəlb etməyin, klassik əsərlərə baxdırmağın bir yolu da budur. Çünki gənc nəsil pafosdan, ağır səhnələrdən qaçır. Son dövrlərdə ən yaxşı dekonstruksiya əsəri kimi İlqar Fəhminin ssenarisi əsasında səhnələşdirilən “İskəndərə yeni namə” tamaşasını qeyd etmək istəyirəm. Əsər həm səhnə həllini yaxşı tapıb, həm də texniki cəhətdən gözəl hazırlanıb. Baxın, bu cür tamaşalara gənclər də gələcək, böyüklər də. Belə bir söz var ki, teatrda hər şey qarderobdan başlayır. Mənim üçünsə teatrda hər şey ssenaridən başlayır”. 

“Kino sektorunda maliyyə problemi var” 

Teatrla yanaşı, kino sektorunda çalışan Günel xanım bu sahədə olan çatışmazlıqlardan da danışdı: “Kino sektorunda maliyyə problemi var. Bu yaxınlarda aktyor Hikmət Rəhimov yaxşı bir söz dedi. Dedi ki, kinoya dövlət tərəfindən lazımi qədər maliyyə ayrılır. Amma yeyinti çoxdur. Mən də onun bu sözünü dəstəkləyirəm. Dövlətin verdiyi və sponsordan alınan pulun çox cüzi bir hissəsi yaradıcı heyətə və işə ayrılır. Ona görə ortalığa ürəyimiz istəyən işləri çıxara bilmirik. Hər şey vizual görünüşdən başlayır. Aktyorun geyimi, makiyajı, çəkiliş məkanları, bir sözlə, hər bir şey yaxşı olmalıdır. Məsələn, imkanlı bir ailəni göstərirlər, amma ev buna uyğun seçilmir. Çünki yaxşı evlərin icarəsi bahadır. Bunların hamısının yerində olması üçün isə yaxşı pul lazımdır. Bu gün başqa ölkələrin film və seriallarına bəh-bəhlə baxırlar. Amma bilmirlər ki, onlara sərf olunan pullarla bizim filmlərin büdcəsi arasında yerlə-göy arasında fərq var”.

“Uşaqlar üçün oynamaq ikiqat çətindir”

İlk addımlarını Bakı Uşaq və Gənclər Teatrında atan aktrisa deyir ki, uşaqlar üçün oynamaq böyüklər üçün oynamaqdan ikiqat çətindir: “Burada aktyorun səhnədəki səmimiyyəti ikiqat çox olmalıdır. Uşaqları aldatmaq mümkün deyil. Mən “Ağıllı tülkü” tamaşasında tülkü obrazını canlandırırdım. Uşaqların psixologiyasını bilməlisən. Bu obraza görə teatrın bir aktrisası ərizəsini yazıb işdən çıxdı. Məni bu rola təsdiq edəndə həmin aktrisasını mənə dublyor vermişdilər. O da narazılıq etmişdi ki, siz məni ona dublyor verirsinizsə, ərzəmi yazıb işdən çıxacağam. Bu söz quruluşçu rejissorun xoşuna gəlməmişdi. Aktrisa da sözünün üstündə dayanmış, ərizəsini yazıb işdən çıxmışdı. Bu hadisə mənə çox pis təsir etmişdi. Düşünürəm ki, peşəkar adam bunu etməməliydi. Amma illər sonra o, mənə yazıb, səhv etdiyini etiraf etmişdi”.

Günel xanım deyir ki, aktrisa səhnədə də, kamera qarşısında da səmimi olmalıdır: “Hər şey bundan başlayır. Baxmayaraq ki, bizim xəmirimiz pafosla yoğurulub, indiki dövrdə buna ehtiyac yoxdur. Tamaşaçı bizdən sadəlik, səmimilik istəyir. Ssenari üzərində işləyəndə qəhrəmanımı sanki dünyaya gətirirəm. Ona xarakter, nəfəs verirəm. Buna görə də onların hamısı Güneldir. Obrazım mənim olmasa, olmaz. Elə bilərəm ki, kiminsə paltarını geyinmişəm, yaddır mənə”.

“Hərdən olur ki, müəlliflə də dalaşıram”

Günel xanım mütaliəni də çox sevir: “Mən uşaqlığımdan çox kitab oxuyuram. Yeni dövrün ədiblərindən Fərid Hüseyn, Cəlil Cavanşir, Aysel Fikrət və s. müəllifləri çox sevirəm. Bu yaxınlarda isə Teodor Drayzerin “Kerri bacı” əsərini oxudum. Ümumiyyətlə, əsəri oxuyanda ağlayıram, gülürəm, əsəbiləşirəm – bütün hissləri yaşayıram. Hərdən olur ki, müəlliflə də dalaşıram. Deyirəm ki, bu obrazı niyə belə elədin? Niyə başına bunlar gəldi? Emosiyasız oxuya bilmirəm”. 

“Aparıcılarımızda məsuliyyət çatmır”

Özünü aparıcılıq sahəsində də sınayan aktrisanın fikrincə, aparıcı həm də araşdırmaçı olmalıdır: “Aparıcılar üçün çox vaxt redaktorlar sual hazırlayır, onlar da elə oradan oxuyurlar, cavablarını alırlar. Düşünürəm ki, aparıcı özü qonağını araşdırmalı, sualları hazırlamalıdır. Bir sözlə, aparıcılarımızda  məsuliyyət çatmır. Elə bilirlər ki, efirə çıxdı, salamlaşdı, sponsorunu təqdim etdi, sağollaşdı, vəssalam! Belə deyil axı”. 
Günel xanım deyir ki, son vaxtlar insanlar çox qəddarlaşıblar: “Hər şeyin başında sevgi dayanır. Amma son zamanlarda insanlarda sanki mərhəmət hissi azalıb. İnanmıram ki, Allah-taala hansısa bəndəsini mərhəmət hissindən kəm yaratsın. Sadəcə, bu duyğu hər hansısa bir travmadan azala bilər. Əlimdə güc olsaydı, qoymazdım ki insanlarda mərhəmət azalsın. Çünki mərhəməti olan insan pis adam ola bilməz”. 

Söhbətləşdi: Xanım Aydın
Fotoqraf: Rüfət Mikayılov

banner

Oxşar Xəbərlər