SOCAR “MOL Group” ilə əməkdaşlıq istiqamətlərini araşdıracaq
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Macarıstanın “MOL Group” şirkəti ilə “Azəri-Çıraq-Günəşli” (AÇG) və Bakı-Tbilisi-Ceyhan (BTC) kimi layihələr çərçivəsində əməkdaşlığı müzakirə edib. “Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Davos İqtisadi Forumu çərçivəsində SOCAR prezidenti “MOL Group” şirkətinin strateji əməliyyatlar və korporativ inkişaf üzrə icraçı vitse-prezidenti, İdarə Heyətinin üzvü György Bacsa və şirkətin Kəşfiyyat və hasilat üzrə icraçı vitse-prezidenti Zsombor Marton ilə görüşüb.
“Müzakirələrimiz zamanı Azərbaycanın enerji sektorunun inkişafında mühüm rol oynayan "Azəri-Çıraq-Günəşli” və Bakı-Tbilisi-Ceyhan kimi layihələr üzrə uğurlu əməkdaşlıq vurğulanıb. Danışıqlar zamanı mövcud və potensial əməkdaşlıq istiqamətlərinin araşdırılması, eyni zamanda qarşılıqlı maraq doğuran müxtəlif mövzular barədə fikir mübadiləsi aparılıb”, - R.Nəcəf qeyd edib.