cümə, 03 Fevral, 02:17

Baku Bakı 6°C

SOCAR İstiqrazları növbəti dəfə sahiblərinə gəlir qazandırıb

icon 819 icon 01 noyabr 2022 | 21:15 SOCAR İstiqrazları növbəti dəfə sahiblərinə gəlir qazandırıb

Yüz milyon ABŞ dolları həcmində emissiya edilən, 400 milyon ABŞ dollarına yaxın tələb görən 2-ci SOCAR İstiqrazlarının sayca 4-cü kupon ödənişi noyabrın 1-də baş tutub və növbəti dəfə sahiblərinə 1 milyon 125 min ABŞ dolları məbləğində gəlir qazandırıb.

“SOCAR Capital” şirkətindən verilən məlumata əsasən, nominal qiyməti 1000 ABŞ dolları, tədavül müddəti 5 il, illik gəlirliliyi 4,5 faiz olan və kupon gəlirləri üç aylıq qrafiklərlə ödənilən 2-ci SOCAR İstiqrazlarının 1 milyon 125 min ABŞ dolları məbləğində rüblük faiz ödənişi artıq istiqraz sahiblərinin hesablarına köçürülüb.

Tədavülə buraxıldığı son bir il ərzində təkrar bazar əməliyyatları həcminin 24 milyon ABŞ dollarını ötməsi, bağlanmış əqd sayının 300-ə çatması, Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ qiymətli kağız statusunu qoruması və alqı–satqı əməliyyatlarının daim nominal qiymətin üzərində olması SOCAR İstiqrazlarına yüksək tələbatın göstəricisidir.

SOCAR İstiqrazlarının sahibləri REPO əməliyyatı vasitəsilə uyğun şərtlərlə qısamüddətli kredit götürə, eyni zamanda, istiqrazlarını müvafiq bankda girov qoymaqla 14–15 faizlə manat kreditləri cəlb edə bilərlər. Belə olan halda, istiqraz sahibləri 4,5 faizlik gəlirlərini itirmir və götürdükləri kreditin faktiki faiz dərəcəsi 9–10 faizədək enmiş olur.

1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən, eləcə də Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərindən əldə edilməsi mümkün olan SOCAR İstiqrazlarının növbəti faiz ödənişi 2023-cü ilin fevralın 1-də baş tutacaq, 5 illik müddətin sonunda investorlara ümumilikdə 22,5 milyon ABŞ dolları məbləğində ödəniş həyata keçirilmiş olacaq.

Ətraflı məlumat üçün *1999 və socarcapital.az, socaristiqraz.az.