• cümə axşamı, 26 dekabr, 20:06
  • Baku Bakı 9°C

SOCAR əməliyyat modelini yeniləyib

08.06.24 00:25 3059
SOCAR əməliyyat modelini yeniləyib

SOCAR 2025-ci ilin sonuna kimi Cəbrayıl rayonunda gücü 240 MVt olan “Şəfəq” Günəş Elektrik Stansiyasının tikintisi layihəsini həyata keçirməyi planlaşdırır. Geotermal enerji və “mavi hidrogen” ilə bağlı layihələr növbəti sırada dayanır.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2025-ci ilin sonuna kimi BP və "Azərbaycan İnvestisiya Şirkəti" ASC ilə birlikdə Cəbrayıl rayonunda gücü 240 MVt olan “Şəfəq” Günəş Elektrik Stansiyasının (GES) tikintisi layihəsini həyata keçirməyi planlaşdırır. “Report” xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva Bakı Enerji Forumunun II günündə deyib.

Növbəti layihələr hansı olacaq?

Onun sözlərinə görə, SOCAR enerji səmərəliliyi, dekarbonizasiya və dayanıqlı inkişaf kimi məsələlərdə fəal iştirak edir: “Bundan başqa, biz metan emissiyalarının azaldılması ilə bağlı layihələr həyata keçiririk. Geotermal enerji və “mavi hidrogen” ilə bağlı layihələr növbəti sırada dayanır. Üstəlik, biz Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə bərpa olunan enerji zavodlarının tikintisinə dair müqavilələr imzalamışıq”.

Dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərir

Vitse-prezident əlavə edib ki, SOCAR insan kapitalının inkişafı üzrə layihələr də həyata keçirir. “Hazırda SOCAR dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərir, şirkətin işçilərinin sayı 70 mini ötür”. Z. Mustafayeva xatırladıb ki, SOCAR 2035-ci ilə qədər korporativ strategiyanı təsdiqləyib: “Biz həmçinin 2030-cu ilə qədər kəşfiyyat və hasilat zamanı xalis sıfır emissiyaya və sıfıra yaxın metan emissiyasına nail olmaq öhdəliyi götürmüşük. Bunlar sadəcə öhdəliklər deyil, artıq həyata keçirilən biznes planlarına və fəaliyyətlərinə çevrilir”.
Vitse-prezident qeyd edib ki, “Boston Consulting Group” ilə əməkdaşlıq çərçivəsində SOCAR əməliyyat modelini yeniləyib və bunu qarşıya qoyulan vəzifələrin və prioritetlərin həlli üçün daha münasib edib: “Bu modelin mühüm xüsusiyyətlərindən biri enerji keçidi və dekarbonizasiya ekologiyası seqmentinin tətbiqidir. Bu, sadəcə ayrı bir struktur deyil, biznesimizin vacib hissəsidir”.

Şirkətdə çalışan qadınların sayı artır

Z.Mustafayeva təmsil etdiyi qurumda gender bərabərliyindən də danışıb. Bildirib ki, SOCAR gender bərabərliyinə xüsusi diqqət ayırır. Onun sözlərinə görə, Azərbaycanda hər zaman sənaye sahəsində çalışan bəylərin sayı xanımlardan çox olub: “MDB ölkələrində də belə olub. Üç il əvvəllə müqayisədə bu gün artıq SOCAR-da çalışan qadınların sayında xeyli artım var”.

Z.Mustafayeva qeyd edib ki, son illər SOCAR-ın gənc nəsil üçün proqramları mövcuddur: “Ötən illər ərzində bu proqramlar həyata keçirilərək qadınların işə götürülmə imkanları artıb”.

SOCAR rəsmisi vurğulayıb ki, Bakı Ali Neft Məktəbindən də son illər xanım məzunların sayında böyük irəliləyişlər var.

 

banner

Oxşar Xəbərlər