• şənbə, 27 Iyul, 03:49
  • Baku Bakı 27°C

Sığorta sektoru iki dəfə böyüyəcək

27.01.24 04:27 3706
Sığorta sektoru iki dəfə böyüyəcək

Ölkədə adambaşına düşən ümumi sığorta haqqının cari 121 manatdan potensial olaraq 195 manata çatdırılması planlaşdırılır. Bundan əlavə, bank sektorunda biznes kreditlərinin məbləğinin 16,5 milyard manata çatdırılması da əsas hədəflərdəndir.

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nı təsdiq edib. AMB-nin məlumatına görə, strategiya ölkəmizdə sığorta, kapital bazarları və ödəniş sektorlarının inkişafı, habelə bank sektorunun dayanıqlığının daha da gücləndirilməsi kimi prioritetləri ehtiva edir. Sənəddə əksini tapan hədəflərə nail olunması ölkədə makroiqtisadi və maliyyə sabitliyinə töhfə verəcək, vətəndaşların güclü və dayanıqlı maliyyə sistemindən faydalanmaq imkanlarını daha da artıracaq.

Sığortaya olan inam indeksi yüksəldiləcək 

Strategiyada bildirilir ki, Azərbaycanda sığorta sektorunun aktivlərinin cari 1,9 milyard manatdan potensial olaraq 3,7 milyard manata çatdırılması hədəflənir. "Ölkədə könüllü sığorta üzrə sığorta haqlarının cari 350 milyon manatdan potensial olaraq 630 milyon manata, həyat sığortası üzrə sığorta haqlarının isə cari 124 milyon manatdan 280 milyon manata çatdırılması hədəflənir", - deyə sənəddə qeyd olunub.
Bundan əlavə, ölkədə adambaşına düşən ümumi sığorta haqqının cari 121 manatdan potensial olaraq 195 manata çatdırılması planlaşdırılır: "Strategiyada sürətli inkişaf mərhələsində olan sığorta sektoru üzrə vasitəçi və satış kanallarının (sığorta agentləri və brokerləri daxil olmaqla) genişləndirilməsi, könüllü və icbari sığortanın təşviqi, sığorta məlumat və monitorinq mərkəzinin yaradılması, eləcə də korporativ idarəetmənin gücləndirilməsi və risk əsaslı prudensial tənzimləmənin həyata keçirilməsi məsələləri nəzərdə tutulub. Sığorta sektoru üzrə əsas strateji hədəflər, sığorta təminatını genişləndirmək və istehlakçı hüquqlarını effektiv müdafiə etməklə, sığortaya olan inam indeksinin 66%-dən 80%-ə yüksəldilməsini, sığortaçıların ödәmә qabiliyyәtinin artırılmasını əhatə edir. Bu kompleks yanaşma riskləri effektiv idarə etməklə iqtisadi artımı dəstəkləmək məqsədi daşıyır".

Nağdsız əməliyyat sayı iki dəfə artırılacaq

“Azərbaycanda ödəniş sektoru üzrə başlıca strateji hədəf olaraq adambaşına düşən orta illik nağdsız əməliyyat sayının cari 93-dən potensial olaraq 200-ə çatdırılması planlaşdırılır”. AMB sədri Taleh Kazımov strategiyanı şərh edərkən bildirib.

"Ödəniş sektorunda innovativ həllərin tətbiqi ilə yanaşı, ödəniş xidmətlərinə əlçatanlığın artırılması, ödəniş bazarında şəffaflıq və rəqabətliliyin gücləndirilməsi diqqət mərkəzindədir. Ödəniş xidmətləri üzrə təhlükəsizliyin və səmərəliliyin təmin edilməsi məqsədilə milli ödəniş sisteminin müasirləşdirilməsi, bazar iştirakçıları üçün əlverişli mühitin yaradılması və effektiv nəzarət çərçivəsinin formalaşdırılması da nəzərdə tutulur", - deyə o qeyd edib.

Biznes kreditlərinin ümumi məbləği ilə bağlı hədəflər

AMB sədri həmçinin bildirib ki, Azərbaycanın bank sektorunda biznes kreditlərinin məbləğinin 16,5 milyard manata çatdırılması, müvafiq korporativ idarəetmə, şəffaflıq və rəqabət qabiliyyətliliyinin inkişafı və risk əsaslı tənzimləmə və nəzarətin gücləndirilməsi hədəflənir.
"Strategiyaya uyğun olaraq bank sektorunda əlverişli və məsuliyyətli bank xidmətlərinin genişləndirilməsi vasitəsilə dayanıqlı inkişafın dəstəklənməsi nəzərdə tutulur. Bu məqsədlə bank sektoru üzrə bazarın genişləndirilməsi, bank olmayan kredit təşkilatlarını inkişaf etdirməklə onların iqtisadiyyatın maliyyələşməsində rolunun yüksəldilməsi, eləcə də nəzarət çərçivəsinin müasirləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi planlaşdırılır", - deyə o qeyd edib.

banner

Oxşar Xəbərlər