• cümə axşamı, 26 dekabr, 14:45
  • Baku Bakı 10°C

Sevgiləri evlilikdən sonra artan cütlük - FOTOLAR

10.07.21 09:30 18027
Sevgiləri evlilikdən sonra artan cütlük - FOTOLAR
Rəsul Həsənli: "Bəzən dostlarımla bölüşə bilmədiklərimi də Jaləyə danışa bilirəm”
Jalə Həsənli: "Özüm Rəsula dedim ki, mənə evlilik təklif etmişdin, onun axırı nə oldu?”
Bir-birlərinə qarşı sevgiləri də olub, amma ailələrini əsasən məntiq üzərində qurduqlarını deyirlər. Bildirirlər ki, əsas sevgi evlənəndən sonra yaranıb. Yəni evlilik, sevgilərini daha da artırıb. Söhbət media işçisi Rəsul Həsənli və İctimai Televiziyanın xəbər aparıcısı Jalə Həsənlidən gedir.

Həm də çox yaxşı dost olduqlarını deyən Rəsul ilə Jalə bu dəfə "Ailə” rubrikamızın qonağıdırlar.

Tanışlıqları haqqında Jalə danışdı. Deyir ki, Rəsul onu ilk olaraq komandalarına əməkdaş, sonra da özünə həyat yoldaşı seçib: "2012-ci il idi, mən Bakı Slavyan Universitetində 2-ci kursda oxuyurdum. Rəsul isə "ATV səhər”də layihə rəhbəri idi. Onlar komandalarına yeni gənclər, fərqli beyinlər cəlb etmək üçün axtarışa çıxırlar. Düşünüblər ki, təkcə jurnalistika deyil, eyni zamanda başqa fakültələrdə oxuyan, amma jurnalistikaya marağı olan, bacarıqlı tələbələri də cəlb edib müxbir kimi yoxlasınlar. Mən də o müsabiqəyə qatılan tələbələrdən olmuşam. Seçdilər, təcrübəçi kimi başladım, sonra işçi oldum. Rəsul mənim televiziyada müəllimim oldu, bu işi mənə o öyrətdi. Beləcə, tanış olduq, evləndik. Arada deyirəm ki, sən müxbir axtarırdın, yoxsa özünə həyat yoldaşı?”

Bir müddət sonra Rəsul Jaləyə evlilik təklif edir, amma aldığı cavab "yox” olur: "Həmişə işdə kostyumda, klassik geyimdə olurdu. Çox rəsmi, ciddi olduğu üçün fikirləşirdim ki, bu adamla bir yerdə yaşaya bilmərəm. Mən deyib-gülən, tez ünsiyyət quran biri idim, Rəsul isə bir o qədər məsafəli görünürdü. Bir dəfə işdən 4 nəfər Gürcüstana çəkilişə getmişdik. Onlardan biri də Rəsul idi. "Adamı yolda tanıyarlar” deyirlər, mən də onu yolda daha yaxşı tanıdım. Gördüm ki, işdən kənarda o ciddilik, rəsmilik yoxdur. Xoşum gəldi, özümə sual verdim ki, bu evlilik təklifi ikinci dəfə olmayacaq? (Gülür) Özüm Rəsula dedim ki, bəs mənə evlilik təklif etmişdin, onun axırı nə oldu? 2012-ci ilin yayında ATV-yə işə gəlmişdim, 2013-cü ilin fevralında nişanlandıq, payızda da toyumuz oldu”.

Rəsul deyir ki, insanın bədən dili, danışan dilindən daha çox həqiqəti deyir: "Bəzən insan "yox” deyir, amma onun altında böyük bir "hə” dayanır. Mən Jalənin cavabında bunu hiss etmişdim. Bu yaxınlarda oğlumuzun 7 yaşı olacaq, amma Jalə hələ də "hə” deməyib (gülür)”.
"Məndən də səliqəlidir”

Rəsul "Niyə Jalə?” sualına ilk olaraq belə cavab verdi: "Məncə, ona baxanda bunu bilmək elə də çətin deyil”. Daha sonra isə digər nüansları qeyd etdi: "İnsanlar bir-birinə yaxınlaşanda, təbii ki, vizuallıq rol oynayır. Amma hər kəsin fərdi yanaşma tərzi olur. Mənim üçün müəyyən dəyərlər, insanın xarakteri, hadisələrə yanaşma tərzi, məntiqi düşünmə ardıcıllığı önəmlidir. Bunları gördüm və nəticədə, demək olar ki, qısa müddətdə öz kiçik dövlətimizi – ailəmizi qurduq”.

Jalə də Rəsulu ona sevdirən səbəblərdən danışdı: "Tanıdığım gündən hadisələrə çox təmkinlə, səbirlə reaksiya verir. Hər hansı addımını atacaqsa, onu öncədən ölçüb-biçəcək. Onun ağlını, məntiqini sevmişəm. Lovğalığı yoxdur. Uşaqla da dil tapa bilir, böyüklə də”.

Evləndikdən sonra bir-birlərində kəşf etdikləri xüsusiyyətlərə gəlincə, Jalə hər hansı narazılıq yaradan məqamların olmadığını dedi: "Evlənəndən sonra xanımlar yoldaşlarının daha çox səliqəsizliyini kəşf edir, ondan şikayətlənirlər. Bizdə bu olmadı, çünki Rəsul işdən gəlib köynəyini bir yerə, corabını başqa yerə atmadı. Mən ortalıqda kişi corabı görmürəm. Adam məndən də səliqəlidir”.


Rəsul deyir ki, Jaləni öncədən çox müşahidə etdiyi üçün evlənəndən sonra yeni xüsusiyyəti ilə qarşılaşmayıb: "Dostluq edəcəyim, yaxına buraxacağım şəxsləri kənardan müşahidə edirəm, hadisələrə reaksiyalarına, insanlarla münasibətlərinə baxıram. Bəzi situasiyalar var ki, orada insanların xarakterləri daha tez və yaxşı üzə çıxır. Məsələn, bir insanın sənə necə münasibət bəslədiyini bilmək istəyirsənsə, onu bir az əsəbiləşdir. Bu zaman onun sənə qarşı əsl münasibəti bütün çılpaqlığı ilə üzə çıxacaq. Hətta sənə əsəbiləşməyi də vacib deyil. Başqasına əsəbiləşən vaxtı verdiyi reaksiyalar da rəy formalaşdırmaq üçün bəs edir. Jalə ilə bir yerdə işləyirdik. Kollektivdə özünə yaxın bildiyi 3-4 rəfiqəsi var idi. Şəxsi problem olmasa da, iş prosesi elədir ki, adamı əsəbiləşdirəcək nə isə ola bilir. Əsəbi vaxtı Jalənin ən yaxın rəfiqə hesab etdiyi insanlara verdiyi reaksiya necədirsə, düşündüm ki, sabah mənə də o reaksiyanı verə bilər. Gürcüstana səfər edəndə, macəra dolu situasiyalarımız oldu, yorğunluq, yuxusuzluq... Çətin vəziyyətdə onun necə reaksiya verdiyini də gördüm, az da olsa, tanıdım. Ona görə, evlənəndən sonra hər hansı xüsusiyyəti mənim üçün yenilik olmadı. Bilirdim ki, bu addımı atanda, Jalənin reaksiyası belə olacaq”.

"Bir balıq təmizləyirəm ki, gəl görəsən”

Jalə deyir ki, qaynanası ilə çox yaxşı münasibəti var. Yəni qaynana-gəlin problemi yaşamayıb: "Qaynanam gözəl, sakit, mehriban insandır. Rayona gedəndə, arada deyirəm ki, bir, əlini stolun üstünə vur, bilim ki, yanımda qaynana var (gülür). Qayınatam isə mənə ata əvəzi olub. O, dünyasını dəyişəndə, özümə gələ bilmirdim. Onu çox istəyirdim. Nə qaynanam, nə qayınatam bizim ailəyə müdaxilə etmədilər. Adətən deyirlər ki, adam qayınanasında nə görürsə, onu da gəlininə göstərir. O baxımdan, gəlinim şanslı olacaq. Yəqin ki, mən qayınata-qayınanamdan gördüyüm yaxşı münasibəti gəlinimə də göstərərəm”.

Söhbət yeməkdən düşür. Rəsulun ürəyinə gedən yol mədəsindən keçməsə də, Jalənin yaxşı mətbəx bacarığı olduğunu deyir: "Tox vaxtı necəyəmsə, ac olanda da eləyəm. Amma qurmanlığım var, dadlı yeməkləri sevirəm. Bir məqam var ki, mənə görə, ilk olaraq yeməyin vizual görünüşü yaxşı olmalıdır. Görünüşü yaxşıdırsa, yeyəcəyəm. Jalənin bişirdiyi A-dan Z-yə bütün yeməklər ağız dadıma uyğundur. Mən də yemək bişirməyi bacarıram, dadlı da alınır. Jalə daim yeni reseptlər axtarışındadır, çox vaxt yeni, fərqli nə isə bişirir”.


Jalə mətbəxi sevdiyini deyir: "Evin ən sevdiyim köşəsi mətbəxdir. Evdə olduğum müddətdə orda qalmağı, fərqli, dadlı nələrsə hazırlamağı sevirəm”.

Hətta bildirdi ki, əvvəllər balıqdan heç xoşlanmasa da, hazırda balıq təmizləyir, balıq yeməkləri bişirir: "Rəsul balığı çox sevir. Mən isə heç vaxt balıq yemirdim. Evdə balıq bişəndə, gedib xalamgildə qalırdım ki, onun iyi evdən getsin, sonra gəlim. Rəsul Neftçaladandır. Mən də Neftçala gəlini oldum. Rəsulun 6 əmisi, 1 bibisi var. Toydan sonra hansı əmi qonaq çağırdısa, süfrədə mütləq qaydada balıq olduğunu gördüm: balıq ləvəngisi, balıq qızartması, buğlaması, balıq dolması... Bir dəfə plov gəldi, sevindim ki, balıq olmayacaq, altından balıq çıxdı. Baxdım ki, ya yeməliyəm, ya da ac qalmalıyam. Artıq mən də balıq yeməyə başladım. İndi 8 il keçib, bir balıq təmizləyirəm ki, gəl görəsən. Əvvəllər əlcəklə toxuna bilmədiyim balığı indi əlimlə təmizləyirəm, balıq dolması da bişirirəm”.
"Günahkar mən olmasam da...”

Jalə deyir ki, evlənəndən sonrakı ilk söz-söhbətlərində Rəsulun göstərdiyi davranış ona çox böyük nümunə olub: "Mübahisə etdik, mən israrlı, emosional formada danışırdım. Adam kitab götürüb o biri otağa keçdi. 5 dəqiqə keçdi, getdim ki, kitab oxuyur. Dedim ki, zarafat edirsən? Biz mübahisə edirdik, sən necə belə rahat ola bilərsən? Dedi ki, mən əsəbi insanla danışmağı sevmirəm, əks halda aramızdakı hörmət götürüləcək. Get sakitləş, sonra danışarıq. Həqiqətən də sonra məsələni danışaraq həll etdik. Nə yaxşı ki Rəsul ilk konfliktdə o addımı atdı və mənə də onu aşıladı ki, hirslənərək, səsimizi ucaldaraq danışsaq, bir-birimizə olan hörməti aradan götürə bilərik. Sonra artıq mübahisələrə bu cür yanaşdıq. Ailəmizin təməlinin möhkəm olmasında Rəsulun böyük rolu var”.

Küsülü olduqda isə ilk barışıq addımı Jalədən gəlir: "8 il ərzində 3-4 ciddi küsülülüyümüz ola bilər. O da daha çox evliliyin əvvəlində idi. Evliliyi, bəlkə də tam dərk etmədiyim ərəfələrdə ola bilər ki, onun üstünə gedirdim. Bir az ərköyün böyümüşdüm, oğlan kimi idim. Amma zamanla çalışırıq ki, mübahisələrimiz dava səviyyəsinə gəlməsin. Mən, ümumiyyətlə, kompromisə gedən insanam. Bir həftə küsülü ola bilərəm, günahkar mən olmasam da, addım atıb barışacağam. Həmişə addımı mən atıram. Düzdür, bəzi anlarda fikirləşirəm ki, niyə həmişə addımı mən atıram? Sonra düşünürəm ki, ailəmiz üçün Rəsul onsuz da çox şeyləri fikirləşir, burda da addımı mən atım. Ailəmi qorumaq istəyirəmsə, addım atmalıyam. Rəsul isə yaranmış xoşagəlməz situasiyadan çıxış yolu axtarmaqdansa, o situasiyaya düşməməyi üstün tutur. Bu zaman da sevgidən gələn bir incikliyi olur”.

Jalənin sözlərinə görə, Rəsul ona həm də ən yaxın dostdur: "Tək həyat yoldaşım deyil, həm də çox yaxşı dostumdur. Heç bir addımı Rəsulla məsləhətləşmədən atmıram. Çünki arxayınam ki, mənim üçün ən gözəlini, ən yaxşısını o düşünəcək. Sadəcə deyirəm ki, bunu etmək istəyirəm, nə məsləhət görürsən? İkinci bir dosta ehtiyac duymamışam. Heç nəyi bir-birimizdən gizlətmirik. Nəyi isə Rəsuldan gizlətmək məsələsi məndə yoxdur. Pisi-yaxşısı ilə hər şeyi bölüşürük”.

Rəsul da cütlüklər arasında dostluğun vacib olduğunu deyir: "Həyat yoldaşınla dost olmağı bacarmaq lazımdır. Biz bunu bacarmışıq. Bəzən dostlarımla bölüşə bilmədiklərimi də Jaləyə danışa bilirəm. Hər zaman da anlayışını görmüşəm”.

"... evlənəndən sonra sevgi artır”
Jalə deyir ki, bir-birinin çevrəsində özlərini rahat hiss edirlər: "Mən istədiyim məkana Rəsulla gedə, onun yanında əylənə, dostlarımla söhbət edə bilirəm. Dost hesab etdiyim mühitdə onun da rahat olduğunu görürəm. Dostlarım Rəsulu daha çox sevirlər. Rəsul da məni öz ailə dostlarının çərçivəsinə apara bildi, tanış etdi. Bizdə "ora getmə, bura getmə” söhbəti olmadı. Ancaq biz bir-birimiz olmadan harasa getmək istəmədik. Əyləncə, istirahət məkanı olsun, istəyirəm ki, Rəsul da gəlsin, oğlum da. Dostlarla da vaxt keçirmək gözəldir, amma ailəmin də yanımda olmağını istəyirəm”.

Deyirlər ki, evlilik sevgini öldürür. Jalə isə əksinə, sevgilərinin evlilik müddətində artdığını bildirir: "Biz, demək olar ki, çox az müddət sevgili olduq. Əsas nişanlı vaxtı bir-birimizi tanıdıq. İlk olaraq məntiq üzərindən seçim etmişdik, təbii ki, sevgi də var idi. Amma əsas sevgi evlilikdən sonra yarandı. Əgər doğru insanla, səni peşman etməyəcək adamla ailə qurubsansa, evlənəndən sonra sevgi artır”.

Rəsul isə bildirdi ki, ailədə sevgidən də önəmli məsələ hörmətdir. Bu, cütlüklər arasında daha möhkəm bağ yaradır: "Psixoloqların belə bir fikri var ki, 25 yaşa qədər qurulan ailələr çox vaxt hisslər üzərində qurulur. 25-30 yaş arasında qurulanda isə hisslərlə məntiq balans təşkil edir. 27-28 yaşda ailə qurmaq daha yaxşıdır. 30-dan yuxarı qurulursa, artıq məntiq evliliyi olur. Evlənəndə, mənim 32 yaşım var idi. Jalənin yaşı 23 olsa da, dediklərindən belə qənaətə gəlmək mümkündür ki, o da məntiqlə seçim edib. Məntiq varsa, ailənin qurulması hörmət üzərindədirsə, o, sevgidən daha uzunmüddətli olur. Hörmət olmayan ailədə isə davanın düşməsi üçün səbəbə ehtiyac olmur, bəhanələr kifayət edir”.

"Əsəbiləşən vaxt sakit durmağı bacarmaq lazımdır”

Vaqif adlı 7 yaşlı oğulları var. Jalə bildirdi ki, uşağın tərbiyəsində əsas rol atasının üzərindədir: "İlk vaxtlar bu mövzuda mübahisə edirdik. İki bacı olmuşuq, bizim evdə oğlan uşağı olmayıb. Rəsulun isə bacısı yoxdur, ailədə ancaq oğlan olub. Oğlan uşağını necə böyütməklə bağlı o, daha məlumatlı idi. Mən Vaqifə bir az daha incə yanaşırdım. Yüngül yıxılanda belə qaçıb özüm qaldırırdım. "Yıxılacaq, əziləcək” deyib, çox həyəcan keçirirdim. Rəsul deyirdi ki, sən oğlan böyürdürsən, möhkəm olmalıdır. Hər yıxılanda, üstünə qaçma, qoy özü qalxsın. Hər dəfə yıxılanda, sən qaldırsan, belə də öyrəşəcək. Gələcəkdə hər hansı büdrəməsində, mənəvi yıxılmasında, yenə valideyninin nə isə etməyini gözləyəcək. Amma özü çıxış yolu tapmalıdır. Sonra dediyinin haqq olduğunu gördüm və indi oğlumuzu onun məsləhət gördüyü formada böyüdürük”.

Sonda öz təcrübələrindən çıxış edərək ailəni möhkəm edən məsələlərdən də danışdılar. Jaləyə görə, burada hər iki tərəfin üzərinə yük düşür: "Heç vaxt bir-birlərindən nələrisə gizlətməsinlər, yalan danışmasınlar. Bunu desəm, əsəbiləşər və s. məqamı düşünməsinlər. O ünsiyyəti qura biləcəkləri insanla yollarını birləşdirsinlər. Bir-birinizə səsinizi ucaltmamalısınız. Bu, hörmətdən xərcləyir. Yersiz qısqanclıqları ailədən uzaq tutmaq lazımdır. Bəylər xanımlarına çətin situasiyalarda yardım etməlidirlər. "Ailədə hər şey qadının və ya kişinin üzərindədir” deyə bir şey yoxdur. Hər şeydə bir-birimizə kömək etməliyik. Bu o demək deyil ki, kişi paltar yumalıdır və s. Amma paltaryuyanın düyməsini basa bilər (gülür). Bir-birinə güzəştə getməyi bacarmaq lazımdır”.

Rəsula görə, ailəni dayanıqlı edən əsas səbəb həyat yoldaşları arasında dostluqdur, ancaq burda başqa nüanslar da var: "Bir-birindən gizli nələrinsə olmamağı vacibdir. Nəyisə gizlətmək adamı gözükölgəli, qorxaq edər. Qorxaq adamın isə evdə sözü keçməz. Bir də əsəbi olan zaman səbir etmək önəmlidir. Hər kəs əsəbiləşir. Əsəbiləşən vaxt sakit durmağı bacarmaq lazımdır. Əsəbi vaxtı nə isə edib sonra peşman olmaqdansa, 5-10 dəqiqə səbir edərəm, sakitləşib ayıq başla danışaram. Bu, problemi tam həll etməsə də, neqativ təsirini azaldacaq”.

Aygün Asimqızı
Foto: Tapdıq Abdullayev/Global Media Group

banner

Oxşar Xəbərlər