• cümə, 26 Iyun, 06:04
  • Baku Bakı 24°C

Servissiz qalan Çin avtomobilləri

26.06.26 03:52 22
Servissiz qalan Çin avtomobilləri

Çin avtomobillərinin kütləvi idxalı fonunda yaranan xidmət böhranı və avtomobil bazarındakı xaos dərinləşir. Fərdi qaydada ölkəyə gətirilən maşınların rəsmi servislər tərəfindən qəbul edilməməsi istehlakçıları ciddi təhlükə ilə üz-üzə qoyur.

Son illərdə Azərbaycanda Çin avtomobillərinə maraq sürətlə artmaqdadır. Münasib qiymət və zəngin təchizat paketi bu markaları alıcılar üçün cəlbedici edib. Lakin bazarın bu cür böyüməsi özü ilə bərabər satış sonrası xidmətlə bağlı bəzi narazılıqları da gündəmə gətirib. Xüsusilə fərdi qaydada və ya qeyri-rəsmi idxalçılar vasitəsilə ölkəyə gətirilən avtomobillərin sahibləri rəsmi servis mərkəzlərində onlara xidmət göstərilməsindən imtina edildiyini bildirirlər. Nəticədə xeyli insanın hüquqları kütləvi şəkildə pozulur. Alman, yapon və Koreya maşınları ilə bağlı belə bir problem yaşanmadığı halda, Çin avtomobil şirkətlərinə aid servislərin bu siyasəti nə dərəcədə doğrudur? Rəsmi servis mərkəzi sadəcə rəsmi dilerdən alınmadığını əsas gətirilərək eyni markalı avtomobilə xidmət göstərməkdən imtina edə bilərmi? 

Standartlara uyğun olmayan avtomobillər

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovun sözlərinə görə, Çindən fərdi qaydada gətirilən avtomobillərin böyük əksəriyyəti yalnız həmin ölkənin daxili bazarı üçün nəzərdə tutulub və Avropa standartlarına cavab vermir. Azərbaycanda fəaliyyət göstərən rəsmi diler və distribütorlar isə əsasən Avropa spesifikasiyalı avtomobillər idxal edir: “Buna uyğun olaraq, bazardakı ehtiyat hissələri və texniki təchizat da məhz bu standartlar əsasında formalaşdırılır. Belə olan halda, rəsmi dilerlərin fərdi qaydada gətirilmiş Çin avtomobillərinə xidmət göstərməkdən imtina etməsi tamamilə əsaslı və qanunauyğundur. Qeyri-rəsmi yollarla ölkəyə daxil olan, mənşəyi məlum olmayan və heç bir istehsalçı zəmanəti daşımayan maşınların rəsmi servislərdə təmiri texniki cəhətdən də məqsədəuyğun deyil. Nəzərə almaq lazımdır ki, rəsmi servis hər hansı avtomobili təmir edərkən onun sonrakı istismarına və texniki qulluğuna görə də məsuliyyət daşıyır. Bu baxımdan servislərin imtina qərarı tamamilə başadüşüləndir. Yerli dilerlər Avropa standartlarına cavab verən avtomobilləri təqdim edir və fəaliyyətlərini zavodun verdiyi istehsalçı zəmanəti əsasında qururlar. Yalnız Çin bazarı üçün istehsal edilən bir avtomobili təmir etmək üçün rəsmi servisin nə müvafiq ehtiyat hissəsi, nə də bu xüsusi modifikasiya üzrə ixtisaslaşmış ustası mövcuddur. Vizual olaraq eyni model kimi görünsələr də, ehtiyat hissələri çox vaxt bir-birinə uyğun gəlmir”.

Hüquqi məsuliyyət məsələsi

E.Cəfərov bildirdi ki, məsələnin digər tərəfi  hüquqi məsuliyyətlə bağlıdır. Rəsmi servislər yalnız özləri satdıqları avtomobillərin təhlükəsizliyinə zəmanət verir: “Mənşəyi və texniki vəziyyəti tam bilinməyən avtomobillərdə qısa müddət sonra mühərrik problemlərinin, təhlükəsizlik kəməri və ya əyləc sistemində gizli zavod qüsurlarının üzə çıxma ehtimalı var. Baş verə biləcək hər hansı ağır qəza halında hüquqi məsuliyyəti kimin daşıyacağı açıq qalır. Fərdi şəxslərin avtomobil idxalından gəlir əldə etməsi, yaranan potensial texniki fəsadlara görə isə məsuliyyətin rəsmi servisin üzərinə atılması qətiyyən ədalətli yanaşma deyil”.

“Haqsız rəqabət mühiti formalaşdırırlar”

Ekspertin fikrincə, mövcud vəziyyət rəsmi diler və distribütorların da hüquqlarının ciddi şəkildə pozulmasına gətirib çıxarır: “Onlar ölkəyə standartlara cavab verən avtomobillər gətirir, alıcılara 5-10 illik istehsalçı zəmanəti təqdim edir və yüzlərlə iş yeri yaradırlar. Fərdi idxalla məşğul olan şəxslər isə satış sonrası heç bir servis qulluğu təşkil etmədən haqsız rəqabət mühiti formalaşdırırlar. Bu vəziyyət rəsmi şirkətlərin müflisləşmə təhlükəsi ilə üzləşməsinə, kütləvi ixtisarlara və şöbələrin bağlanmasına səbəb ola bilər. Nəticədə proses həm dövlət büdcəsinə daxil olan vergilərin azalmasına, həm də işsizliyin artması ilə müşayiət olunan sosial problemlərə yol açır. Mövcud xaotik vəziyyətin aradan qaldırılması üçün müvafiq qurumların diqqətinin bu sahəyə yönəlməsi və rəsmi distribütorların hüquqlarının qorunması zəruridir”.

“Bu sahədə xaos mövcuddur”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bildirdi ki, bu sahədə xaos mövcuddur: “Rəsmi satış nöqtəsindən alınmayan Çin avtomobillərinə servis xidmətinin göstərilməməsi istehlakçı hüquqlarının pozulmasıdır və bu, ümumilikdə avtomobil bazarında böyük bir xaosun hökm sürdüyünü sübut edir. Əgər avtomobil rəsmi dilerdən deyil, təsadüfi bir yerdən alınıbsa, hətta tamamilə yeni olsa belə, servis mərkəzi təmənnasız xidmət göstərməkdən imtina edə bilər və istehlakçılar bu reallığı nəzərə almalıdırlar. Avtomobil bazarındakı xaos təkcə xidmətdən imtina halları ilə məhdudlaşmır. Bir çox rəsmi satış nöqtələri zəmanət verərkən məntiqə sığmayan şərtlər irəli sürürlər. Məsələn, istehlakçıya bildirilir ki, avtomobilin qapısında kiçik bir əzik olarsa və o, başqa yerdə təmir edilərsə, maşın ümumi zəmanətdən çıxarılacaq. Düşünürəm ki, bu, tamamilə absurd yanaşmadır. Sürücü uzaq bir regionda nasazlıqla və ya hər hansı hadisə ilə üzləşərsə, avtomobili yerindəcə düzəltdirib hərəkətinə davam etməyə məcburdur. Belə bir vəziyyətdə avtomobilin zəmanətdən məhrum edilməsi yolverilməzdir”.

“Mütləq onun servis kitabçası tələb edilməlidir”

E.Hüseynovun sözlərinə görə, xüsusən “ikinci əl” avtomobil alan istehlakçılar diqqətli olmalıdırlar. İşlənmiş maşın alarkən mütləq onun servis kitabçası tələb edilməlidir: “Həmin kitabçada avtomobilin hansı yürüşdə (kilometrajda) harada olduğu, yağ dəyişmə prosesinin necə həyata keçirildiyi aydın qeyd olunur. Qeydiyyatı və ya servis kitabçası olmayan avtomobillərin alınması tövsiyə edilmir. Çünki belə hallarda adətən avtomobilin qüsurları olur və gizlətmək üçün kitabça qəsdən yox edilir”.
Sədrin fikrincə, hazırda ölkəyə külli miqdarda standartlara cavab verməyən saxta detallar gətirilir: “Vəziyyət o həddə çatıb ki, satıcılar özləri belə müştəriyə "bu, saxtadır və ucuzdur, bu isə orijinaldır" deyə etiraf edirlər”. 

Zərif Salmanlı

banner

Oxşar Xəbərlər