• çərşənbə axşamı, 10 dekabr, 14:59
  • Baku Bakı 7°C

“Şahdəniz-2” layihəsi dünya mediasının gündəmində

19.12.13 08:31 11609
“Şahdəniz-2” layihəsi dünya mediasının gündəmində
Azərbaycan qazının Avropaya yolunu açacaq “Şahdəniz-2” sazişi tarixi bir hadisə kimi dünya mediasının diqqət mərkəzindədir. Nüfuzlu Qərb telekanalları, qəzetləri öz informasiya buraxılışlarında, səhifələrində layihənin həyata keçirilməsi zamanı ən müasir texnologiyaların tətbiq olunacağını xüsusi qeyd edirlər. Bildirilir ki, Azərbaycan qazını Avropaya nəql edən boru kəmərlərinin ümumi uzunluğu təqribən 3,5 min kilometr təşkil edəcək və bu qaz dəhlizi Avropanın bir neçə nəsillərinə xidmət göstərəcək.
İlk olaraq Türkiyənin “Cihan” agentliyi Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin sözlərindən sitat gətirərək göstərir ki, Azərbaycanda qaz ehtiyatları təqribən 2,5 trilyon kubmetr təşkil edir. “Şahdəniz-2” layihəsinin reallaşdırılması nəticəsində ölkədə 10 mindən artıq iş yeri, yeni infrastruktur obyektləri yaradılacaq, o cümlədən gəmiqayırma zavodu tərəfindən nadir gəmilər inşa olunacaq. “Zaman” qəzeti isə yazır ki, Azərbaycan “Şahdəniz” layihəsinin xarici tərəfdaşları ilə ikinci dəfə qarşılıqlı öhdəlik sazişlərini imzalayıb. Sazişləri BP şirkətinin regional direktoru Gordin Birrellə Azərbaycanın Neft Şirkətinin rəhbəri Rövnəq Abdullayev imzalayıb. Qəzet yazır ki, dekabrın 17-ni Azərbaycanda “tarixi bir gün” adlandıran prezident Əliyev bildirib ki, “Şahdəniz” layihəsi dünyanın ən iri enerji layihələrindən biridir. ““Şahdəniz-2” layihəsi bölgənin enerji xəritəsini dəyişdirəcək” deyən prezident çıxışında bu layihələr çərçivəsində 35 milyard dollar yatırım qoyulması və 30 min yeni iş yerinin açılmasının gözlənildiyini qeyd edib. Prezident İlham Əliyevdən sitat gətirən digər türk nəşrləri bildirirlər ki, bu layihə enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir. Bu tarixi layihədə iştirakçı dövlət və şirkətlərin geniş əməkdaşlığı təmin ediləcək.
“Sabah” qəzeti isə Türkiyənin Trans-Anadolu qaz kəməri (TANAP) layihəsindəki payını 30 faizədək artırmaq niyyətində olduğunu yazıb. Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldıza istinadən qəzet yazır ki, TANAP layihəsində Türkiyənin payının artırılması ölkə üçün vacibdir. Nazir onu da bildirib ki, hazırda regionda son dərəcə mühüm layihələr həyata keçirilir.
“BBC” də tədbirdən geniş informasiya verib. Korporasiyanın saytında yerləşdirilən xəbərdə Avropa İttifaqının enerji üzrə komissarı Günter Ottingerin fikirlərinə yer verilib. Qeyd edilib ki, “Şahdəniz-2” layihəsinin həyata keçirilməsi Aİ ilə bölgənin əlaqələrini möhkəmləndirəcək və enerji ehtiyatlarının Avropaya nəqlini müxtəlifləndirməyə imkan yaradacaq. “Bu il iyunun 28-də "Şahdəniz" konsorsiumu elan edib ki, ildə 10 mlrd. kubmetrədək "Şahdəniz-2" qazını Yunanıstan, İtaliya və potensial olaraq Cənub-Şərqi Avropadakı müştərilərə çatdırmaq üçün TAP layihəsini seçib. "Şahdəniz-2"nin işlənməsindən hasil ediləcək ildə 16 mlrd. kubmetr qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibi ilə keçməklə İtaliyaya qədər 3 500 km-dən artıq uzunluqda boru kəmərləri vasitəsilə çatdırılacaq” deyə bildirilib.
Böyük Britaniyanın «The Times» qəzeti «Şahdəniz 2» layihəsi çərçivəsində imzalanan sənədlərin böyük əhəmiyyətindən bəhs edən məqalə ilə çıxış edib. Xəzər hövzəsində Britaniyanın dəstək verdiyi qaz kəməri layihəsinin imzalanması barədə hadisənin böyük tarixi əhəmiyyət kəsb etdiyi vurğulanıb. Britaniyanın digər bir nəşri - «The Independent» də bu razılaşmadan bəhs edib. Eləcə də, nəşrlər ABŞ-ın Azərbaycandakı səfirliyinin “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması ilə əlaqədar bəyanatını veriblər: “ABŞ Azərbaycan hökumətini və Azərbaycan Respublikası Dövlət Neft Şirkətini, “Şahdəniz” konsorsiumunun özəl pay sahiblərini və “Cənub” qaz dəhlizi boyunca yerləşən bütün ölkələr də daxil olmaqla digər iştirakçı tərəfləri “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanmasının uğurla başa çatması münasibətilə təbrik edir”. Bəyanatda qeyd olunur ki, bu sənəd və nəzərdə tutulmuş boru xətləri Türkiyə, Cənubi Avropa, Balkanlar və Avropanın digər ölkələrinin enerji təhlükəsizliyinin təminatı üçün çox faydalı olacaq.
“BBC” Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozoya istinadən xəbər verir ki, “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya sazişi Avropanın enerji təhlükəsizliyini gücləndirəcək. “Avropa Komissiyası Bakıda “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya sazişinin imzalanmasını alqışlayır. Bu sazişin imzalanması 2019-cu ilin əvvəlindən başlayaraq Avropanın hər il milyardlarla kubmetr qaz alacağını təsdiqləyib. İndiyədək qəbul olunmuş bütün qərarlar, o cümlədən TAP layihəsinin Azərbaycan qazının Avropaya əsas ixrac marşrutu kimi seçilməsi bu yekun investisiya qərarı ilə şərtlənib. AK-nın prezidenti Joze Manuel Barrozo bildirib ki, “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya sazişinin imzalanması Avropanın daha güclü enerji təhlükəsizliyinə qapı açmağa imkan verir: “2011-ci ilin yanvarında Azərbaycan Prezidenti İlham Əliyevlə imzaladığım birgə bəyannaməyə əsaslanan bu addım AB-nin Xəzər hövzəsinin qazına birbaşa çıxışı deməkdir. Enerji daşıyıcılarının nəql marşrutlarının diversifikasiyası avropalı istehlakçıların və müəssisələrin rifahına xidmət edəcək”.
Kamran
banner

Oxşar Xəbərlər