• cümə, 29 Mart, 00:47
  • Baku Bakı 7°C

«Şah İsmayıl» Azdramaya sığışmadı

13.05.13 10:23 10594
«Şah İsmayıl» Azdramaya sığışmadı
Akademik Milli Dram Teatrının may ayının repertuarı ilə bağlı KİV-də yayımlanan afişalarında 8 may tarixində premyerası keçirilməli olan Kamal Abdullanın “Şah İsmayıl” tamaşasının adı da yer alıb. Amma qeyd olunan tarixdə premyera olmayıb.
Tamaşanın təxirə salınmasının səbəbləri sırasında texniki problemlərlə bərabər müəllifin tamaşanın yozumundan razı qalmaması ilə bağlı məqamlar qeyd olunur. Belə ki, “Azdrama” rəsmiləri təxirəsalmanı texniki yubanma kimi qeyd edirlərsə, digərləri bunu Kamal Abdullanın kəskin iradları ilə bağlayırlar. Ən maraqlısı isə, premyeranın təxirə salınması haqda sonradan mətbuata heç bir məlumatın verilməməsidir.
Bütün hallarda ortada olan fakt budur ki, premyera baş tutmayıb. Səbəbini öyrənməyə çalışanda isə bir sıra ziddiyyətli məqamlar üzə çıxdı.
Qeyd edək ki, premyerası keçirilməli olan tamaşa Kamal Abdullanın teatra təqdim etdiyi «Şah İsmayıl və ya hamı səni sevənlər burdadır» pyesi əsasında hazırlanır. Tamaşanın adı “Şah İsmayıl” kimi göstərilsə də, premyerası “Şah və şair” adı altında təqdim olunacaq.
Mayın 16-ı ya 22-i?
Premyeranın təxirə salınması ilə bağlı sualın cavabını ilk olaraq əsərin müəllifindən - Kamal Abdulladan istədik. Cavab çox qısa oldu: “Tamaşa hələ tam hazır deyil. Bir az sonra gedəcək”.
«Azdrama»nın redaktoru Nigar İsrafilqızı tamaşanın premyerasının yaxın günlərdə baş tutacağını bildirdi: «Hələ tamaşanın yekun məşqləri gedir. Tamaşanın ictimai baxışının nə vaxta nəzərdə tutulduğunu bilmirəm, amma bugünlərdə keçirilməlidir. Premyera günü proqrama daxil edilib, ancaq hələ təsdiq olunmayıb. Olsun ki, tamaşanın premyerası mayın 20-ə qədər keçiriləcək. İctimai baxışdan sonra premyera günü dəqiqləşdiriləcək». Tamaşanın məşqlərində səslənən müəllifin iradları ilə bağlı yayılan söz-söhbətlərə gəlincə, N.İsrafilqızı «Kamal Abdulla tamaşanın məşqində olub. Yəqin ki, iradlarını da bildirib”-, deyə bildirdi.
«Azdrama»nın mətbuat xidmətinin rəhbəri Elçin Cəfərov premyeranın mayın 8-də repertuara daxil edildiyini və sonradan dəyişildiyini etiraf etdi: «Tamaşa texniki baxımdan hazır olmadı. Tamaşa boyunca işıq effektlərinin, dekorasiyaların dəyişməsi, aktyorların bir neçə dəfə geyimlərini dəyişməsi ilə bağlı və s. texniki işləri çatdırmaq problem oldu. Artıq məşqlər bitib. Deyəsən, mayın 10-da sonuncu məşq olmalı idi. Tamaşaya ictimai baxış keçiriləcək. Mayın 16-ı ya da 22-də tamaşanın premyerası olacaq. Ola bilsin ki, tamaşanın vaxtı yenə dəyişsin». Əsərin daha çox «Hamı səni sevənlər burdadır» adı ilə tanındığını bildirən Elçin Cəfərov mövzunun həmçinin müəllifin «Yarımçıq əlyazma» əsəri ilə eynilik təşkil etdiyini də qeyd edib: «Tamaşa «Hamı səni sevənlər burdadır» pyesinin motivləri əsasında ərsəyə gələcək».
Tamaşanın təxirə salınması ilə bağlı səslənən fikirlərə münasibət bildirən E.Cəfərov müəllifin tamaşanın məşqinə ilk dəfə gələndə müəyyən iradlar səsləndirdiyini etiraf edib: “Müəllif birinci dəfə gəlib baxanda xoşuna gəlməyən şeylər oldu. Danışdılar, müzakirə etdilər. Amma yəqin ki, siz Mikayıl Mikayılovun (tamaşanın rejissoru -red.) başqa işlərini görmüsünüz? O, maraqlı rejissordur. Tamaşa da əslində maraqlı tamaşadır. Düzdür, bir qədər texnikaya çox oturmuş tamaşadır. Effektlərdən, neon işıqlardan çox istifadə olunub. Bu, tamaşanın yaxşı cəhəti olması ilə yanaşı, həm də pis cəhətidir. Narazı məqamlar istənilən məşqdə olur. Burada elə də böyük problem yoxdur”.
E.Cəfərov tamaşada müəlliflə rejissorun yozumu arasında böyük fərq olduğunu da bildirdi: «Əvvəla, Kamal müəllimin bu pyesi çox maraqlıdır, amma onu o formada səhnəyə gətirmək o qədər uyğun deyil. Bu, daha çox kino üçün yazılan pyesdir. Çünki orada teatr üçün çox əngəl törədən səhnələr var. Digər tərəfdən, əsərin uzunluğu da var. Əgər müəyyən qısaltmalar olmasaydı, tamaşa 3 saat çəkə bilərdi. Ona görə də rejissor pyesdən xeyli hissələr kəsib. Bir də ki, rejissorun hər hansı pyesə əl dəyməmiş vəziyyətdə səhnəyə qoyması mümkün deyil. Bu, rejissuranın şərtləridir”.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan tamaşaya ayrılan vəsaitə gəlincə “Tamaşaya ayrılan pul mətbuat üçün açıq deyil” deyə E.Cəfərov bildirdi. Qeyd edək ki, anoloji suala nazirliyin incəsənət şöbəsindən də cavab ala bilmədik.
Aldığımız məlumata görə, tamaşasının biletlərinin satışının korporativ qaydada həyata keçirilibmiş: “Biletlər satılıb, amma tamaşa olmayıb. Tamaşanın nə vaxt olacağı hələ bilinmir”. Teatrın baş inzibatçısı Sücəddin Sadıyev isə biletlərin Slavyan Universitetinin müəllim və tələbə heyətinə verildiyini dedi: “Onlara deyildi ki, premyera mayın 17-də keçiriləcək. «Şah və şair» tamaşasının biletləri korporativ qaydada Slavyan Universitetinə verildi. Ancaq biz onlara dedik ki, hələ biletlər satılmasın. Biz universitetə tamaşanın təxirə salınması xəbərini verdik”.
Qısaltmalar yoxsa dəyişiklik?
Şah İsmayıl rolunun ifaçısı Elşən Rüstəmov də tamaşada müəyyən qısaltmaların olduğunu qeyd etdi: «Ümumi tempə xələl gəlməsin deyə, bəzi qısaltmalar olub. Tamaşada rejissorun və müəllifin öz yanaşması var. Biz tarixdəki Şah İsmayıl Xətainin də dəqiqliklə necə bir şəxsiyyət olduğunu bilmirik. Bu baxımdan müəllifin və rejissorun təqdim etdiyi də maraqlı versiyadır. Hesab edirəm ki, bu, tamaşaçılar üçün də maraqlı olacaq». Aktyor tamaşanın təxirə salınmasının səbəbini bu günlərdə keçirilən tədbirlərin çoxluğu ilə əlaqələndirdi.
Tamaşanın məşqində iştirak edən teatrşünas Məryəm Əlizadə də tamaşada rejissor tərəfindən bəzi dəyişikliklərin olduğunu qeyd etdi: «Düzdür, mən hələ həmin dəyişiklikləri görməmişəm. Amma bu, fərqli bir əsərdir, tamaşanı hazırlayan da istedadlı rejissordur. Fikrimcə, maraqlı bir tamaşa alınmalıdır. Əslində tamaşa alınıb, ancaq bəzi xırda işlər görülməli idi. Dəyişiklik olmalıdır, bəs məşq prosesi nə üçündür? Bunlar texniki, sırf rejissora aid olan məsələlərdir».
Xəyali oyun
Tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov bildirdi ki, «Şah və şair» tamaşası Kamal Abdullanın «Yarımçıq əlyazma» əsərinin motivləri əsasında qurulur: “Mən romanın Şah İsmayılla bağlı hissələrinə müraciət edərək səhnə variantı hazırlamışam. Kamal Abdulla əslində teatra pyes təqdim etmişdi. Amma biz müəlliflə razılaşdırdıq ki, «Yarımçıq əlyazma» əsasında tamaşa hazırlayaq. Çünki mən oraya müəyyən dəyişikliklər əlavə etmişəm. Pyesdə də həmin səhnələr vardı, ancaq müəllif yeni dialoqlar yazmışdı. Mən isə daha çox romanın üzərində dayandım. Müəyyən süjet xətləri var ki, onları özüm əlavə etmişəm. Müəllif də bu dəyişikliklərlə razılaşdı».
Əsərin janrına gəlincə, rejissor bildirdi ki, bu, tarixi dram deyil: “Əsərin açarı elə janrın özündədir. Əgər əsərin janrı tarixi dram olsaydı, mən tarixi bütün dəqiqliyi ilə göstərməli idim. Ancaq bu əsərdə həm gerçəklik var, həm də tarixi zamanla müasir dövr bir-birinə qarışır. Ona görə bu janrı ikihissəli “xəyali oyun” adlandırdıq”. Tamaşanın təxirə salınmasına gəlincə, rejissor bildirdi ki, bu, sırf texniki məsələlərlə bağlı olub: «Bu tamaşa texnika üzərində qurulub. Burada video art var, musiqi fərqlidir, dekorasiya da bizim səhnəyə xas deyil. Bütün bunlar texnika baxımından teatr üçün yenilikdir. Ona görə də tamaşanın reallaşmasında müəyyən problemlər ortaya çıxdı və tamaşa yubandı». Rejissor hələ tamaşanın daxili baxışının keçirilmədiyini də qeyd etdi: «Mayın 15-də tamaşaya daxili baxış keçiriləcək. Mayın 17-də isə premyera nəzərdə tutulub». Rejissorun dediyinə görə əsərə fərqli bir yozum verilib. Belə ki, bir insanın həm şah, həm də şair olması xüsusiyyətləri qabardılıb: «Tarixdə belə bir fikir var ki, bu şahın ətrafında bənzəri olub. Bu əsərdə də bunun bənzəri ilə bağlı fikirlər qabardılır”.
Tamaşanın məşqindən Kamal Abdullanın narazı qalması və kəskin iradlar səsləndirməsinə gəlincə, M.Mikayılov müəllifin narazılığını inkar etmədi: «Belə bir şey olub. Kamal Abdulla bir dəfə məşqə gəldi. Səhnədə texnika tam quraşdırılmamışdı. O da «niyə tamaşa bu vəziyyətdədir?» - deyə narazı getdi. Mən ona bildirdim ki, hələ səhnə texniki cəhətdən tam qurulmayıb, aktyorların kostyumları gəlməyib və s. Müəllifin tamaşanı bəyənməməsi məhz bununla bağlı olub. Amma o, bu günlərdə tamaşanın məşqinə gəldi və xoşuna gəldi”.
Premyera baş tutarsa
Göründüyü kimi, həm tamaşanın keçirilmə tarixi, həm müəllifin iradları, həm biletlərin satışı və s. ilə səslənən fikirlər bir-birini təkzib edir. Yuxarıda qeyd etdiyim kimi - ortada dəyişməz bir fakt qalır - tamaşa təxirə salınıb. Niyə? Nə üçün? Səslənən fikirlər, gətirilən dəlillər bu səbəbi tam açırmı?
Premyera günü afişada yer alan və sonradan təxirə salınan tamaşanı isə hələ səhnə əsərini sifariş edən və maliyyə ayıran nazirlik tərəfindən daxili baxış da keçirilməyib. Sadəcə nazirlik tərəfindən hələ qəbul edilməyən tamaşanın təqdimat tarixinin müəyyən edilməsi və informasiyanın KİV-ə ötürülməsi də qəribə səslənir. Elə tamaşa ilə bağlı baş verənlər də xəyali bir oyunu xatırladır. Həm də təkcə janrdan irəli gələrək yox. Qaldı ki, Şah İsmayıl Xətai səviyyəsində bir şəxsiyyətin səhnədə xəyali oyuna çevrilməsi... Premyera baş tutarsa, bu oyunun gerçəkliklərini axtaraq...
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər