• şənbə, 28 Dekabr, 20:13
  • Baku Bakı 7°C

Sağlamlığı pozulmuş işçiyə müəssisənin verdiyi ödənişlər gəlirdən çıxılan xərclərə aid edilə bilərmi?

11.04.23 21:03 846
Sağlamlığı pozulmuş işçiyə müəssisənin verdiyi ödənişlər gəlirdən çıxılan xərclərə aid edilə bilərmi?

İstehsalat müəssisəsi xəsarət aldığına görə işdən ayrılan işçiyə ömrünün axırına qədər vəsait ödəyirsə, həmin xərcləri gəlirin əldə edilməsi ilə bağlı xərc hesab edib, gəlirdən çıxa bilərmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, işəgötürən müəssisə (təqsirkar müəssisə) tərəfindən istehsalatda qəza nəticəsində sağlamlığı pozulmuş işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq verilən ödənişlər təqsirkar müəssisələrin gəlirləri hesabına ödənilir və bu ödənişlər gəlirin əldə edilməsi ilə bağlı olmadığına görə təqsirkar müəssisənin vergitutma məqsədləri üçün gəlirdən çıxılan xərclərinə aid edilmir.

Vergi Məcəlləsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”nin 1.1-ci bəndinin 3-cü hissəsində qeyd edilib ki, işçinin istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin təhqiqat aktına əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına ödənilir.

banner

Oxşar Xəbərlər