Rəqabətin haqsızı
Mütəxəssislər bildirirlər ki, haqsız rəqabət ölkə iqtisadiyyatı üçün arzuolunmaz haldır və inkişafa nail olmaq istəyən dövlətlər bununla sərt mübarizə aparırlar. Başqa sözlə desək, rəqabətli bazar mühitinin təmin olunması üçün daim dövlət nəzarəti olmalıdır.
“Gücünüzü rəqiblərinizin zəif tərəfləri üzərinə yönəldin”, “Rəqiblərinizə önəm verin, xətalarınızı ilk olaraq onlar görərlər”, “Rəqabətin qəlbi və ruhu müştəriləri cəlb etməyi bacarmaqdır”.
Bunlar məşhur biznes adamlarının rəqabətlə bağlı fikirləridir və hər birində söhbət haqlı rəqabətdən gedir. Yəni ortaya rəqibindən daha yaxşı iş qoymalı, seçilməlisən. Ancaq rəqabətin bir də haqsız forması var.
Bu günlərdə onlayn sifarişlə yemək çatdırılması həyata keçirən şirkətlərdən birinə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti yol verilmiş haqsız rəqabət hallarının qarşısının alınması və aradan qaldırılması məqsədilə məcbur olan göstəriş verib, habelə haqsız rəqabətə yol verdiyinə görə müəssisə barədə maliyyə sanksiyası tətbiq edib.
Amma zaman-zaman başqa şirkətlərin də haqsız rəqabətə yol verməsi ilə bağlı fikirlər səsləndirilir. Bəs biznes mühitimizdə bazar qaydalarına zidd olan hansı rəqabət halları var? Dövlətin bir şirkətlə bağlı gördüyü bu tədbir düzgün rəqabətli bazar mühitinin təmini üçün nə dərəcədə effektlidir?
“Şirkət qurursunuzsa...”
Almaniyada çalışan iqtisadçı Murad Calalov deyir ki, haqsız rəqabət ölkə iqtisadiyyatı üçün arzuolunmaz haldır və inkişafa nail olmaq istəyən dövlətlər bununla sərt mübarizə aparırlar: “Avropa təcrübəsində görürəm ki, rəqabətli bazar mühiti üçün dövlət nəzarəti daim olmalıdır. Sərt qaydalar var, onlardan kənara çıxmaq olmaz. Almaniya Ticarət Qanunları kitabı var. Hansısa şirkət qurursunuzsa, o kitab sizə verilir, nələrə əməl etməli olduğunuz orda qeyd edilib. Məsələn, uşağı cəlbedici yolla maraqlandırıb valideynini nəyisə almağa məcbur etmək belə qadağandır. Yaxud reklam edirlər ki, filan məhsulumuz var, mağazada çoxdur, gedirsən, deyir ki, o məhsul bitib, başqasını təklif edək. Yaxud endirim edirlər, deyirlər ki, bu məhsulu alsanız, filan xidmətlər sizə pulsuz olacaq. Amma baxırsan ki, elə yüksək qiymətədir ki, pulsuz dedikləri xidmətin haqqı da artıqlaması ilə o ödənişin içindədir. Bunlar haqsız rəqabət növlərindəndir”.
M.Calalov bildirdi ki, rəqabət qaydalarından kiçik bir yayınma qısa zaman kəsiyində belə xırda şirkətləri bazardan çıxara bilir: “Məsələn, bir şirkətin qiymətləri digər şirkətlərə nisbətən qəfil endirməsi qısa zaman kəsiyi üçün haradasa qəbul ediləndir. O da endirimin səbəblərinə baxır. Məsələn, şirkətin filialı bağlanır, ərzaq məhsuludursa, istifadə tarixinin bitməyinə az qalıb və s. Bu endirimlər 1 gün, 1 həftə, maksimum 1 ay çəkə bilər. Amma uzun zaman ərzində qiymətin digər şirkətlərə nisbətən çox aşağı endirilməsi haqsız rəqabət sayılır. Bu, digər büdcəsi aşağı olan şirkətlərin bazardan çıxmasına yol açmış, dövlətin iqtisadi gücünə təsir etmiş olur”.
Ölkədəki haqsız rəqabət formaları
Biznes idarəçi, biznes konsultant Anar Bayramov haqsız rəqabətin Azərbaycanda rast gəlinən formalarından danışdı: “Bir forması hökmran mövqeyi olan - bazar payı 35-40 faizdən çox olan şirkətlərin öz güclərindən istifadə edib bazarda qiymətləri həddindən artıq aşağı etməsi, yaxud kəskin artırması kimi metodlardır. Bazarda rəqabət şəraitini məhv edirlər. Digər metod bir neçə oyunçunun birləşməsidir. Yəni bəzən sektor üzrə bazarda hökmran bir şirkətin mövqeyi olmur, amma bir neçə şirkət birləşib “sözü bir yerə qoyur”. Məsələn, danışırlar ki, filan məhsulun satışında qiyməti filan məbləğdən aşağı etməyək. Bu, həmin şirkətlərin bazarda hökmranlıq etməsinə gətirir. Başqa məsələ inzibati gücdən istifadədir. Hansısa məmura bağlı şirkətin inzibati resurslardan istifadəsi də haqsız rəqabətdir”.
A.Bayramov qeyd etdi ki, dövlət idarələrində də haqsız rəqabətə yol vermə halları var: “Məsələn, tenderlərin şəffaf keçirilməməsi halları. Yaxud dövlət qurumu hər il eyni şirkətlə işləyir. Başqa şirkətlərə təklif vermək üçün şərait yaratmır. Bunlar da rəqabət mühitinin pozulmasına səbəb olur”.
A.Bayramov deyir ki, inkişaf istəyən dövlətlər haqsız rəqabətlə hər zaman mübarizə aparmalıdırlar: “İqtisadi, biznes fəaliyyəti üçün ölkədə şərait olmalıdır. Bunlardan biri də haqlı rəqabət mühitidir”.
Maliyyə sanksiyası
Vəkil Aygün Əliyeva bildirdi ki, “Haqsız rəqabət haqqında” qanunun tələblərinin pozulmasına görə təqsirli şəxslər ölkə qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyırlar. Qanunun pozulmasına görə bazar subyektlərinə maliyyə sanksiyaları tətbiq edilir: “Yol verilən hərəkətlərə, onun ilk dəfə, yaxud təkrar törədilməsi və s. məsələlərə görə sanksiyanın məbləği dəyişir. Bu qanunu pozan müvafiq icra hakimiyyəti orqanları, bazar subyektləri və onların vəzifəli şəxsləri qanun pozuntusunu dayandırmaq və onun nəticələrini aradan qaldırmaq haqqında Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişlərini yerinə yetirməyə borcludurlar. Məsələn, qanunsuz əldə olunan mənfəəti qanunvericilikdə nəzərdə tutulmuş qaydada büdcəyə ödəməyə, vurulmuş zərəri, tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməyə borcludurlar”.
Aygün Asimqızı