• çərşənbə, 24 Aprel, 08:04
  • Baku Bakı 13°C

Ərazi bütövlüyü təsdiqlənməli, Zəngəzur dəhlizi açılmalıdır - ŞƏRH

25.05.23 16:30 611
Ərazi bütövlüyü təsdiqlənməli, Zəngəzur dəhlizi açılmalıdır - ŞƏRH

"Avropa İttifaqının Zəngəzur dəhlizi və Cənubi Qafqazla bağlı bu məsələdə maraqları bir neçə istiqamətdədir".

Bunu Kaspi.az-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov bildirib.

Ekspert qeyd edib ki, maksimum dərəcədə burada sülhə nail olmağa çalışırlar: "Qafqazda sülhün bərqərar olması nəticə etibarı ilə Avropanın da işinə yarıyır. Bu, rəqib kimi gördükləri Rusiyanın maraqlarına ziddir. Çünki Rusiya birmənalı olaraq münaqişənin dondurulmuş vəziyyətdə qalmasının tərəfdarıdır. Yəni, münaqişə davam etdiyi müddətdə Rusiya Cənubi Qafqazda mövcud olacaq”.

Onun sözlərinə görə, Avropa İttifaqında rəhbərliyin dəyişməsi ideologiyanı və strategiyanı dəyişmir: "Buna görə də, Avropa İttifaqı mümkün qədər prosesin sabitləşməsinin tərəfdarıdır. Çünki Avropanın buna çox böyük ehtiyac var. Proses nə qədər tez stabilləşərsə, Avropanın xüsusi olaraq enerji təhlükəsizliyinə ciddi töhfə vermiş ola bilər. Bu prosesin sabitləşməsi şəraitində Avropa İttifaqı və onun rəsmiləri də mümkün qədər özləri üçün əlverişli şərait yaratmağa çalışırlar. Bir var, Avropa İttifaqı heç nədən yararlanmasın, sadəcə sülh olsun. Bir də var ki, sülh olsun və eyni zamanda Avropa İttifaqı bundan yararlansın. Avropa İttifaqının da bundan yararlanması üçün vacib şərtlər odur ki, Asiya ilə Avropanı birləşdirəcək logistik fəaliyyət maksimal səviyyədə bərpa olunsun. Çünki bu gün Avropa istehsalı ilə Asiya istehsalının artım dinamikası kəskin fərqlənir. Yəni “Asiya pələngləri” dediyimiz ölkələr Avropanın təminatında ciddi rol oynayır. Göndərilən mallar nə qədər qısa zamanda və marşrutla çatarsa, bir o qədər Avropada bu məhsulların qiyməti ucuz olar. Məsələyə bu kontekstdən baxsaq görərik ki, Şarl Mişelin məhz Zəngəzur dəhlizini vurğulaması və buna istəkli olması bu səbəbdən qaynaqlanır. Yəni bu dəhliz vasitəsilə Avropaya ixrac olunacaq məhsulların maya dəyəri digər marşrutlar üzrə olan məhsulların maya dəyərindən daha ucuz olacaq. Eyni zamanda Azərbaycan daha etibarlı tərəfdaşdır və hansısa bir situasiyada bundan sui-istifadə etməyəcək”.

E.Əmirov vurğulayıb ki, Avropa İttifaqı Ermənistanın da bu dəhlizdən yararlanmasını istəyir: “Azərbaycan Ermənistanı işğalçı siyasətinə görə uzun müddət beynəlxalq və regional layihələrdən kənarda saxlayıb. Özü də bunu böyük ustalıqla bacarıb. Bu baxımdan indi Ermənistan beynəlxalq və regional layihələrdə iştirakçı olaraq öz dividentlərini, iqtisadi mənfəətlərini qazanmaq istəyir. Buna da Azərbaycan yox demir. Təbii ki, Azərbaycanın ərazi bütövlüyü tanınmalı, təsdiqlənməli və Zəngəzur dəhlizi açılmalıdır. Onu qeyd edim ki, Ümumdünya Gömrük Təşkilatı təbii olaraq Zəngəzur dəhlizinin açılmasını dəstəkləyəcək. Bu təşkilat ümumiyyətlə gömrük proseslərinin asanlaşdırılmasına və yaxşılaşdırılmasına xidmət etmək məqsədilə yaradılıb. Yaxşı olardı ki, Azərbaycan da bu təşkilatın üzvü olsun. Bu, Azərbaycan iqtisadiyyatı, istehlakçısı üçün faydalı olardı. Yaxın dövr ərzində bunun baş verəcəyini gözləmirəm, amma uzaq perspektivdə bu təşkilata üzv olmaq kimi şansımız var”.

Bəxtiyar Məmmədli

banner

Oxşar Xəbərlər