Qızıl qiymətlərində yeni rekord

Azərbaycan qızılın qiymətinin artmasında uduşlu mövqedədir: Çünki qızıl ixrac edirik, eyni zamanda, Dövlət Neft Fondunun ehtiyatlarında da qızıl var. Bu prosesdə ziyan edənlər qızıldan bəzək əşyası kimi istifadə edən vətəndaşlardır.
Dünyada qızılın qiyməti yeni rekordlar vurur. Qızıl füçerslərinin 2025-ci ilin aprel ayında çatdırılma ilə qiyməti "Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi) tarixi maksimumunu yeniləyərək, bir troya unsiyası üçün 3050 dollar göstəricisindən yuxarı qalxıb. Bu, tarixi maksimum sayılır.
Beynəlxalq proqnozlar dəyişir
Birjalarda müşahidə edilən bu hərəkətlilik qızılın qiyməti ilə bağlı proqnozlara da təsirsiz ötüşməyib. "Fitch Ratings" beynəlxalq reytinq agentliyi qızılın 2025-2027-ci illər üçün qiymət proqnozunu yüksəldib. Məlumata görə, "Fitch" 2025-ci il üzrə qızılın orta qiyməti ilə bağlı proqnozunu 2100 dollardan 2400 dollara, 2026-cı il üzrə 1700 dollardan 2100 dollara, 2027-ci il üzrə isə 1700 dollardan 2000 dollara qədər artırıb. Başqa sözlə, proqnoz 2025-2027-ci illər üzrə 300-400 dollar artırılıb. Agentlik qeyd edib ki, yeni proqnoz geosiyasi risklər səbəbindən investorların qızıla tələbinin artması ilə bağlıdır: “2025-2027-ci illər üçün artırılmış qızıl qiyməti proqnozları, qiymətli metalın "təhlükəsiz liman" olması ilə bağlıdır. Ticarət müharibəsi ilə bağlı narahatlıqlar və səhmlər, eləcə də istiqraz bazarlarındakı dəyişkənlik qızıla yatırımları artıraraq, qiymətlərin rekord səviyyəyə çatmasına səbəb olub. Geosiyasi risklər və investorların inflyasiya, həmçinin dövlət borcu ilə bağlı artan narahatlıqları yaxın və orta müddətli qiymət proqnozlarını dəstəkləyir”.
"Fitch" 2028-ci il üzrə isə qiymət proqnozunu 1800 dollardan 1600 dollara endirib. Analitiklər hesab edir ki, bu, bazarın sabitləşməsi, ticarət risklərinin azalması və ya alternativ investisiyalara yönəlmə ilə izah edilə bilər. Agentlik həmçinin qızıl uzunmüddətli qiymət proqnozunu da 1600 dollar müəyyən edib.
Daxili istehsal artırılır
Azərbaycan da qlobal bazarda müşahidə edilən bu tendensiyaya uyğun addımlar atmaqdadır. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-fevral aylarında Azərbaycanda 478,3 kq qızıl, 776,6 kq gümüş istehsal edilib. Qızıl istehsalı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 81,4 %, gümüş istehsalı isə 36,8 % artıb.
Ötən iki ay ərzində Azərbaycanda mis konsentratının istehsalı 356,3 ton olub ki, bu da bir il öncəki göstəricidən 11,1 dəfə çoxdur.
Bu ilin martın 1-nə olan məlumata görə, ölkədə 160,4 kq qızıl, 668,9 kq gümüş ehtiyatı yaranıb. Mis konsentratının ehtiyatı isə 234,5 ton təşkil edib.
Qeyd edək ki, Dövlət Neft Fondu tərəfindən 2024-cü ildə 44,8 ton qızıl alınıb. Bununla da ehtiyatların həcmi 146,6 tona çatdırılıb. Fond qızıl alışını 2025-ci ildə də davam etdirərək, ehtiyatların 170 tona çatdırılmasını planlaşdırır.
Daha çox vətəndaşlara təsir edir
Ekspertlər qızılın bahalaşmasının daha çox vətəndaşlara təsir etdiyi qənaətindədir. İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, Azərbaycan qızılın qiymətinin artmasında uduşlu mövqedədir: “Çünki qızıl ixracımız var, eyni zamanda, Dövlət Neft Fondunun ehtiyatlarında da qızıl var. Bu prosesdə ziyan edənlər qızıldan bəzək əşyası kimi istifadə edən vətəndaşlardır. Əsasən evlənən şəxslər bu qiymətli metalın alışında bahalaşmadan əziyyət çəkirlər".
F.Abasoğlu
