Qayıtmadı, qaytardılar
Özünü separatçı rejimin “dövlət naziri” kimi təqdim edən Ruben Vardanyanın yenidən Rusiya sülhməramlılarının nəzarəti altında olan Azərbaycan ərazilərində peyda olması regiondakı durumu daha da gərginləşdirib. Ekspertlər hesab edirlər ki, erməni milyarderi geriyə zorla göndəriblər.
Bir neçə gün bundan öncə Qarabağdakı separatçıların “lideri” Araik Arutyunyanın, ardınca “dövlət naziri” Ruben Vardanyanın gizli yolla Ermənistana qaçması, oradan da Moskvaya getməsi xəbəri yayıldı. Erməni mənbələrinə görə, Vardanyan rusiyalı sülhməramlılarının yük avtomobilində, çirkli əsgər paltarlarının altında gizlənərək bölgədən çıxarılıbmış. Lakin bu həftənin əvvəlində məlum oldu ki, Vardanyan yenidən Qarabağda peyda oldu. Yığıncaq keçirərək gələcək planlardan, görüləcək işlərdən danışıb, Qarabağdakı separatçıları “işıqlı günlərə” çıxaracağına dair vədlər verib. Maraqlıdır, Vardanyanın gizli yolla Moskvaya getməsinə səbəb nə idi? Yenidən Qarabağa qayıtmaqda məqsədi nədir? Kreml alət kimi istifadə etdiyi bu şəxsin üzərinə hansı vəzifələr qoyub?
Ona qayıtmaqla bağlı tapşırıq verilib
Millət vəkili, siyasi şərhçi Sahib Alıyev mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında deyib ki, R.Vardanyan Qarabağa öz xoşu ilə gəlməyib. Deputatın qənaətincə, ona Qarabağa getməklə bağlı xüsusi tapşırıq verilib: “Əgər Vardanyan bu tapşırıqdan imtina etsəydi, Ukrayna-Rusiya savaşı başlayandan indiyə qədər özünə qarşı sui-qəsd etmiş bir çox milyarderlərin taleyini yaşayacaqdı. Onun sir-sifətinə, həyat yoluna fikir versək görərik ki, bu adam harın və komfort həyat tərzi yaşayan dələduzun biridir. Bu tip insanları Qarabağdakı haylar heç zaman maraqlandırmayıb. Vardanyanı Qarabağa heç nə bağlamır. Bu nöqteyi-nəzərdən çıxış etsək, Vardanyan Qarabağa məcburi şəkildə göndərilib. Onun bu günlərdə Araik Arutyunyanın ardınca Moskvaya getməsi də birmənalı deyil. O, Moskvaya çağrılmamışdı. Özü bu təşəbbüsdə bulunmuşdu. Kreml rəhbərliyini inandırmaq istəyirdi ki, Qarabağda mövcudluğu heç bir nəticə vermir, sadəcə, Azərbaycan rəhbərliyi deyil, eyni zamanda Ermənistanın baş naziri Nikol Paşinyan da onun bu ərazidə olmasını istəmir”.
Vardanyan kuratorlarını inandıra bilməyib
Siyasi şərhçi deyib ki, R.Vardanyan Moskvadakı kuratorlarını inandıra bilməyib: “Bu kimi şəxslərin Moskvadakı kuratorları anlamalıdır ki, Vardanyan kimi onların Qarabağdakı hərbi kontingenti də müvəqqətidir. Vardanyanların Qarabağda mövcudluğu, hərəkətləri ən azından Azərbaycan cəmiyyətində onları oraya göndərənlərə qarşı böyük qəzəb doğurur. Hər kəs anlayır ki, Vardanyan heç kimdir. Bu şəxsi Qarabağa göndərənlər vardanyanlıq edir, bununla da regionda daimi sülhün yaranmasında, Qarabağdakı hayların Azərbaycana reinteqrasiyasında maraqlı olmadıqlarını ortaya qoyurlar. Proseslərin bu cür gedişi, eyni zamanda Ermənistan rəhbərliyinin kənar güclərin təsiri altında danışıqları uzatmaq cəhdi yaxşı nəticə verməyəcək. Bu, sadəcə haylar üçün deyil, onlardan alət vasitəsi kimi yararlanmaq istəyənlər üçün də yaxşı nəticələnməyəcək”.
“Rusiya Paşinyanın devrilməsi ilə bağlı konkret plan hazırlayıb”
Politoloq Qabil Hüseynli də hesab edir ki, R.Vardanyanı Qarabağa zorla qaytarıblar. Onun fikrincə, bu dəfə Vardanyanın qarşısına daha ciddi vəzifələr qoyublar: “Bu vəzifələr bilavasitə Ermənistanda siyasi hakimiyyət dəyişiklikləri ilə əlaqədardır. Düzdür, buna qədər Vardanyan Qarabağda müəyyən hərəkətlər edəcək, aksiyalar keçirəcək, çalışacaq ki, şöhrətinin daha yüksək pilləsinə çatsın. Bunlar hamısı Qarabağdan İrəvana sıçrayış məqsədi daşıyacaq. Rusiya Paşinyanın devrilməsi ilə bağlı konkret plan hazırlayıb. Bu planın həyata keçirilməsinin əsas siması Vardanyandır. Yaxın bir ay ərzində Ermənistanda vəziyyət qarışacaq. Bu zaman kəsiyində Araik Arutyunyanla Ruben Vardanyan Qarabağda da nələri isə etməyə cəhd göstərəcəklər. Bura Laçın yolunun açılması üçün əlavə cəhdlər və sair uğursuz hərəkətlər daxildir. Rəsmi Moskva Paşinyanın Ermənistan ərazisinə Avropa İttifaqının mülki missiyasının, əslində isə Volodinin vurğuladığı kimi, yaxın perspektivdə hərbi funksiya daşıyacaq missiyanın çağırılmasını Rusiyanın strateji maraqlarına ağır zərbə kimi qəbul edir”.
Qərbin Rusiyanı tamamilə sıradan çıxarmaq kimi bir hədəfləri var
Politoloq qeyd edib ki, Rusiya tərəfindən ard-arda verilən bəyanatlarla Ermənistanın siyasi rəhbərliyi qorxudulur: “Rusiya tərəfdən verilən belə bəyanatlar ürküdücü, bir çox hallarda isə diplomatik etiketləri aşacaq səviyyədə olur. Zənnimcə, Vardanyanın Moskvaya çağırılacağı ilə bağlı Azərbaycan rəhbərliyinə verilmiş vəd, sonradan bu vədin pozulması da deməyə əsas verir ki, onun qarşısına indi tamamilə fərqli vəzifələr qoyulub. Ola bilsin bu vəzifələrin Azərbaycana ziyan vurmayacağına dair yeni təminatlar, əslində isə yalançı vədlər verilib. Vardanyan o zaman Qarabağa qaytarılıb ki, həmin vaxt Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Moskvada səfərdə olub. Rusiya Cənubi Qafqazda çox mürəkkəb bir oyuna girişib. Bu oyunun nəticəsinin necə olacağını, nə ilə nəticələnəcəyini əvvəldən proqnozlaşdırmaq çətindir. Bununla paralel olaraq Ukrayna cəbhəsində Qərb Rusiyanın məğlubiyyətinə hesablanmış ciddi addımlar atır. Dünyanın, o cümlədən Qərb dövlətlərinin gündəmində Rusiyanı tamamilə sıradan çıxarmaq kimi bir hədəf var. Bunu gizlətmirlər. Rusiya Cənubi Qafqaza xüsusi diqqət ayırıb və regiona nəzarəti əldən verməməyə çalışır. Fikrimcə, Rusiyanın burada uğur qazanması çətindir”.
Q.Hüseynli söyləyib ki, Rusiya həm Qərb cəbhəsində, həm də Cənubi Qafqazda son çırpıntılarını yaşayır: “Azərbaycan dünyada baş verən geosiyasi hadisələri izləməli, ehtiyatlı və tədbirli davranmalı, Ukrayna-Rusiya cəbhəsindəki prosesləri izləməklə yanaşı, Qarabağdakı erməni silahlı birləşmələrinin çıxarılması üçün səylər göstərməlidir. Çünki Qarabağda baş verən bir sıra proseslər darmadağın edilmiş Ermənistan ordusunun qalıqlarının orada olmasından qaynaqlanır. Dünyada və regionda həyata keçirilən anti-Rusiya hərəkətlərinin tərkib hissəsinə çevrilmədən milli maraqlarımız uğrunda mübarizəni davam etdirməli, Qarabağ üzərində tam nəzarəti təmin etməliyik. Bunun ilkin şərti erməni yaraqlılarının ərazidən çıxarılmasıdır. Bunu ultimatum və bəyanatlar verib konkret tələb irəli sürməklə, ardınca isə antiterror əməliyyatına başlamaqla həyata keçirmək olar”.
Rufik İSMAYILOV