• çərşənbə axşamı, 02 iyul, 01:47
  • Baku Bakı 21°C

Qarabağı birlikdə quraq

29.06.24 00:23 394
Qarabağı birlikdə quraq

Şuşada turizm üzrə peşə mərkəzi yaradılacaq. Hazırda burada 20-yə yaxın sahibkara fəaliyyəti ilə bağlı müvafiq şərait yaradılıb. “Qarabağ” küçəsində Prezident İlham Əliyev tərəfindən təməli qoyulan, dövlət-özəl tərəfdaşlığı çərçivəsində inşa edilən 10 binanın tikintisi sürətlə davam etdirilir. 

İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Şuşada “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” adlı tədbir keçirilib. Tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, əsas məqsəd işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasıdır: “Azad edilmiş ərazilərdə minlərlə iş yeri yaradılıb və bunun çox hissəsi özəl sektorun payına düşür”. Nazir bildirib ki, azad edilmiş ərazilərdə sahibkarlar üçün güzəştlər tətbiq edilir.

M.Cabbarovun sözlərinə görə, Azərbaycanda ilin sonuna qədər sahibkarlara əlavə maliyyəyə çıxış mexanizmlərinin təmin edilməsi ilə bağlı təşəbbüslərin işə salınması planlaşdırılır. İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan Sahibkarlığın İnkişafı Fondu, Azərbaycan İnvestisiya Şirkəti sahibkarların maliyyə resurslarına çıxışını təmin edir. O qeyd edib ki, maliyyə resurslarına çıxış gələcəkdə də təmin ediləcək: “Bununla belə, bankların təşəbbüslərindən də faydalanmaq səmərəli olardı".

Köç prosesi davam edir

Tədbirdə işğaldan azad edilən ərazilərin məskunlaşdırılması ilə bağlı statistikalar da açıqlanıb. Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib ki, bu ilin sonuna kimi Xocavəndə 53 ailənin köçürülməsi nəzərdə tutulub. 

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov isə vurğulayıb ki, artıq Xocalı şəhərinə 50 ailənin köçürülməsi təmin edilib. Onun sözlərinə görə, yaxın müddətdə daha 50 ailənin köçü həyata keçiriləcək: “Xocalı şəhəri, Kərkicahan qəsəbəsi, Malıbəyli kəndinə, Ağdərə rayonunun Umudlu kəndinə bu il 228 ailənin yerləşdirilməsi nəzərdə tutulub”.

Bu ilin sentyabr və oktyabr aylarında Ağdərə rayonunun Suqovuşan qəsəbəsinə isə 190 ailənin köçürülməsi nəzərdə tutulur. E.Yusubov bildirib ki, növbəti illərdə bu say dəfələrlə artacaq: “Artıq Ağdərə rayonunun Talış kəndinə 20 ailə köçürülüb”.

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev deyib ki, bu il ərzində yenidən salınmış Cəbrayıl şəhərinin mərkəzinə, eləcə də bu rayonun bir neçə kəndinə köç planlaşdırılır. Zəngilan və Qubadlı rayonlarında da yeni yaşayış məskənlərinin inşası davam edir.

Sənaye parklarında yaradılan şərait

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov bildirib ki, hazırda Ağdam Sənaye Parkında ümumi investisiyalarının həcmi 216 milyon manatdan çox olan 25 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu günədək rezidentlər tərəfindən Sənaye Parkına 35 milyon manatdan artıq investisiya yatırılıb, 300-dək daimi iş yeri yaradılıb: “Sənaye Parkında ümumilikdə 2 000-dən çox iş yerinin yaradılması nəzərdə tutulur”. 

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının isə hazırda 10 rezidenti və 2 qeyri-rezidenti var. İnvestorlar tərəfindən ümumi olaraq 83,4 milyon manatdan artıq investisiyanın yatırılması, 700-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Bu günədək Sənaye Parkına 14 milyon manatdan çox investisiya yatırılıb, 20-dən artıq iş yeri yaradılıb".

Şuşada turizm üzrə peşə mərkəzi yaradılacaq

Azərbaycan Prezidentinin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov bildirib ki, Şuşada turizm üzrə peşə mərkəzi yaradılacaq: “Peşə mərkəzinin yeri seçilib. Layihənin icrasının birinci mərhələsi başa çatıb". Xüsusi nümayəndə deyib ki, bu günədək Şuşada fiziki və hüquqi şəxs olmaqla 20-yə yaxın sahibkara fəaliyyəti ilə bağlı müvafiq şərait yaradılıb. “Qarabağ” küçəsində Prezident İlham Əliyev tərəfindən təməli qoyulan, dövlət-özəl tərəfdaşlığı çərçivəsində inşa edilən 10 binanın tikintisi sürətlə davam etdirilir: “Bu binaların 8-i özəl investorlar, 2-si isə Şuşa Şəhər Dövlət Qoruq İdarəsi tərəfindən tikilir. Qeyd edim ki, bu investisiya layihəsinə 1 manat da olsa dövlət vəsaiti sərf olunmur. İlin sonunadək sözügedən binalarda əsasən qonaqlama, ictimai iaşə, ticarət xidmətlərinin təşkili planlaşdırılır”.

banner

Oxşar Xəbərlər