• cümə, 29 Mart, 04:56
  • Baku Bakı 7°C

Pərviz Şahbazov: “Əlcəzairlə “OPEC plus” formatında uğurlu əməkdaşlıq edirik”

29.11.22 17:05 835
Pərviz Şahbazov: “Əlcəzairlə “OPEC plus” formatında uğurlu əməkdaşlıq edirik”

Azərbaycan Əlcəzairlə qlobal neft bazarının balanslaşdırılması məqsədilə “OPEC plus” formatında uğurlu əməkdaşlıq edir.

“Report”un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bunu nazir Pərviz Şahbazov Əlcəzairə səfəri çərçivəsində bu ölkənin energetika və mədən naziri Mohamed Arkab ilə görüşdə bildirib.

Tərəflər neft-qaz, eləcə də bərpa olunan enerji, enerji keçidi üzrə fəaliyyət və planlaşdırılan layihələr barədə geniş fikir mübadiləsi aparıb, neft-qaz, neft-kimya və bərpa olunan enerji sahələrində, həmçinin “Sonatrach” və “Sonelgaz ”şirkətləri ilə əməkdaşlığı müzakirə edib.

Bu yaxınlarda Prezident İlham Əliyevin Əlcəzairdə keçirilmiş Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında fəxri qonaq kimi iştirakının ikitərəfli münasibətlərin inkişafı baxımından əhəmiyyəti vurğulanıb. İki ölkə arasında oxşarlıqların, neft sahəsində tarixə malik əlaqələrin enerji sahəsində əməkdaşlığın yeni mərhələdə inkişafı üçün platforma olduğu qeyd edilib.

P. Şahbazov deyib ki, zəngin karbohidrogen ehtiyatlarına malik, mühüm təbii qaz təchizatçıları olan Azərbaycanla Əlcəzairin dostluq və əməkdaşlıq əlaqələrini möhkəmləndirməsi üçün enerji sahəsində geniş potensial var: “Ölkələrimiz arasında yüksək səviyyəli münasibətlər və karbohidrogen sahəsində zəngin təcrübə enerji əməkdaşlığının əhatə dairəsinin genişləndirməsini, qarşılıqlı fəaliyyətin gücləndirilməsini aktuallaşdırır”.

Sonra neft və qaz sahəsində ikitərəfli əməkdaşlığın inkişafı məqsədilə “Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında neft və qaz sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. Bu sənəd quruda və dənizdə karbohidrogenlərin tədqiqi və istehsalı, karbohidrogen layihələrinin, neft - kimya sənayesinin inkişafı, enerji məhsullarının marketinqi, nəqliyyatı və paylanılması üzrə əməkdaşlığı nəzərdə tutur, eləcə də "Azeri Light" və digər xam neft növlərinin tədarükü, “yaşıl enerji” (hidrogen) istehsalı layihələrinin tətbiqi və hidrogenin daşınmasına dair araşdırmalar aparılması, neft-qaz sektoru üzrə tənzimləyici, idarəetmə müəssisələrinin təşkili və yaradılması, birgə layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsi istiqamətləri üzrə fəaliyyəti əhatə edir. Memorandumdan irəli gələn məsələlərin icrası üçün Birgə İşçi Qrupunun yaradılması planlaşdırılır.

Azərbaycan nümayəndə heyətinin tərkibində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Yaşar Lətifov və “Neftqazelmitədqiqatlayihə” İstitutunun direktoru Fəxrəddin İsmayılov da iştirak edir.

banner

Oxşar Xəbərlər