Öyrənməyə və yeni üfüqlər kəşf etməyə davam- Reportaj
Dünyanın aparıcı elektron ticarət platformalarından biri və Türkiyənin aparıcı e-ticarət platforması “Trendyol” həyata keçirdiyi layihələrlə qızların bacarıqlarının artırılması, liderlik potensialının üzə çıxarılması və dayanıqlı inkişaf naminə onların səlahiyyətləndirilməsi üçün imkanların mövcudluğunu təlqin edir.
Təkcə dünyada deyil, bizim ölkəmizdə də gənc qızların və qadınların təhsil, iqtisadi və digər resurslara əlçatanlılığının olmamasından doğan kədərli hekayələri var. Cəmiyyətin qadın hüquqları sahəsində əldə etdiyi əhəmiyyətli irəliləyişlərə baxmayaraq, beynəlxalq təşkilatların proqnozları qadınların və qızların səlahiyyətləndririlməsi ilə bağlı hələ çox işlər aparılmasının vacib olduğunu göstərir.
Araşdırmalara görə, ailələrdə, məktəblərdə və icmalarda mövcud olan gender stereotipləri qızların akademik göstəricilərinə və hər hansı peşəyə yiyələnmək istəyinə kəskin təsir edir. Gender fərqi qızların təhsilə bərabər çıxış imkanlarını məhdudlaşdırır və ayrı-seçkiliyin bir forması kimi onları təhsildən uzaqlaşdırır. Nəticədə bütün yaşlarda olan qadın və qızlar təhsil, səhiyyə, iqtisadiyyat, siyasət sferasında və əmək bazarında ayrı-seçkiliklə üzləşməkdə davam edirlər.
Davamlı və inklüziv inkişaf üçün
Qızların təhsil və iş imkanlarına malik olması təkcə özlərinə deyil, həm də mənsub olduqları cəmiyyətə faydalıdır. Onların təhsili bütün dünyada təkcə insan hüquqlarının təşviqi üçün deyil, həm də onların səlahiyyətləndirilməsi üçün yol açan vasitə kimi rol oynayır. Qızların təhsilinin təşviqi davamlı və inklüziv inkişaf üçün ən effektiv səylərdən biri hesab olunur. Qızların səlahiyyətləndırılməsi təhsil, iqtisadi və digər imkanlar daxil olmaqla hər bir sahədə bərabərliyə töhfə verir və dayanıqlı inkişafı dəstəkləyir.
“Qızları təhsil vasitəsilə necə səlahiyyətləndirməli?” sualı bu gün beynəlxalq təşkilatları və vətəndaş cəmiyyətini də düşündürməkdədir. Dünyanın aparıcı elektron ticarət platformalarından biri və Türkiyənin aparıcı e-ticarət platforması “Trendyol” da həyata keçirdiyi layihələrlə qızların bacarıqlarının artırılması, liderlik potensialının üzə çıxarılması və dayanıqlı inkişaf naminə onların səlahiyyətləndirilməsi üçün imkanların mövcudluğunu təlqin edir.
“Trendyol” “Gələcək qadınlarındır” və “Güclü qadınlar proqramı” vasitəsilə qadınların sahibkarlıq fəaliyyətlərini dəstəkləyir, onlar üçün daha yaxşı imkanların yaradılmasını təmin edir. Bununla yanaşı, müxtəlif tərəfdaşlarla birlikdə Azərbaycanda qadın sahibkarların yaşıl biznes və eko-liderlik bacarıqlarını inkişaf etdirməyi hədəfləyir. Eləcə də “Trendyol”un BMT-nin İnkişaf Proqramı ilə birlikdə reallaşdırdığı “Gələcəyin kəndləri” layihəsi qadın sahibkarlığını təşviq etməklə yerli məhsulların və sənətkarlıq nümunələrinin əhatə dairəsini genişləndirmək, “Trendyol”un texnoloji resurslarını kənd yerlərinə yaymaqla rəqəmsal boşluğu minimuma endirmək, məşğulluğu stimullaşdırmaq və kəndlərin inkişafına təkan vermək məqsədi daşıyır.
Öyrənməyə və yeni üfüqlər kəşf etməyə doğru
“Trendyol” və BMT-nin Əhali Fondunun Azərbaycanda Beynəlxalq Qızlar Gününə həsr olunmuş “Öyrənməyə və yeni üfüqlər kəşf etməyə davam edin” şüarı ilə məlumatlandırma kampaniyası da ictimaiyyətin diqqətini qızlar üçün bərabər imkanların yaradılması və qızların səlahiyyətləndirilməsi məsələlərinə yönləndirmək məqsədi daşıyır.
Kampaniya çərçivəsində “Dayanıqlı inkişaf naminə qızların səlahiyyətləndirilməsi” mövzusunda keçirilən tədbir ölkənin müxtəlif bölgələrindən - Siyəzən rayonundan, Ümid qəsəbəsindən, Gəncə və Bakı SOS Uşaq Kəndlərindən və Bakıdakı orta və ali təhsil müəssisələrindən 100-dən artıq yeniyetmə qızı bir araya toplamaqla onların təhsil, texnologiya və gender bərabərliyi vasitəsilə səlahiyyətləndirilməsini və cəmiyyətin dayanıqlı inkişafına töhfələrini müzakirə etdi.
“Bərabər imkanlara malik olduqda qızlar fərqlənə bilirlər”
BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Fərid Babayev “Trendyol”la əməkdaşlıq qızların səlahiyyətləndirilməsi istiqamətində əhəmiyyətli addım olmaqla bərabər, özəl sektorun sosial məsuliyyətinə dair layiqli bir nümunədir”, - deyə layihəni yüksək dəyərləndirir: “Qızlar heç də cəmiyyətin passiv iştirakçıları deyil. Onlar gələcəyimizi təyin edənlər, innovasiya daşıyıcıları və sosial dəyişikliklərin əsas qüvvəsidir. Təhsil, səhiyyə, hüquqi, iqtisadi və digər imkan və xidmətlərə bərabər çıxışa malik olduqda qızlar fərqlənə bilərlər. Tədqiqatlar göstərir ki, qızlar təhsilli, səlahiyyətli və gücləndirilmiş olduqda cəmiyyətlər daha ədalətli, iqtisadi baxımdan daha sabit və dayanıqlı olur. Qızlar cəmiyyətdə liderlik mövqelərinə yüksəldikdə bu, yalnız onların öz həyatını deyil, bütün icmaların, hətta ölkənin gələcəyini dəyişdirə bilər. Bu məqsədə çatmaq üçün qızların qarşısındakı çətinlikləri aradan qaldırmaq hər birimizin borcudur”.
Texnologiya, iş imkanları sahəsində səlahiyyətləndirmə “Trendyol” bir texnologiya şirkətidir. Bu platformada yüzlərlə qadın mühəndis və texnoloq işləyir”, - deyə “Trendyol”un Azərbaycan üzrə korporativ kommunikasiyalar rəhbəri Süheylə Cəfərova təmsil etdiyi şirkətdə qadınların mövqelərinin yüksək olduğunu vurğulayır: “Trendyol”un qadın əməkdaşları və rəhbərlərin sayı Türkiyə ortalamasından yüksəkdir. “Trendyol” platformasında qadın sahibkarlar satıcıların 28%-ni təşkil edir. “Trendyol” satıcıları arasında qadın işçilərin faizi 44%-dir. Bundan sonra da qızların karyera, texnologiya, iş imkanları sahəsində səlahiyyətləndirməsi və dayanıqlı inkişafa töhfənizi artırmaq üçün birgə işlər görəcəyik”.
Panel müzakirələrində STEAM üzrə ekspert Maral Qurbanzadənin “Qızlar - texnologiya sahəsində necə uğur qazanır?”, gender və səlahiyyətləndirmə eksperti Şəmsiyyə Mustafayevanın “Qızların səlahiyyətləndirilməsi və gender bərabərliyinin təşviqi dayanıqlı inkişafa necə töhfə verir?”, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Pərvanə Məmmədovanın “Qızları təhsil vasitəsilə necə səlahiyyətləndirməli?” mövzusunda çıxışları şəxsi təcrübələrini nümayiş etdirdi. “Bilik səlahiyyətləndirmənin açarıdır” fikri isə bu maarifləndirmədə öndədir.
Təranə Məhərrəmova