“Ortodoksal teatr tənbəl aktyor nəsli yetişdirir”

"Poliqon” teatr
platformasının və dOM teatrının müəllifi Tərlan Rəsulovla müsahibə.
- Müasir
teatrı necə görürsünüz?
- İlk növbədə, teatrı canlı görmək istəyirəm. Teatr
adamları adətən deyirlər ki, kino ölü sənətdir, teatr canlı. Hazırda teatr
kinodan heç nə ilə fərqlənmir. İddia olunsa da ki, teatr canlıdır, biz səhnədə
ölü sənəti görürük.
- A.Boal
deyirdi ki, "Teatr gələcəyi, sadəcə, gözləmək əvəzinə bizə onu qurmağa kömək edə
bilər”. Necə düşünürsünüz, teatr gələcəyi qurmağa kömək edə biləcəkmi?
- A.Boalın özü ictimai proseslərdə fəal iştirak
edirdi. O, daha çox sosial teatrla məşğul idi. Sözsüz ki, Braziliyada
yaradıcılıqla məşğul olan insanın yaşadığı mühitin, cəmiyyətin problemlərinə
baş vurması normal idi. Lakin mən teatrın bu istiqaməti ilə maraqlanmıram.
Düşünmürəm ki, teatrın funksiyası sosial həyatda dəyişiklik etməkdir. Belə bir
stereotip düşüncə mövcuddur ki, teatr, kino, ümumiyyətlə, incəsənət
ictimai-sosial, mənəvi problemlərin həllini, çıxış yollarını göstərməyə qadir
olmalıdır.
- Mən
elə bir düşüncəyə rast gəlməmişəm. Biz hər yerdə deyirik və eşidirik – teatr
problem həll eləmir.
- Bəs, nə edir?
- Sadəcə
göstərir.
- Məsələ sadəcə göstərməkdə də deyil, axı. Hansı
teatr problemi göstərir və həllini demir?
- Bütün
ənənəvi teatrlar...
- Biz teatrda həmişə suallara cavab axtarırıq. Mənim
üçün isə incəsənət suallara cavab yox, sadəcə, sual verməlidir. Böyük mənada, sənəti
cavab maraqlandırmır, o, sual verir və bununla da onun missiyası bitir. Cavab
axtarmaq, analizlər aparmaq isə, biz tamaşaçı-istehlakçıların işidir.
- Azərbaycan
teatrı bu gün sual verə bilir?
- Çox çətinliklə.
- Bir
müddət Yuğ Dövlət Teatrında direktor kimi çalışdınız və orada üç tamaşa
qurdunuz. Daha əvvəl də British Council ilə çalışırdınız, səhv etmirəmsə. Bu,
hansı ehtiyacdan yarandı?
- 2005-ci ildə Britaniya Şurasının Azərbaycan nümayəndəliyindən
forum teatr tamaşası qurmaq təklif olunmuşdu, ilk dəfə interaktiv teatrla o
zamanlar tanış oldum. Ona qədər Azərbaycanda interaktiv teatr haqqında geniş
anlayış yox idi. İnteraktiv teatrın bir qolu olan forum teatrı haqqında məlumat
topladım və bu yöndə bir sıra işlər gördüm – üç dəfə rejissor, bir dəfə
prodüser kimi. Bu yaxınlarda da ADMİU-nun tələbələri ilə birlikdə bir iş
gördük. Ümumiyyətlə, yaradıcılıq ehtiyacı heç vaxt şüurla dərk olunmur.
- "Poliqon”
teatr platforması və dOM teatrı. İkisinin də yaradıcısısınız. Onların
biri-birindən fərqi nədir və ayrılıqda hansı ideyaya söykənirlər? dOM nə deməkdir?
- İngilis dilində "play” sözü var, həm pyes, həm
oyun, həm tamaşa deməkdir. Söz oyunundan istifadə edərək "with out play”
(oyunsuz) ifadəsinin baş hərflərini – WOP, götürüb, tərsinə çevirdik dOM
alındı. "Poliqon” teatr platforması dOM teatrının layihələrindən biridir. "Poliqon”
teatr platformasının adında da söz oyunundan istifadə eləmişəm. Məsələ
burasındadır ki, poliqon ingilis dilində çoxşaxəli, çoxbucaqlı deməkdir. Bu
platforma müxtəlif layihələrin həyata keçirilməsi üçün zəmin yaradır. Hələ ki,
konkret məkanımız yoxdur, amma Teatr Xadimləri İttifaqında və Asmart Creative
Hubda bizə müvəqqəti yer verilib.
- Söhbət
konkret hansı layihələrdən gedir?
- Yeni aktyor metodikasının yaradılması. 2016-cı ildə
Tehranda keçirilən teatr konfransında mən bu haqda danışmışdım. Sonra hiss elədim
ki, bu metodikanı formalaşdırmaq imkanı var. Nədən irəli gəlmişdi? Mən
interaktiv teatr formaları ilə məşğul olarkən, peşəkar aktyorlarla iş prosesində
ciddi problemlərlə üzləşdim.
- Hansı
problemlə?
- İnteraktiv teatr formatına uyğunlaşmamaq. Mən başa
düşdüm ki, interaktiv teatr növlərində uğur əldə eləmək üçün hər şeyi sıfırdan
başlamaq lazımdır, yəni peşəkar teatr təhsili olmayan, ənənəvi teatr vərdişlərindən
uzaq adamlarla başlamaq lazımdır.
- İş
prinsipini necə qurmusunuz, yəni hansı metodikayla işləyirsiniz.
- 2016-cı ildə Brüsseldə keçirilən simpozium zamanı
interaktiv teatr növlərinə həsr edilmiş seminarlardan birində əcnəbi mütəxəssislərə
sual vermişdim. Sualım ondan ibarət idi ki, bu interaktiv tamaşaların ifasında
yeni aktyor texnikasına ehtiyac olduğunu duyursunuzmu? Cavab olaraq, onlar da
bunu təsdiqlədilər. Ona görə də belə bir metodikanın yaranması zamanı çatıb bu
aktyor texnikasının yaradılmasını təmiz səhifədən başlamaq məqsədəuyğun olar.
Yeni məşğələlər tərtib edilib və sınaqdan keçirilib. Bütün məşğələlərin
keçirilməsində xüsusi şərtlər və qaydalar haırlanıb. Gənclərlə iş əvvəlcədən üç
mərhələyə bölünüb. Birinci mərhələni yekunlaşdırmışıq, yekununda Sevinc
Çılğının "Şağ” əsəri əsasında zaçot (məqbul) xarakterli bir oyun təhvil verdik.
Hazırda ikinci mərhələdəyik. Ümid edirəm, tezliklə metodikamız tam formalaşmış
biçimdə təqdim olunmağa hazır olacaq.
- Əslində,
dünyada "spontan teatr” ideyası XX əsrin əvvəllərindən yaranmağa başlayıb.
Y.Morenonun "Spontan teatr” adlı kitabı da bundan bəhs edir. Azərbaycanda ilk dəfə
siz sınaqdan keçirdiniz.
- Xeyr, mən spontan teatrla məşğul deyiləm.
- Siz
spontan oyun texnikasıyla məşğulsunuz. Bunların fərqi nədir?
- Etiraf edim ki, mən spontan oyun texnikasıyla məşğul
olmağa başlayandan sonra Y.Morenonun sözügedən kitabından xəbər tutmuşam. Spontan
teatr ayrı bir istiqamət kimi mövcud idi və indi də onun davamçıları fəaliyətdədir.
Lakin spontan aktyor texnikası təkcə interaktiv teatrda çalışan aktyorlara
deyil, hər kəsə səmərə verə bilər.
- Əslində,
Moreno bu üsuldan terapiya məqsədilə istifadə edirdi.
- Moreno çox şeylə məşğul idi, onu şarlatan kimi,
mistifikator kimi təqdim edənlər də var idi. O kitab haqqında Elçin (teatrşünas
Elçin Cəfərov – red.) demişdi mənə, oxuyanda gördüm ki, orada qoyunlan müddəaların
bir çoxu mənim fikirlərimlə üst-üstə düşür. Yəni, mən özümdən uydurmamışam.
Düzdür, onun qeyd etdiyi bəzi məqamlarla razılaşmasam da, özüm üçün bir daha qət
elədim ki, düzgün yoldayam. Nə ilə nəticələnəcək, bilmirəm. Vaxtilə Moreno özü
də bu prosesdə dediyim həmin o problemlə üzləşdi və alınmadı. Yəni aktyor
zamanla öz baqajını ştamplarla doldurur və onda spontan oyun anlayışının əsas
xüsusiyyəti itib-batır, olur spontanlığın imitasiyası. Moreno ilə də məhz bu
baş verdi və o, metodikasının tənəzzülə uğramaması üçün bunu tətbiqi sahəyə -
psixoterapiyaya yönləndirdi. Z.Freydin ideyaları ilə birləşdirərək psixodrama
adlanan bir cərəyan yaratdı. Psixodrama bu gün interaktiv teatrın bir forması
olan pleybəkdə (playback) özünü göstərir.
- Bəs,
siz əminsinizmi ki, Morenonun üzləşdiyi problemi dəf edə biləcəksiniz?
- Biz heç nəyi öncədən təyin edə bilmərik. Mən bütün
bunları bilərək bu yola çıxmışam. Hər halda, yaradıcılıqda mütləq həqiqət
yoxdur, ola da bilməz. Yaradıcılıq cəhdlərdən və fərziyyələrdən doğulur. İşin
içinə konkretlik girdisə, yaradıcılıq itir.
- Yəni
əsaslandığınız konkret bir konsepsiya, ya metodika yoxdur?
- Yox, Qrotovskidən, Morenodan, Vaqif müəllimdən
faydalanaraq özüm yaradıram.
- Onlarda
niyə alınmadı – səbəbini bilirsiniz? Sizin onlardan fərqiniz, yaxud üstünlüyünüz
nədədir?
- Məndə onlardan fərqli olaraq, onların qoyub getdiyi
təcrübə var. Mən o təcrübəyə arxalanıram.
- Onların
ilişib qaldığı məqamları bilirsiniz...
- Bilirəm: insan faktoru. Məsələ budur ki, ortodoksal
teatr (bizim avropatipli dediyimiz teatrı nəzərdə tutur – K.Ə-C.) çox tənbəl,
amorf aktyor nəsli yetişdirir. Heç bir aktyor müəllif olmaq istəmir, hamısı
hazır məhsulu gözləyir.
- O məqam
sizin üçün də gözləniləndirmi?
- Bəli.
- Bəs,
həmin məqamda nə edəcəyinizi düşünmüsünüzmü?
- Bəli, məşğələlər vasitəsilə o düşüncəni sındırmaq.
- Oxucular
üçün bir az aydınlaşdıraq. Sizin metodikanızda aktyordan nə gözlənilir, yaxud
aktyor kimdir?
- Çox sayda aktyor metodikaları, təlimlər mövcuddur:
A.Arto, K.S.Stanislavski, B.Brext, S.Adler, Y.Qrotovski və b. Ola bilsin, bu
metodikalar bir-birindən fərqlənir, amma nəticədə nə baş verir? Prinsip
etibarilə, aktyor oyununda elə bir fərq görünmür. Aktyor, ümumi mənada, mətni əzbərləyir,
rejissorun cızdığı cığırdan kənara çıxmayaraq, özünün deyil, rejissor və ya
dramaturqun timsalında müəllifin istəyini icra edir. Sonucda yenə də prinsip
etibarilə hamısı səhnədə eyni formada oynayır.
- Bəs,
sizdə?
- Mənim metodikamda aktyor müəllifdir, Qrotovskinin
arzuladığı "müqəddəs aktyor”dur, ondan, ilk növbədə, yaradıcı insan olmaq tələb
olunur.
- Metodikanızda
rejissor kimdir?
- Rejissor aktyor adlanan kəsdən səhnə adlanan məkana
çıxmağı tələb edən şəxs. Vəssalam. Musiqi, dekor, söz, mizan və s. vermədən.
- Deməli,
rejissorun funksiyasını minimuma endirirsiniz.
- Bəli. Rejissor aktyora hazırlaşmaqda kömək edir,
onun psixoloji hazırlığını təmin edir, tamaşa başlamazdan əvvəl şərtlər təklif
edir: eynək, konfet və nəlbəki, tamaşanın adı, məsələn, "Hamlet”, buyurun.
- Belə
çıxır ki, aktyor səhnədə nə istəsə edə bilər?
- Bəli, bunun üçün o, yaradıcı şəxsiyyət olmalıdır,
icraçı yox. Bu prosesdə iştirak edən
qalan heyət isə, o cümlədən, rejissor, musiqi tərtibatçısı, işıq rəssamları və
s. yalnız köməkçi, vasitəçi funksiyalarını yerinə yetirirlər. Rejissor bu
prosesdə caz orkestrində dirijora bənzəyir.
- Bəs,
sizin teatr metodikanızda, teatr anlayışınızda tamaşaçı kimdir?
- Tamaşaçı "burada və indi” baş verən bütün prosesin
birbaşa iştirakçısıdır.
- Bayaq
teatrın canlılığından danışdınız, yəni məşq prosesini keçməkdən. Canlı
deyirsinizsə, deməli, bu, yalnız bir dəfə oynanılır, ikinci dəfə baş verəcəksə,
canlılığını ititrəcək.
- Bəli.
- Bunu
deyən və iddia edən adam "Limbo” tamaşasını artıq yeddi dəfə oynayıb. "Limbo”ya
canlı teatr nümunəsi deyə bilərik?
- Yarıcanlı. Amma
orada aktyorlar üçün kifayət qədər azadlıq verilib. Ən vacib sual başqadır.
Bizim aktyorlar bu azadlığa hazırdırlar, yaxud bu azadlığı istəyirlərmi?
- Belə
anladım ki, hazır deyillər və istəmirlər.
- Hamısının yerinə deyə bilmərəm. Amma daxilində bunu
istəyənlər çoxdur, onlar da sonradan rejissuraya keçirlər. Bayaq dediyim tənbəl
aktyor isə bu azadlığın ona nə verə biləcəyini anlamır, hətta buna qarşı
müqavimət göstərir.
- Nəhayət,
sonuncu sual. İnsanlar teatra niyə gəlsin?
- Müdriklik mənbəyi kimi? – Yox, hər kəs özünə görə
müəyyən qədər müdrikdir. Əyləncə? – Yox, saysız-hesabsız əyləncə növləri
mövcuddur. O insanlar ki, azca da olsa, içində yaradıcılıq istəyi var, onlar
teatra gəlsin. Gəlsin ki, o sehrli ana – yaradıcılıq prosesinə bizimlə birlikdə
qoşulsun.
Söhbətləşdi:
Könül Əliyeva-Cəfərova
teatrşünas
