Ölmək üçün nəzarətdən qaçanlar
Həyat bəxş edən su, həyat almaqda da mahirdir. Son vaxtlar çimərliklərdə boğularaq ölənlərin sayı yenə də artmaqdadır. Tez-tez bu tipli xəbərlərlə sarsılırıq. İllərdir danışılan bu problemin həlli nədir? İnsanları real təhlükədən daha hansı vasitələrlə uzaqlaşdırmaq olar?
İnsanlar digər fəsillərlə müqayisədə yay mövsümündə istirahət etməyi daha çox sevirlər. Yayda ən çox üz tutulan məkan isə çimərliklər olur. Təəssüf ki, istirahət edənlər bəzən çimmək üçün qadağan olunan əraziləri də seçir. Bu da, bədbəxt hadisələrin yaşanmasına səbəb olur. Həyat bəxş edən su, həyat almaqda da mahirdir. Təkcə ötən ay qadağan olunan ərazilərdə çimən doqquz nəfərin suda boğulması ilə bağlı xəbərlər yayılıb. İllərdir danışılan və heç bir halda “Çimmək qadağandır” məlumatlandırıcı lövhəsi ilə çıxış yolu tapılmayan bu problemin həlli nədir? İnsanları real təhlükədən daha hansı vasitələrlə uzaqlaşdırmaq olar?
Nəzarət olan ərazilərdə boğulma faktı qeydə alınmayıb
Çimərlik mövsümü başlayandan 51 nəfər xilas edilib. Qeyd edilən statistika, boğulma təhlükəsi ilə bağlı daxil olan müraciət isə yalnız nəzarətdə olan çimərlik ərazilərinə aiddir. Görün, nəzarətsiz ərazilərdə bu rəqəm nə qədər ola bilər... FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə Əlaqələr və Təbliğat Şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Aqşin Əlili bildirib ki, çimərlik mövsümü başlayandan bu günə qədər daxil olan müraciətlərə xilasedicilər tərəfindən dərhal reaksiya verilib: “Xilasedicilərimizin nəzarət etdiyi ərazilərdə istirahət edənlər arasında boğulma faktları qeydə alınmayıb. Boğulma təhlükəsi ilə üzləşən 51 nəfər isə xilasedicilərimiz tərəfindən xilas edilərək, ailələrinə təhvil verilib”.
Suda boğulmağa səbəb olan amillər
Çimərlik mövzusu tək Azərbaycanda deyil, bütün ölkələrdə həssas məsələdir. Təhlükəsizlik eksperti Elmar Nurəliyevin sözlərinə görə, paytaxtla yanaşı, regionlarda yaşayan sakinlər də çaylarda, göllərdə, çimmək qadağan olunan su hövzələrində dincələrkən, üzməməli olduqlarını bilməlidirlər: “Bütün dünya çimərlikdə qeydə alınan boğulmalarla mübarizə aparır. Hər il eşidirik ki, kimlərsə boğulma təhlükəsi ilə üzləşdi, kimlərsə xilas olundu və ya həyatını itirdi. İlk növbədə hər kəs çimərliyə planlı şəkildə getməlidir. Yəni, əlverişsiz hava şəraitində getmək, suyun içərisində saatlarla qalmaq, spirtli içki qəbul etmək və s. boğulma təhlükəsi yaradan amillərdir. Suda qalmaq müddəti maksimum 30-40 dəqiqədən çox olmamalıdır. 3-5 saat suyun içərisində qalmaq nəyə lazımdır? Daha dərinə getmək üzrə yarışmaq, qayaların, dəmir konstruksiyaların üzərinə çıxaraq suya baş vurmaq, xilasedicilərin xəbərdarlığına məhəl qoymadan nəzarətsiz ərazilərə getmək olmaz. Sualtı axınlar, kiçik həcmli torpaq sürüşmələri ola bilir. Azərbaycanda suda boğulma hallarının 90%-i, hətta deyərdim ki, 100 faizi nəzarətsiz ərazilərdə qeydə alınıb. FHN-nin nəzarətində olan ərazilərdə suda boğulma halları qeydə alınmayıb. Bu məsələyə səthi yanaşmaq olmaz. Dünya üzrə boğulmaların statistikasına baxsaq, görərik ki, əlverişsiz hava şəraitində çimərlikdə boğulma faktları 70 faiz təşkil edir. Hər il dünyada 370 mindən çox insan suda boğularaq həyatını itirir. Bu, çox ciddi rəqəmdir. Çimərlikdə təhlükəsizlik məsələsinə çox ciddi yanaşmaq lazımdır. Nəzarət olunan çimərliklərdə - Gürcüstanda, Türkiyədə, Rusiyada 1000-dən çox insan suda boğularaq ölür. ABŞ-da isə bu rəqəm hər il 8 minə yaxın olur. ABŞ-da çimərliklərin cəmi 4 faizi nəzarətdədir, 96 faiz nəzarətsizdir. Bütün dünya üzrə bu problem var və çıxış yolu hələ də tapılmır. Odur ki, nəzarətsiz çimərliklərə getmək olmaz. Burada bədbəxt hadisələr qaçılmazdır. “Üzməyi bilirəm” deməyin, çünki boğulanların 5 faizi məhz üzməyi bilən şəxslərdir. Təəssüf ki, boğulanların 17 faizini uşaqlar təşkil edir. Azyaşlılara, yetkinlik yaşına çatmayanlara çimərlik ərazisində nəzarət mütləqdir. Su, yarış meydançası deyil”.
Çıxış yolu nədir?
Millət vəkili Elşən Musayev də son günlər dənizdə insan ölümünün artmasının, boğulma hallarının çoxalmasının hər kəsi çox narahat etdiyini deyir: “Təəssüf, biz bu cür acı və ağır xəbərlərlə yayın hər gəlişində mütəmadi olaraq rastlaşırıq. Baxmayaraq ki, müəyyən yerlərə və məkanlara “Çimmək qadağandır” işarəsi qoyulub, amma bəzi insanlar yenə də məlum çağırışa əməl etmir. Səhlənkar davranışlar isə, nəticə etibarilə faciələrə səbəb olur. Bilirsiz, bəzən belə fikirlər səslənir ki, yalnız elanla kifayətlənmək olmaz, canlı nəzarət mexanizmi tətbiq etmək lazımdır. Amma necə? Bax, bu sualın cavabını kimsə vermir. Çünki sahil boyunca həmin mexanizmi həyata keçirmək, daha dəqiq söyləsəm, canlı nəzarəti tətbiq etmək fiziki baxımdan mümkün deyil”. Dənizdə kamera quraşdırılmalıdır? Deputat məsələni başqa aspektdən də şərh edərək çimərlikdəki insanları qayda pozan sürücülərlə də müqayisə edib: “Nə etmək lazımdır? Gətirib dənizə də kamera quraşdıraq? Orada çimmək istəyənlər də avtomobil sistemi kimi radara, nəzarət kamerasına düşsün, elektron qaydada tədbir görülsün? Belə olmur axı. Düşünürəm, bu da çarə deyil. Burada əsas yol maarifləndirmə olmalıdır. Xüsusən də, gənc nəsil məlum kontekstdə bilgiləndirilməli, onlarla, ələlxüsus vətəndaş cəmiyyəti subyektləri qismində (QHT sektoru və s) iş aparılmalı və təhlükənin miqyası agah edilməlidir. Pilot layihə mümkündürmü? Mümkündür. Təbii, ixtisaslaşmış qurum olaraq Fövqəladə Hallar Nazirliyi bu istiqamətdə xüsusi təkliflərlə çıxış edə bilər. Ya da mövzu ilə bağlı ictimai müzakirə təşkil etmək, həll yolları tapmaq olar. Amma əsas iş maarifləndirmə istiqamətində aparılmalıdır”.
Könül Cəfərli