• şənbə, 17 Oktyabr, 03:14
  • Baku Bakı 21°C

Ödənişli yollar effektlidirmi? 

17.10.26 01:51 28
Ödənişli yollar effektlidirmi? 

Ödənişli avtomobil yollarının tətbiqi sürücülərə alternativ marşrut seçimi təqdim etməklə yanaşı, daha yüksək texniki göstəricilərə malik yol infrastrukturu vasitəsilə hərəkətin rahatlığının və təhlükəsizliyinin artırılmasına xidmət edir.

Azərbaycanda ödənişli avtomobil yollarının şəbəkəsi genişlənir. Hazırda Bakı-Quba-Rusiya sərhədi və Əhmədbəyli-Füzuli-Şuşa magistralları artıq bu sistemlə fəaliyyət göstərir. Sürücülərə daha sürətli, təhlükəsiz və rahat hərəkət vədi verən bu yollar nəqliyyat infrastrukturunda yeni dövrün başlanğıcı sayılır. Bəs təcrübə nəyi göstərir? Sürücülərin bu marşrutlara uyğunlaşması necə gedir və ilkin göstəricilər nə deyir?

“Məqsəd alternativ seçim və yüksək təhlükəsizlikdir”

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) “Kaspi” qəzetinə verilən məlumata görə, ödənişli avtomobil yollarının tətbiqi sürücülərə alternativ marşrut seçimi təqdim etməklə yanaşı, daha yüksək texniki göstəricilərə malik yol infrastrukturu vasitəsilə hərəkətin rahatlığının və təhlükəsizliyinin artırılmasına xidmət edir: “Hazırda Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi və Əhmədbəyli-Füzuli-Şuşa ödənişli avtomobil yollarından istifadə göstəriciləri mütəmadi olaraq izlənilir. Hərəkət intensivliyi günün və mövsümün xüsusiyyətlərindən, bayram və istirahət günlərindən, eləcə də yük və sərnişin daşımalarının intensivliyindən asılı olaraq dəyişir. Müşahidələr göstərir ki, ödənişli yollardan həm minik, həm də yük nəqliyyat vasitələri istifadə edir. Sürücülərin marşrut seçiminə yolun uzunluğu, hərəkət şəraiti, səfər müddəti, nəqliyyat vasitəsinin təyinatı və digər amillər təsir göstərir. Bununla yanaşı, hər iki istiqamətdə ödənişsiz alternativ marşrutların mövcud olması sürücülərin seçim imkanını qoruyur”.

Məsafə qısalır, yanacağa qənaət olunur

Agentliyin məlumatına görə, ödənişli yolların əsas üstünlüklərindən biri onların daha yüksək texniki göstəricilərə və buraxıcılıq qabiliyyətinə malik olmasıdır: “Məsələn, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu alternativ Zəfər yolundan təxminən 20 kilometr qısadır. Daha qısa məsafə və yolun texniki göstəriciləri hərəkət şəraitindən asılı olaraq səfər müddətinin və yanacaq sərfiyyatının azalmasına imkan yaradır. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi istiqamətində yeni magistral da əvvəlki marşrutla müqayisədə daha qısa olmaqla yanaşı, yaşayış məntəqələrinin daxilindən keçmədən tranzit hərəkətin təşkilinə imkan verir. Bu isə xüsusilə uzun məsafəli daşımalar və yük nəqliyyatı üçün daha rahat hərəkət şəraiti yaradır”.

Ödənişli avtomobil yollarından daxil olan vəsait necə xərclənir?

Qurumdan bildirilib ki, ödənişli yolların effektivliyi yalnız onlardan istifadə edən nəqliyyat vasitələrinin sayı və ya ödənişlərdən daxil olan vəsaitlə qiymətləndirilmir. Burada hərəkət vaxtının və məsafənin azalması, yol hərəkətinin təhlükəsizliyi, tranzit axınların yaşayış məntəqələrindən kənarlaşdırılması, alternativ yollarda nəqliyyat yükünün bölüşdürülməsi və yol infrastrukturunun saxlanılması kimi amillər də nəzərə alınır: “Ödənişli avtomobil yollarından daxil olan vəsait qanunvericiliklə müəyyən edilmiş qaydada avtomagistralların və ödəniş məntəqələrinin saxlanılması, qorunması və təmiri, ödənişli yolların idarə olunması, həmçinin avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə bağlı xərclərin maliyyələşdirilməsinə yönəldilir. Əhmədbəyli-Füzuli-Şuşa yolunda ödənişli istismar rejiminin nisbətən qısa müddət əvvəl tətbiq edildiyini nəzərə alaraq, bu yol üzrə istifadə dinamikası və sürücülərin seçim davranışları ilə bağlı dəqiq nəticələrin formalaşdırılması üçün daha uzun müşahidə dövrü tələb olunur. Ümumilikdə isə hər iki ödənişli yol üzrə hərəkət intensivliyi və istifadə göstəriciləri izlənilir, əldə olunan məlumatlar yol infrastrukturunun idarə olunması zamanı nəzərə alınır”.

Alternativ yol prinsipi 

Nəqliyyat eksperti Rauf Ağamirzəyevin sözlərinə görə, ödənişli yolların tətbiqi dünyada və bölgəmizdə illərdir sınaqdan keçmiş bir praktikadır. Azərbaycanda da bu sistemin tətbiqi istiqamətində addımlar artıq bir neçə ildir ki, atılır: “Ödənişli yolların əsas meyarlarından biri pulsuz alternativinin olmasıdır. Yəni hər hansı bir yol ödənişli edilirsə, mütləq pulsuz alternativi saxlanılmalıdır. Hazırda şimal istiqamətində ödənişli magistral fəaliyyət göstərir. Yaxın vaxtlarda Əhmədbəyli-Füzuli-Şuşa yolu da ödənişli edilib. Bu yolun alternativi kimi həm Zəfər yolu, həm də Qırmızı bazardan keçən “M1” Füzuli-Şuşa yolu var. Növbəti illərdə fərqli istiqamətdə, məsələn, cənub marşrutunda da mövcud yeni magistral ödənişli ola bilər, köhnə yol isə əsaslı təmirdən sonra pulsuz alternativ kimi sürücülərin istifadəsinə verilər”.

“Ödənişli yollara ehtiyac hər gün daha da artacaq”

Ekspert bildirir ki, bu mexanizm mövcud nəqliyyat imkanlara söykənir, həm yolların saxlama xərclərini qarşılayır, həm də sürücülər üçün rahat seçimlər yaradır: “Nəzərə alsaq ki, Azərbaycan həm Şimal-Cənub, həm də Şərq-Qərb beynəlxalq nəqliyyat koridorlarının kəsişməsində yerləşir və ölkədə ümumi yükdaşımaların 70%-dən çoxu məhz avtomobil nəqliyyatının payına düşür, belə ödənişli yollara ehtiyac hər gün daha da artacaq. Ölkənin strateji coğrafi mövqeyi də nəqliyyat infrastrukturu məsələsini ön plana çəkir. Bu mənada, istiqamətindən asılı olaraq belə bir praktika gələcəkdə də tətbiq edilə bilər”.

Aygün ƏZİZ

 

banner

Oxşar Xəbərlər