• şənbə, 21 Dekabr, 15:33
  • Baku Bakı 10°C

Nikbin olmayan proqnozlar 

21.09.24 02:14 2391
Nikbin olmayan proqnozlar 

Neftin qiyməti qısamüddətli sabitlikdən sonra yenidən dalğalanmağa başlayıb. Tendensiya ucuzlaşma istiqamətindədir. Bu tendensiyanın gələn il də davam edəcəyi proqnozlaşdırılır. 

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. “Brent” markalı neftin bir bareli bəzi günlərdə hətta 70 dollardan da aşağı düşüb. Bu tendensiyanın davamlı ola biləcəyi ilə bağlı proqnozlar da var. Bəs bu ehtimallar nə dərəcədə əsaslıdır? Neft bazarını qarşıda nə gözləyir? 

Büdcədə 70 dollardır

Qeyd edək ki, Azərbaycanın 2025-ci il üçün icmal və dövlət büdcələrinin layihələri hazırlanarkən "Azeri Light" markalı neftin bir barelinin qiyməti 70 ABŞ dolları götürülüb. Bu barədə Maliyyə Nazirliyinin 2025-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında bildirilib. Bu, 2024-cü illə müqayisədə 5 ABŞ dolları azdır. İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin avqust ayında təqdim olunan proqnozlara əsasən, baza ssenaridə neftin bir barelinin orta illik ixrac qiyməti 2026-2028-ci illər üçün 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

Siyasi təsirin gücü

Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, neftin uzun müddətdir ucuzlaşmasının əsas səbəbləri dünya neft bazarında baş verən bir sıra proseslərdir: “Neftin dünya bazar qiymətinin ucuzlaşması qlobal bazarda neftə olan tələbin azalması, eləcə də hasilatın artması ilə bağlıdır. Dünya neft bazarında volatillik müşahidə edilir. Bir tərəfdən tələb azalır, digər tərəfdən isə siyasi faktorlar kifayət qədər aktivdir. Xüsusən ABŞ-dən gələn mesajlar, seçkiqabağı kampaniyada verilən vədlər neft bazarına təsir göstərir. Bu da nəticə etibarilə azalmalara gətirib çıxarır. Neftin dünya bazar qiymətinin növbəti dövrlərdə dəyişməsi həm OPEC+un hasilatla bağlı qərarından, eləcə də digər siyasi təsir alətlərindən asılı olacaq. Amma OPEC+ yenə də bazara təsir imkanlarını qoruyub saxlayır”. 

Ucuzlaşma nə zamana qədər davam edəcək?

V.Bayramov bildirdi ki, ucuzlaşmanın nə qədər davam edəcəyi məhz bu proseslərdən asılı olacaq: “Əgər OPEC+ hasilatın azaldılması ilə bağlı qərar verərsə, bu halda neftin dünya bazarındakı qiymətində stabilləşmə müşahidə edə bilərik. Əks halda qiymət azalmalarının davam edəcəyi gözlənilir. Yəni ucuzlaşmanın nə qədər davam edəcəyi OPEC+un mövqeyindən asılı olacaq. Eyni zamanda, ABŞ-də seçkilərin nəticələri də neft bazarına təsirsiz ötüşmür”. 

Daxil olan valyutanın həcminə təsir göstərir

Millət vəkili düşünür ki, Azərbaycan kimi neft hasil edən ölkələr neftin qiymətinin optimal olmasına meyllidir: “Azərbaycanın ixracının 80 faizini neft və neft məhsulları təşkil edir. Ona görə də, biz neft hasil edən və ixrac edən ölkə olaraq qiymətin optimal və stabil olmasında maraqlıyıq. Bizim üçün neftin bir barelinin qiymətinin 80 dollar ətrafında dəyişməsi məqbul hesab olunur. Qiymətlər yüksək olanda ölkəyə daha çox valyuta daxil olur. Təbii ki, qiymətlərin azalması valyutanın həcminə əks-təsir göstərir. Təklif edə bilərik ki, əvvəlki illərdə olduğu kimi, konservativ siyasət davam etdirilsin. Büdcədə neftin qiymətinin yüksək götürülməsi mövcud neft bazarındakı volatillik aspektindən arzuolunan deyil. Ona görə konservativ siyasətə üstünlük verilməsi daha məqsədəuyğundur”. 

Müharibə riski amili 15-20 faizdir

İqtisadçı Xalid Kərimli isə neftin qiymətinə müharibələrin təsir qüvvəsindən danışdı: “Dünya birjalarında neftin qiymətinin ucuzlaşmasının səbəbi  tələbin gözləniləndən zəif olmasıdır. ABŞ-də neft ehtiyatları artır, Çinin neft istehlakı ilə əlaqədar göstəricilər tələbatın aşağı düşməsinə işarə edir. Bu səbəbdən qiymətlər aşağı düşür. Həmçinin neftin qiymətində müharibə amili də rol oynayır. Yaxın Şərqdə vəziyyət stabilləşən kimi neftin qiymətində enmələr müşahidə edilir. Neftin qiymətində müharibə riski faktoru 15-20 faizdir. Yaxın Şərqdə, İran körfəzində müharibə riski artanda neftin qiyməti yüksəlir. Yəni qiymətlər tələbatdan və hərbi-siyasi məsələlərdən asılı olaraq dəyişir. Həmçinin OPEC-in bazarı tənzimləməsi də burada ciddi rol oynayır. Dünya iqtisadiyyatı ilə bağlı narahatlıqlar var. Hətta yaxın zamanda ABŞ-də böhran riski də mövcud idi. Qiymətlərin ucuzlaşması bu faktorlardan asılıdır”. 

“Gələn il daha da ucuz olacaq”

İqtisadçının fikrincə, mövcud durum davam etdikcə neft daha da ucuzlaşacaq: “Ümumi şəkildə neftin gələn il bu ildən daha ucuz olacağına dair gözləntilər mövcuddur. Çünki bu il qiymətlərin keçən ildən daha ucuz olacağı ilə bağlı müzakirələr var idi. Onlar da hazırda özünü doğruldur. Həmçinin alternativ enerji, elektrik mühərrikli avtomobillər, istehsalda ekoloji məsələlər ortaya çıxdıqca neftin uzunmüddətli dövrdə qiyməti ucuzlaşmaqda davam edəcək”. 

X.Kərimli bildirdi ki, dünya bazarındakı ucuzlaşmanın Azərbaycan bazarına elə də təsiri olmasa da, ucuzlaşma Neft Fondunun gəlirlərinə, ölkənin tədiyyə balansına birbaşa təsir göstərir. 

Zərif Salmanlı 

banner

Oxşar Xəbərlər