• bazar ertəsi, 16 sentyabr, 22:57
  • Baku Bakı 25°C

Neftdə sabitləşmə, qazda artım 

31.08.24 03:15 1238
Neftdə sabitləşmə, qazda artım 

Neft hasilatımız geriləmə dövrünü yaşayır. Bu proses xarici ticarət dövriyyəmizə də öz təsirini göstərir. Ekspertlər bundan sonrakı yaxın gələcəkdə neft hasilatında artım olmayacağını düşünürlər. 

2024-cü ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 21 768.43 milyon dollara bərabər olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 16.8 faiz azdır. Bu barədə Dövlət Gömrük Komitəsinin açıqladığı məlumatda bildirilib. Son bir ildə ölkə üzrə ixrac 28.2 faiz azalaraq 12 900.98 milyon ABŞ dolları təşkil edib. Əksinə, idxal isə 8.2 faiz artaraq 8 867 milyon ABŞ dollarına yüksəlib. Xarici ticarət dövriyyəsində 4 033.78 milyon dollarlıq müsbət saldo yaransa da, bu, ötən ilin eyni dövrünə nisbətən 2.4 dəfə az olub. Rəqəmlərdən də gördüyümüz üzrə Azərbaycanın xarici ticarət dövriyyəsində azalmalar müşahidə olunur. Mütəxəssislər bu prosesi neft hasilatımızda baş verən azalmalarla əlaqələndirirlər. Bəs neft hasilatımızdakı geriləmə nə vaxta kimi davam edəcək? Bu prosesin qarşısının alınması üçün hansı işlər görülməlidir?

Enerji məhsullarının qiyməti azalıb

İqtisadçı-ekspert Vüqar Bayramov bildirdi ki, neft hasilatı azalıb, qaz hasilatı isə artıb. Lakin qiymətlər əksinə, dəyişib: “Xarici ticarət dövriyyəsinin azalmasının əsas səbəblərindən biri dünya bazarında enerji məhsullarının qiymətinin əvvəlki illə müqayisədə az olmasıdır. Xüsusən də qazın qiymətində kəskin azalmalar müşahidə olundu. Bu da nəticə etibarilə ixracın ümumi dəyərinə təsir göstərib və azalmalar baş verib. Həmçinin ötən müddətdə neft hasilatının azalması, qaz hasilatının isə artması müşahidə olunub. Ümumən ötən ilin ilk yarımilində enerji sektorunda 0,6 faiz artım qeydə alınıb. Amma bunun əsas səbəbi qaz hasilatının artması ilə bağlıdır. Qaz hasilatının artmasına baxmayaraq, dünya bazarında, xüsusən də Avropa bazarında onun qiymətində azalmalar müşahidə olunur. Nəticədə qaz satışından əldə etdiyimiz gəlirlərdə də azalmalar qeydə alınır”. 

Onun sözlərinə görə, neft hasilatı stabilləşməli, qaz hasilatı isə artırılmalıdır: “Prezident İlham Əliyev neft hasilatındakı azalmanın qarşısının alınması və sabitləşməsini yeni dövrün əsas hədəflərdən biri olaraq elan etdi. Bu, Azərbaycan üçün vacibdir. İndiki halda yalnız qaz hasilatında artımların qeydə alınacağı proqnozlaşdırılır. Nəzərə alsaq ki, Azərbaycan ötən il Avropaya 12 milyard kub metr qaz nəql etmişdisə, bu il həmin rəqəm 13 milyard kubmetrə yaxın olacaq. 2027-ci ilədək bu rəqəmin 20 milyard kubmetrə qədər çatdırılması nəzərdə tutulur. Bu baxımdan, hazırda məqsəd qaz hasilatında artımlara nail olmaqdan ibarətdir. Neft hasilatında isə əsas hədəf stabilləşmədir. Bu istiqamətdə müvafiq işlər görülür”. 

 Ümidimiz yeni platformayadır

Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev bildirdi ki, neft hasilatını azaldan səbəblər var: “Azərbaycanda neft hasilatının pik həddi 2009-2010-cu illərə təsadüf etdi. O illərdə Azərbaycanda illik neft hasilatı 50 milyon ton civarında idi. Ən zəngin yataq “Azəri-Çıraq-Günəşli” idi. Buradan 600 milyon tona yaxın neft hasil edilib. 2010-cu ildən başlayaraq neft hasilatında azalma baş verir. Bu, təbiidir. Çünki hər bir yatağın geoloji quruluşu, eyni zamanda çıxarıla bilən neft ehtiyatları mövcuddur. Yataqların istismarı bir müddət sonra pik həddinə çatır. Sonra isə azalmalar baş verir, çünki yataqlar qocalmağa doğru gedir”.  

Z.Vəliyevin fikrincə, qarşıdakı illərdə Azərbaycanda neft hasilatında hər hansı bir artıma nail olmaq gözlənilmir: “Lakin “Azəri-Çıraq-Günəşli” blokunda yeni hasilat platformasının istifadəyə verilməsi neft hasilatında bir az sabitlik yarada bilər. Bundan sonra da bu yataqların hasilat həcmlərinin artırılması üçün işlər davam etdiriləcək. Lakin böyük hasilat həcmlərinə nail olmaq mümkün deyil”. 

Ekspert iki yatağımızın işlənməmiş qaldığını da bildirdi: “Bunlardan biri “Qarabağ” yatağıdır. Digəri isə Türkmənistanla ortaq yatağımız olan “Kəpəz”dir. Türkmənistan tərəfi onu “Sərdar” adlandırır. Xəzərin hüquqi statusu müəyyən edildikdən sonra Türkmənistan və Azərbaycan bu yatağı ortaq istismar edəcək. Lakin hələ hasilata başlamaqla bağlı texniki məsələlər qalır. Bu iki yataq da sənaye istismarına verilərsə, o zaman Azərbaycanda müəyyən bir dövr ərzində neft hasilatında sabitlik yaratmaq olar. Amma artım baş verməyəcək. Çünki hazırda elə zəngin yataqlarımız yoxdur”. 

Qaz hasilatı artacaq

Z.Vəliyev qaz hasilatının artacağı proqnozlarına da münasibət bildirdi. Qeyd etdi ki, hazırda qaz yataqlarımız ən pik səviyyəsindədir: “Qarşıdakı illərdə “Şahdəniz” qaz yatağında 2027-ci ilə kimi illik artım müşahidə olunacaq. “Abşeron” yatağının hasilatı 1,5 milyard kubmetrdirsə, qarşıdakı illərdə bu, beş milyard ola bilər. Lakin dünya bazarında neft və qaz qiymətləri arasında fərq var. Neftin bir bareli 82-85 dollar civarındadırsa, təbii qazın min kubmetri 354 dollardır. Yəni qaz qiymətləri neftlə müqayisədə ucuzdur”. 

Zərif Salmanlı

banner

Oxşar Xəbərlər