• şənbə, 24 Fevral, 19:26
  • Baku Bakı 5°C

Nazir: “Azərbaycan Xəzərin yaşıl enerji potensialını Avropaya tədarük etmək niyyətindədir”

28.03.23 23:00 529
Nazir: “Azərbaycan Xəzərin yaşıl enerji potensialını Avropaya tədarük etmək niyyətindədir”

“Azərbaycan Xəzərin yaşıl enerji potensialını Avropaya elektrik enerjisi, “yaşıl hidrogen”, ammonyak olaraq tədarük etmək niyyətindədir”.

Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov 9-cu “Berlin Enerji Keçidi Dialoqu” konfransında çıxışı zamanı deyib.

Çıxışda Azərbaycan Prezidenti tərəfindən ölkənin sosial-iqtisadi inkişaf strategiyasının prioritetlərindən biri kimi müəyyənləşdirilən bərpa olunan enerjinin inkişafı daha çox tərəfdaş ölkələrin enerji təhlükəsizliyinə töhfə vermək aspektində diqqətə çatdırılıb.

Ötən il Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sektorunda strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasını xatırladan energetika naziri deyib ki, Azərbaycan uzun illərdir dünya neft bazarını xam neft və neft məhsulları ilə təmin edir: “İki ildən çoxdur ki, biz Avropanın enerji bazarına təbii qaz tədarük edirik. İndi biz Avropa Komissiyası ilə təbii qaz tədarükünün həcmini iki dəfə artırmaq üçün işləyirik, çünki Avropadan olan tərəfdaşlarımız Rusiya ilə Ukrayna arasındakı müharibə və ümumi enerji böhranı fonunda bu həcmlərin artırılması xahişi ilə bizə müraciət ediblər”.

Energetika naziri bərpa olunan enerji mənbələrinin inkişafı məqsədilə son illərdə həyata keçirilən islahatlardan, yeni qanunvericilik aktlarının hazırlanmasından, investisiya mühitinin yaradılmasından bəhs edib. Bildirilib ki, Azərbaycanın “yaşıl enerji” ilə bağlı siyasəti bu sahənin inkişafına dövlətin maliyyə vəsaitlərini deyil, xarici şirkətləri cəlb etməyə yönəlib. Xarici investorlarla artıq 710 MVt gücündə külək və günəş enerji layihələrinin icra edildiyi, 25 QVt-a yaxın istehsal gücləri üzrə əməkdaşlıq sənədlərinin imzalandığı qeyd edilib. Bu potensial və ötən ilin dekabrında Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsinə dair imzalanmış Saziş əsasında ölkəmizin Avropaya “yaşıl enerji”ni tədarük etmək niyyəti ifadə edilib: “Xəzər dənizində 157 QVt-lıq külək potensialımız var. Biz onu Avropa İttifaqına yüksək gərginlikli xətlər vasitəsilə elektrik enerjisi, “yaşıl hidrogen”, ammonyak şəklində verə bilərik. Dörd ölkə Avropa Komissiyası və özəl şirkətlərlə birlikdə bunun üzərində işləyir”.

Çıxışda, həmçinin bərpa olunan enerjinin ölkənin enerji sisteminə inteqrasiyası, bərpa olunan və ənənəvi enerji mənbələri arasında balansın yaradılması məsələlərinə də toxunulub. Amerikanın "Tetra Tech" və Türkiyənin "Efra" şirkətləri ilə bu istiqamətdə əməkdaşlıq edildiyi və enerji sisteminə 2 min MVt-dək həcmdə bərpa olunan enerji güclərinin inteqrasiyasının planlaşdırıldığı bildirilib.

Nazir deyib ki, “yaşıl enerji” gələcəyin enerjisidir. Lakin biz enerji keçidinin rasional şəkildə həyata keçirilməsi barədə düşünməliyik.

banner

Oxşar Xəbərlər