“Mən o qocalardan deyiləm ki...” - MƏKTƏBDƏ
Xalq şairi Ramiz Rövşən: “Şair olmayanlar bəzən şairlərdən daha romantik olurlar. Sadəcə şairlər hisslərini ifadə edə bilirlər, onlar yox. Siz də mənim üçün şairlərdən az maraqlı deyilsiniz. Əgər sizin də daxilinizdə şeir, sənət, poeziya sevgisi varsa, bu duyğuları inkişaf etdirməyinizi tövsiyə edirəm”.
“Siz şeirlərdən, sətirlərdən, misralardan bir məbəd yaratmısınız. Bu məbədin sözləri qızıl kərpiclərdir. Yer üzündə olan insanların, göydəki ulduzların sayı var, ancaq sizin fikir dünyanızın sayı-hesabı yoxdur. Siz sevilmisiniz, ürəkləri fəth etmisiniz. Sizin şeirləriniz ruhu təmizləyir, mənəvi dünyamıza rəng qatır. Ona görə bu gün gələcəkdə inamlı addımlar atacaq şagirdlərin yanındasınız. Onlar sizin fikirlərinizlə böyüyürlər. Sabunçu rayonunun Savalan qəsəbəsindəki 28 saylı tam orta məktəbin şagird və müəllim kollektivi bu günü heç vaxt unutmayacaq!”
Bakı Şəhər Təhsil İdarəsi ilə “Kaspi” qəzetinin birgə layihəsi olan “Məktəbdə” qonaq olarkən Xalq şairi Ramiz Rövşən bu isti sözlərlə qarşılandı.
Şeirlərimdə demək istədiyim...
Ramiz Rövşən məktəbə qucaq dolu şeirləri, sevgi dolu ürəyi, uşaqlar üçün yazdığı yeni kitabları ilə qonaq gəldi. “Gözəl uşaqları görəndə adam özünü daha yaxşı hiss edir. 70 yaşdan sonra uşaq şeirləri yazmağa başladım. Bəlkə də bu qədər yaşamağımın səbəbi budur. Bütün uşaqlar dahidir. Evdə nəvələrimi görürəm. Onlar məndən istedadlıdırlar. Onların təxəyyülü çox genişdir. Uşaqlar bəzi məqamlarda bizdən də dərin düşünürlər”, - deyə şair söylədi.
Xalq şairi özünün məktəb illərini, şer yazmağa başladığı vaxtları xatırladı: “Bülbülədə 79 nömrəli məktəbdə oxumuşam. Bu, Nardaran orta məktəbi idi. İbtidai sinifdə Raziyə müəllimə Ana dili dərsində bizə on isim verib “hər ismə cümlə yazın” dedi. Mən cümlələri yazanda qafiyələndi. Raziyə müəllimə mənim cavabıma nəzər salıb “bu şeirdir” söylədi. O, şeiri çap olunmağa göndərdi. Bundan sonra mənim çoxlu şeirlərim çap olundu. Azərbaycanda televiziya açılanda mən 3 ya 4-cü sinifdə oxuyurdum. Mən o verilişdə şeir demişəm. Verilişin aparıcısı rəhmətlik Ramiz Əzizbəyli idi. Həmin verilişdən sonra mənə məktublar gəlirdi. Bu, mənim üçün xoşbəxt an idi.
Sonra 208 nömrəli məktəbdə oxudum. O məktəbdə də, universitetdə oxuyanda da şeir yazırdım. Mənə görə, şeir insan ruhunun ifadəsidir. Ümumən ədəbiyyatımızın şeirə verdiyi dərs sevgi dərsidir. Hər insan özü kimi yaxınlarını da sevməlidir. Özünü sevməyən başqasını sevə bilməz. Mənim də şeirlərimdə demək istədiyim budur. Poeziya ilə şeirin ən böyük məqsədi insanı həyatla və ölümlə barışdırmaqdır”.
“Virtual aləm insanı real həyatdan ayırır”
“Sizin məktəb illərinizlə indiki təhsilalanlar arasında ən böyük fərqi nədə görürsünüz? Ən çox dəyişən nədir?”, - deyə şagirdlərdən biri qonaqdan soruşdu. “İndi də oxuyan uşaqları görürəm. Bizim dövrdə də oxuyanlar vardı. Sadəcə, dövr başqa idi. O vaxt biz informasiyanı almağa cəhd edirdik, mənbələr axtarırdıq, amma sizin bu probleminiz yoxdur. Biz boş vaxtlarımızda uşaqlarla oynayırdıq. Filmə, tamaşaya baxmağa gedirdik. Amma indi uşaqların hamısı virtual aləmdədir. İnternet hamını öz aləminə cəlb edib. Siz bu informasiyaların içində müstəqilliyinizi saxlamağa çalışmalısınız. Çox istərdim ki, boş vaxtlarınızda muzeylərə, gəzintiyə gedəsiniz, kitab oxuyasınız, insanlarla ünsiyyətdə olasınız. Virtual aləm insanı real həyatdan ayırır. Çalışın fərqli, müstəqil düşünməyi öyrənin. Bu, sizə müstəqillik verəcək. Mən uşaqlarımızla fəxr edirəm. Mən o qocalardan deyiləm ki, “biz daha yaxşı idik” deyim”, - şair səmimiyyətlə cavab verdi.
Əgər sizin də daxilinizdə poeziya sevgisi varsa...
“Maraqlıdır, sair dostlarınızla birlikdə olanda söhbətləriniz yalnız seirdən, ədəbiyyatdan olur, yoxsa başqa mövzuları da müzakirə edirsiniz?” sualını maraqla ünvanlayan şagirdə “Mənim dostlarımın əksəriyyəti şairlər deyil”, - deyə R.Rövşən bildirdi: “Bir məşhur film bəstəkarından “Niyə bəstəkarlarla yox, iş adamları ilə oturursan?” soruşublar. O da “Mən iş adamları ilə oturanda hamısı musiqidən danışır, bəstəkarlarla oturanda ancaq puldan danışırlar” cavabını verib. Mən də şair və yazıçılarla oturanda şeirdən danışmağımız yadıma gəlmir. Mən hər insandan nəsə alıram. Bəzən bir qatarda yol gəldiyim adam mənə 100 kitabdan artıq qida verib. Şair olmayanlar bəzən şairlərdən daha romantik olurlar. Sadəcə, şairlər hisslərini ifadə edə bilirlər, onlar yox. Siz də mənim üçün şairlərdən az maraqlı deyilsiniz. Əgər sizin də daxilinizdə şeir, sənət, poeziya sevgisi varsa, bu duyğuları inkişaf etdirməyinizi tövsiyə edirəm. Peşəkarlıq və istedad qoşa addımlayır. İstedad Allah vergisidir, peşəkarlıq isə bunu ortaya qoymaq bacarığıdır”.
Şagirdlər şairə tarixi zəfərimizlə bağlı sual ünvanladılar: “Sizcə Vətən müharibəsindəki qələbəmizin ifadəsi seir, nəsr nümunəsi, yoxsa hansısa film ssenarisi vasitəsilə mümkündür?” R.Rövşən qeyd etdi ki, Qarabağ müharibəsi ilə bağlı hələ çox əsərlər yazılacaq, filmlər çəkiləcək: “Mən bir dəfə demişdim ki, müharibədən çıxa bilsək, ədəbiyyatın öz yükü olacaq. Mən həm də kinossenaristəm. Yazdığım ssenarilər əsasında bir neçə bədii film çəkilib. Torpaqlarımızın işğaldan azad olması, xalqımızın, ordumuzun qəhrəmanlığı ilə bağlı ssenari yazmağı düşünürəm. Mənim qələbə ilə bağlı şeirlərim var. İndi bir kitab hazırlayıram. 3 müharibədən bəhs etdiyim, 90-cı illərdə çap olunan şeirlərimi yenidən çap edəcəm”.
Mənə görə şeir yazmağı atanlar
“Deyirlər ki, şairlər dünyanın dərdini çəkir. Ramiz Rövşən üçün ən böyük dünya dərdi nədir?” sualı verən şagirdə şair “Ən böyük xoşbəxtlik odur ki, səni başa düşsünlər” cavabı verdi: “Demək, ən böyük dərd də odur ki, səni başa düşmürlər. Mən özümü xoşbəxt sayıram ki, yazdıqlarımı hərə bir cür anlayır. Yəni yazdıqlarımın əks-sədası var. Şair üçün ən böyük xoşbəxtlik də budur”.
“Başqa sənət sahibləri, məsələn, həkim, müəllim, mühəndis də gözəl şeirlər yaza bilir. Belə çıxır ki, şairlik sənət yox, Allah vergisidir?” sualı şairi xeyli düşündürdü: “Başqa sənət sahibləri də şeir yaza bilərlər. Məsələn, mənim yaxın dostum Vaqif Bayatlı ixtisasca mühəndisdir. Amma dostum, akademik Rafiq Əliyev deyir ki, “mən də şeir yazırdım, amma sənin şeirlərini oxuyandan sonra atdım”. Mənə çox adamlar deyib ki, mənə görə şeir yazmaqdan əl çəkiblər. Onların hamısı məşhur adamlardır. Mahiyyət etibarilə şeir insana nizamlı düşünməyi öyrədir . Şeir insanın özünü ifadəetmə bacarığıdır”.
Əgər için azaddırsa...
Şagirdlərdən biri sualını şairin şeiri üzərində qurdu: “Gedək biz olmayan yerə” şerinizdə sonda deyirsiniz ki, “Bu Ramizi kim aparar, bu Ramiz olmayan yerə?!” Sizin olmağınız yer necə bir yerdir?”
Ramiz Rövşənin cavabı da çox maraqlı səsləndi: “Hamıya elə gəlir ki, onun olmadığı yer ən gözəl yerdir. Bir də səndən uzaq olan maraqlı yerlər var. Oradakılar üçünsə sən maraqlısan. Amma biz hara getsək, o düşüncəni, o əhval-ruhiyyəni özümüzlə aparırıq. Sən gedib mühiti dəyişə bilərsən, amma insanın içi azad olmalıdır. Əgər için azaddırsa, hər yerdə rahatsan”.
Şagirdlərdən biri elə şairin cavabına rəğmən növbəti sualı ünvanladı: “Özünüzü daha rahat ifadə etdiyiniz ortam necə bir yer olmalıdır?”
Ramiz Rövşən uşaqlara yaradıcılıq sirrini açdı: “Mən stol arxasında, qarşımda vərəq – oturub yazmağı təsəvvür eləmirəm. Kompüterdə oturub şeir yaza bilmərəm. Mən gəzməyi çox sevirəm. Son vaxtlar bir az ayağımda zədə oldu. Buna görə gəzməyimdə problem yarandı. Oğlum universitetdə müəllimdir. O deyir ki, mən bilirəm atamın hansı şeiri neçə addımdır. İndi çox gəzə bilmirəmsə, demək çox da yaza bilmirəm. İnsan bir iş görə-görə daha yaxşı düşünür, mən də gəzə-gəzə yazmaq istəyirəm”.
“Gələcəyi peşəkarlıqda və fədakarlıqda görürəm”
“Uşaqların gələcəyini necə görürsünüz?” sualına Ramiz Rövşənin tövsiyəsi səsləndi: “Pandemiya vaxtı mənim çoxlu onlayn görüşlərim oldu. Ailələrdə də oluram, əsgərlərlə də çox görüşürəm. Azərbaycanın gələcəyini peşəkarlıqda və fədakarlıqda görürəm. 44 günlük müharibə zamanı əsgərlərimizin fədakarlığını gördüm. Onların qəhrəmanlığına heyran oldum. Bu qəhrəmanlıq və fədakarlıq olmasaydı, torpaqlarımızı işğaldan azad edə bilməzdik. Gənclərimiz fədakar olmalı və peşəkar yetişməlidirlər. Vətənin inkişafına belə nail olmaq olar. Bir şey haqqında hər şeyi bilmək lazımdır. Bu, bir sahə haqqında hər şeyi bilmək, peşəkarlıqdır. İstəyirəm uşaqlarımız geniş məlumatlı olsunlar. Çox istedadlı cavanlarımız var. Mən inanıram, Azərbaycandan elə istedadlar çıxacaq ki, biz onları tanıdığımıza görə xoşbəxt olacağıq”.
“Məktəbdə” şagirdlər şairin köhnə və yeni şeirlərindən söylədilər. Sözlərinə yazılmış mahnıları ifa etdilər. Həyat, sevgi, Vətən, ayrılıqdan bəhs edən şeirləri şair də, auditoriya da böyük maraqla dinlədi. Şair rövnəqləndi: “Bu uşaqların söylədikləri ağır şeirlərdir. Onları böyük zövqlə və duyğuyla səsləndirdilər. Uşaqlar sanki bu şeirləri yaşadılar. Mən belə gözləmirdim. Ona görə gələndə onlar üçün uşaq kitabları gətirmişdim...”
Təranə Məhərrəmova