çərşənbə axşamı, 05 iyul, 22:01

Baku Bakı 30°C

Əməkhaqları, pensiyalar ARTIRILACAQ

icon 724 icon 11 iyun 2022 | 03:00 Əməkhaqları, pensiyalar ARTIRILACAQ

Millət vəkilləri deyirlər ki, daxilolmalar artdığı üçün büdcə gəlirləri xeyli çoxalıb. Azərbaycanın hazırkı iqtisadi vəziyyəti, ortamüddətli sosial-iqtisadi proqnoz göstəriciləri, büdcə gəlirlərinin nəzərdə tutulandan daha çox icra olunması və büdcədə yaranmış əhəmiyyətli profisit büdcə parametrlərinin dürüstləşdirilməsini zəruri edir.

Prezident İlham Əliyev iqtisadiyyatda müsbət nəticələri nəzərə alaraq 2022-ci ilin dövlət büdcəsinə əlavələr edilməsi ilə bağlı Nazirlər Kabinetinə tapşırıqlar verib. Bu tapşırıqlardan irəli gələrək Baş nazir Əli Əsədovun sədrliyi ilə İqtisadi Şuranın növbəti iclası keçirilib. İclasda cari ilin ötən dövrü üzrə iqtisadi vəziyyət, ortamüddətli sosial-iqtisadi proqnoz göstəriciləri, büdcə gəlirlərinin nəzərdə tutulandan daha çox icra olunması, 2022-ci ilin dövlət büdcəsinə yenidən baxılması (dürüstləşmə) və digər cari məsələlər geniş müzakirə olunub. 2022-ci ilin dövlət büdcəsinə əlavə düzəlişlər hazırlanaraq baxılması üçün Prezidentə təqdim olunması ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Büdcə ödənişləri əhəmiyyətli dərəcədə artıb

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov “Kaspi” qəzetinə açıqlamasında bildirib ki, 2022-ci ilin büdcə layihəsinə düzəlişlər mövcud inkişaf tələblərindən meydana çıxıb. Onun sözlərinə görə, yaxın günlərdə büdcəyə düzəlişlər layihəsi parlamentə daxil olacaq: “2022-ci ildə dövlət büdcəsi qəbul edilərkən ölkəmizin mühüm dövlət konsepsiyaları, xüsusilə də yeni çağırışları özündə əks etdirən “Azərbaycan 2030: Sosial-iqtisadi İnkişafa dair Milli Prioritetlər” sənədinə əsaslanmışdı. Həmin çağırışlardan irəli gələn tələblərə əsasən, ölkəmizin qarşısında yeni inkişaf meyarları meydana çıxıb və büdcə siyasəti ilə bağlı da yeni tələblər aktuallaşıb. Ölkə iqtisadiyyatının bərpası prosesinin sürətləndirilməsi inkişaf göstəricilərini də artırmaqdadır. 2022-ci ilin yanvar-aprel aylarında ölkəmizdə 39,5 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz çoxdur. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,2 faiz, qeyri neft-qaz sektorunda isə 11,4 faiz artıb. Bu o deməkdir ki, iqtisadi inkişaf göstəricilərimizin artması mövcud maliyyə imkanlarımızı da genişləndirib. Ötən 4 ayda vergi və gömrük orqanlarının büdcəyə ödənişləri əhəmiyyətli dərəcədə artıb. Cari ilin yanvar-aprel ayları ərzində vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 55,2 faiz artaraq 5 milyard 35,4 milyon manat təşkil edib və proqnoz 150,5 faiz səviyyəsində icra olunub”.

Xəzinə qalığı yaranıb

Deputat deyib ki, cari ilin ötən dövrü ərzində büdcəyə əlavə 1,1 milyard manat vəsait köçürülüb: “Dövlət Gömrük Komitəsi tərəfindən də ötən 4 ayda büdcəyə 1,6 milyard manatdan çox vəsait köçürülüb ki, bu, nəzərdə tutulan proqnozdan, təxminən 300 milyon manat çoxdur. Bundan başqa, büdcəyə digər orqanlar tərəfindən daxilolmalar artıb və nəticədə büdcə gəlirləri xeyli çoxalıb. Dövlət büdcəsinə Neft Fondunun transferləri nəzərə alındıqda 2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 10 milyard 688 milyon manat təşkil edib. Bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə, təqribən 2,4 milyard manat və ya 30 faizə yaxın artım deməkdir. Büdcə xərcləri tam təmin edildikdən sonra xəzinə qalığı yaranıb. Beləliklə, Azərbaycanın hazırkı iqtisadi vəziyyəti, ortamüddətli sosial-iqtisadi proqnoz göstəriciləri, büdcə gəlirlərinin nəzərdə tutulandan daha çox icra olunması və büdcədə yaranmış əhəmiyyətli profisit büdcə parametrlərinin dürüstləşdirilməsini zəruri edir”.

İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması

A.Hüseynov qeyd edib ki, büdcədə yaranmış əlavə vəsaitlər ölkəmizin iqtisadi və hərbi qüdrətinin artırılmasına, işğaldan azad edilmiş ərazilərdə böyük qayıdışın təmin edilməsinə, həmçinin sosial rifahın yaxşılaşdırılması ilə bağlı əsas prioritet xərc istiqamətlərinə yönəldilə bilər. “Mövcud büdcə layihəsində azad edilmiş ərazilərin bərpasına 2,2 milyard manat ayrılıb. Reallıq isə budur ki, həmin tədbirlərin miqyasının artması əlavə xərclər tələb edir. Ona görə də, büdcəyə dəyişiklik zamanı ilk olaraq işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasına əlavə vəsaitlərin ayrılması istisna olunmur. Həmçinin, Ermənistanla sərhəddə yeni infrastrukturların yaradılması, ordumuzun müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi məqsədilə müdafiə sahəsinə dövlət büdcəsi xərclərinin artırılması mümkün ola bilər. Sosial müdafiə sahəsində xərclərin də artımı mümkündür”.

Sosial infrastruktur yenidən qurulur

Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Azər Badamov 2022-ci ilin dövlət büdcəsində neftin qiymətinin 50 dollardan nəzərdə tutulduğunu, hazırda isə dünya bazarlarında Azərbaycan neftinin qiymətinin 120 dollardan yuxarı olmasına diqqət çəkib. Bildirib ki, Azərbaycanda aparılan düzgün iqtisadi siyasət nəticəsində dövlət büdcəsi qeyri-neft gəlirlərini də artırıb: “Gəlirlərin artması dövlət büdcəsinə yenidən baxılmasını aktuallaşdrır. Ola bilsin ki, dünyada baş verən siyasi proseslərin mənzərəsinin dəyişməsi neftin bazar qiymətlərinə öz təsirini göstərsin, yenidən aşağı ensin. Ona görə də dövlət büdcəsinə yenidən baxılanda bu riskli vəziyyətlər nəzərə alınmalıdır. Gəlirlər hissəsinin artması paralel olaraq xərclər hissəsinə də yenidən baxılmasını aktual edir. Dövlət büdcəsinin xərclər bölümündə, ilk növbədə işğaldan azad olunmuş ərazilərə ayrılan vəsaitlər artırılmalıdır. Çünki bu ərazilərdə bütün yaşayış məntəqələri və sosial infrastruktur yenidən qurulur”.

Əhalinin sosial rifahının yaxşılaşdırılması

Millət vəkili “Kaspi”yə söyləyib ki, regionlarda icra olunan dövlət investisiya proqramlarının davam etdirilməsi üçün də əlavə vəsaitə ehtiyac var: “Məktəb və səhiyyə müəssisələrinin tikintisi aktualdır. Bu və digər istiqamətdə icra olunmalı sosial infrastruktur layihələrin icrasının davam etdirilməsi üçün büdcə xərclərində artıma ehtiyac var. Digər bir istiqamət əhalinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı layihələrdir.  Biz bilirik ki, bu gün dünya bazarlarında baş verən qiymət artımları daxili bazarımıza öz təsirini göstərib. Qiymət artımlarının vətəndaşların sosial rifahına təsirlərinin minimuma endirilməsi  üçün əmək haqlarının, pensiyaların və digər sosial ödənişlərin həcminin artırılmasına ehtiyac var. Yəni dövlət büdcəsinin gəlirlərinin nə qədər artıra biləcəyimizdən asılı olaraq, qeyd etdiyim istiqamətlərə əlavə maliyyənin ayrılması aktualdır. Hesab edirəm ki, dövlət büdcəsinə yenidən baxılanda bu məsələlər öndə olacaq”.

Rufik İSMAYILOV