Maşın bazarında mövqe dəyişikliyi

Maşın bazarında ənənəvi tendensiya dəyişir. Gürcüstandan gətirilən “ikinci əl” maşınlar hakim mövqelərini sürətli şəkildə itirirlər. Ekspertlər bazardakı mövqe dəyişikliyinin mənfi və müsbət tərəflərini açıqlayırlar.
Ötən il Gürcüstandan Azərbaycana 290 milyon ABŞ dolları dəyərində 12 min 849 ədəd avtomobil ixrac edilib. Bu, 2023-cü ilin göstəricisindən dəyər ifadəsində 34 faiz, kəmiyyət olaraq 43 faiz azdır. Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi ölkələr sırasında üçüncü yerdə qərarlaşıb. Statistikadan da göründüyü kimi, əgər əvvəllər ölkəmizə daha çox Gürcüstan vasitəsilə ikinci əl maşınlar gətirilirdisə, indi vəziyyət dəyişib. Bəs bu dəyişikliyin hansı müsbət və mənfi təsirləri var?
“Həm komfortlu, həm də ucuz”
Nəqliyyat eksperti Yasin Mustafayevin sözlərinə görə, insanların Gürcüstandan idxal edilən avtomobillərdən imtina etməsi üçün əsaslı səbəblər var: “Elektrikli avtomobillərə keçid dövrün tələbidir. Əvvəl Avropadan, ABŞ-dən gətirilən avtomobillərə tələbat var idi. Onlar da Gürcüstan üzərindən gətirilirdi. İndi avtomobillərin buraxılış ilinə qoyulan məhdudiyyətlər, həm də son dövrlər Çin avtomobillərinin daha cəlbedici olması səbəbindən əsas ağırlıq Çin və Koreya avtomobillərinə keçib. Gürcüstan bazarı əhəmiyyətini itirməkdə davam edir. Avropa və ABŞ maşınları Çin avtomobilləri ilə rəqabətə davam gətirə bilməyəcək. Çünki həmin ölkələrdə avtomobil istehsalçıları keyfiyyəti, modeli yenilədikcə, qiyməti də artırırlar. Amma Çin maşınlarında belə deyil. Onlarda qarşıya qoyduqları prioritet keyfiyyəti, komfortu artırmaq, qiyməti isə mümkün qədər münasib saxlamaqdır. Belə olan halda insanlar Çin avtomobillərinə yönəlir. Əvvəllər biz Gürcüstandan gələn avtomobilləri münasib olduğu üçün seçirdiksə, indi Çin maşınlarını da münasib qiymətə gətirə bilirik”.
Ehtiyat hissələri problemi
Çin və Koreyadan gətirilən avtomobillərə maraq artsa da, vətəndaşlar həmin avtomobillərin ehtiyat hissələrinin tapılmamasından şikayətçidirlər. Ekspert düşünür ki, bu məsələ də tezliklə öz həllini tapacaq: “Hazırda Çindən gələn avtomobillərin ehtiyat hissələri ilə bağlı müəyyən çətinliklər var. Bunun da səbəbi hələ bazara yeni daxil olmalarıdır. Müəyyən vaxt keçdikdən sonra onların da ehtiyat hissələri ölkəmizə gətiriləcək. Çin avtomobillərinin modelləri çox tez-tez dəyişir. Yeni modellər çıxdıqca, köhnələrinin istehsalı dayanır. Bu da ehtiyat hissələrinin gətirilməsində müəyyən çətinliklər yaradır. Amma hibrid və elektromobillərin köhnə maşınlar kimi tez-tez təmirə ehtiyacı olmur. Hələ ki, yenidirlər, ehtiyat hissələri daxili yanma mühərriklilərdən daha azdır. Bu da o avtomobilləri daha cəlbedici edir”.
Köhnə avtomobil qiymətinə yenisini alırlar
“Avtomobil Dilerləri Assosiasiyası" İctimai Birliyinin icraçı direktoru, avtomobil bazarı üzrə ekspert Eyyub Əliyevin sözlərinə görə, gələcəkdə Gürcüstandan maşın idxalı dayandırıla da bilər: “Gürcüstandan köhnə maşınları insanlar özləri alıb gətirirdilər. Hazırda sərhəd bağlıdır. Artıq oradan avtomobil gətirmək həm daha çox xərc tələb edir, həm də vaxt itkisidir. Avtomobil almaq istəyən vətəndaş da hesablayır ki, elə üzərinə bir az da məbləğ qoysa, yeni avtomobil ala bilər. Ölkəmizdə avtomobil sahəsində böyük islahatlar gedir. Yeni elektrikli və hibrid avtomobillər vergi və ƏDV-dən azaddır. İnsanlar da düşünürlər ki, yeni maşınlar bu qədər sərfəlidirsə, niyə köhnə maşın gətirim?”
E.Əliyevin sözlərinə görə, artıq bir müddətdir yaşı 10 ildən artıq olan avtomobillərin ölkəyə gətirilməsinə qadağa qoyulub. Bu amil də Gürcüstandan gələn avtomobillərin sayını azaldır. Gələcəkdə bu müddət yaşı beş ilə qədər olan avtomobillərə endirilsə, həmin Gürcüstandan gələn avtomobillərdən tamamilə imtina etməli olacağıq.
E.Əliyevin fikrincə, işlənmiş, yararsız avtomobillərdənsə, yerli və yeni maşınlar daha sərfəlidir: “Gürcüstana əsasən Avropa, ABŞ-dən köhnə, yararsız avtomobillər gətirilir, orada emal edilir, sonra isə müxtəlif ölkələrə satışa çıxarılır. Gürcüstandan gətirilən avtomobillər əksər hallarda problemli olub. Hətta dəfələrlə bu avtomobillərin qəza vaxtı ikiyə bölünməsi halları ilə də qarşılaşa bilirik. Baxdıqda görünür ki, bir neçə avtomobil hissələrindən ərsəyə gəlmiş maşınlardır. Tövsiyə edirəm ki, insanlar köhnə yox, yeni avtomobil alsınlar. Yerli, yeni avtomobil almaq daha güvənli və keyfiyyətlidir”.
Ekspert deyir ki, artıq insanlar yerli maşın almağı üstün tuturlar: “Əvvəl yerli istehsal yalnız bir marka üzrə olurdu. Bu səbəbdən də insanlar almırdı. Amma artıq müxtəlif marka və modellər mövcuddur. Artıq insanlar zövqlərinə və büdcələrinə uyğun modelləri seçə bilirlər”.
“Qeyri-rəsmi satıcılardan uzaq durun”
E.Əliyev Koreya və Çindən gələn avtomobillərə artan marağın doğurduğu mənfi tendensiyalara da toxundu: “Onların Azərbaycanda 20-dən çox rəsmi distributoru var. Müxtəlif qiymətlərdə Çin avtomobilləri mövcuddur. Lakin Çin avtomobilləri qeyri-rəsmi şəkildə də idxal edilir. Hətta qeyri-rəsmi olduğu üçün insanları aldada da bilirlər. Bəzən sifariş olunan maşınlar gəlmir”.
Müsahibimiz məsləhət gördü ki, insanlar Çin avtomobilləri alarkən qeyri-rəsmi idxal edilən avtomobillərdən uzaq dursunlar: “Çin avtomobilləri rəsmi servisdə 30 min manatdırsa, qeyri-rəsmi 25-26 minədir. Ucuz olsa da, sonradan problemlər yaranır. Çinin daxili bazarı üçün olan avtomobillərdir. Onların sonradan texniki, zəmanət tərəfləri var. Qeyri-rəsmi idxal nə zəmanət verir, nə ehtiyat hissələrini tapmaq olur”.
Zərif Salmanlı
